26 fevral 2024 23:35
381

Həqiqətlərə kor olmaq Əli Kərimlinin xislətidir

Onun Azərbaycanın uğurlarına sevinə bilməmək rəzilliyi nə qədər davam edəcək?

Bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran AXCP sədri Əli Kərimli hələ də ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində yüksək postda təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməklə siiyasi səhnəni zəbt etməyə çalışırlar. Əslində Əli Kərimlinin qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir xaraktersizin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması bu antimilli ünsürün sosial şəbəkələrd ki, statuslarından da aydın şəkildə görünür. O, yazır: «Xocalı soyqırımının 32-ci ildönümüdür. Xocalının və bütövlükdə Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi əlbəttə ki, bizə müəyyən təsəllidir. Ancaq Xocalı və bütövlükdə Qarabağ torpaqları 366-cı alayın varisi olan işğalçı Rusiya ordusundan da təmizlənməlidir.» 

Görün bu adamın siyasi analitik düşüncəsi nə qədər aşağıdır ki, Rusiya sülhməramlılarının Qarabağ iqtisadi zonasındakı mövcudluğunun formal olmasını hələ də dərk etmir. O, anlamır ki, artıq həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Ordusu mövcuddur və dövlətimiz işğaldan azad edilmiş bütün rayonlarda öz iradəsini həyata keçirir. Eyni zamanda o, anlamaq istəmir ki, Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk etmək barədə Azərbaycan dövləti qarşısında öhdəliyi var. Yəni, bu proses sırf bizim ölkənin istəyindən asılıdır.

Bəli, bu gün bütün Azərbaycan və onun dostları rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini tarixi Zəfərlə başa vurmasını, bu prosesin davamı olaraq 2023-cü ilin senytyabrın 20 –də isə Qarabağ iqtisadi rayonunda separatçı-terrorçulara qarşı həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində xuntanın birdəfəlik məhv edilməsini bayram edərkən bu adam hələ də dağıdıcı müxalifətçilik oyunları ilə baş qatır. Onun antimilli xislətinə rəğmən bildirmək istəyirik ki, Xocalı soyqırımının 32-ci ildönümündə Ali Baş Komandan xocalılarla birgə şəhidlərimizin xatirəsini məhz erməni vandallarından təmizlənmiş Xocalıda yad edib. Bu, bir tarixi hadisədir. Lakin Əli Kərimli kimi antmilli ünsürlər bu tarixi hadisədən qürurlana bilmirlər. Ona görə ki, xislətləri şər və böhtanla yoğrulub.

Görünən odur ki, daxildə Əli Kərimli və dəstəsi, xaricdə isə ermənipərəst qüvvələr böhtan və qara piar kampaniyaları ilə ətrafımızda hörümçək toru qurmağa çalışırlar ki, növbəti uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, onun Azərbaycanın geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək həddinə çatıb

Qeyd edək ki, o, statusunda mövcud iqtidarı dəfələrlə «rejim» adlandırmaqla açıq-aşkar ermənilərin çaldığı havaya oynayır. Məğlub və aciz haylar da bu gün dünyaya Əli Kərimli kimi böhtan püskürərək qanuni Azərbaycan hakimiyyətini «rejim» adlandırırlar. Bununla da ölkəmizin demokratik imicinə, qalib və qətiyyətli xarakterinə kölgə salmağa çalışırlar.

Artıq 23 ildir ki, AXCP-nin sədri postunu zəbt edən bu özündənrazı «siyasətçi» imkan vermir ki, oradakı gənclərdən biri irəli çıxıb, özünün siyasi fəaliyyətində fərqlənsin. Bəli, bu gün Əli Kərimli nəinki AXCP-ni, ümumilikdə müxalifəti inhisarına alıb. O, bu düşərgədə haqq söz deyənləri, konstruktif müxalifətçiliyə meyil edənləri sıxışdıraraq elə bir aciz duruma salır ki, onlar da ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Bu gün AXCP yeganə dağıdıcı müxalifət partiyasıdır ki, orada hökm sürən antidemokratik mühit gənclərin siyasi fəaliyyətini tamamilə iflic edib. Ona görə də indi bu partiyanı əbləh və gerizəkalı qocalar yığnağı da adlandırırlar. O da məlumdur ki, nə qədər AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Elçin Zaman, «İki sahil»