27 fevral 2024 02:58
462

Azərbaycan xalqının çin arzuları

Dövlət başçısı İlham Əliyevin ötən il Xocalıda, Xankəndidə, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması ilə ölkəmizin həyatında yeni dövr başladı

XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsindən 32 il keçdi. Soyqırımından 32 il sonra azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın dəmir yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir. «Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur. Ən əsası sonda zəfər çalan yalan üzərində qurulan siyasət deyil, real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatdır. Azərbaycanın döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində üstünlük qazanmasında məhz bu siyasətimiz əhəmiyyətli rol oynadı.

Xocalı faciəsi sağalmayan yaramızdır. Bunu unutmağa heç kəsin haqqı yoxdur. Bu faciə xalqımızın nə qədər yenilməz, məğrur olduğunu, yaşadıqlarına rəğmən sınmadığını, gələcəyə böyük inamla yanaşdığını nümayiş etdirdi. Ordumuzun şanlı qələbəsi sayəsində biz tariximizin tamamilə fərqli bir anını yaşayırıq. Bu Qələbə dövlətimizin və xalqımızın qarşısında yeni imkanlar açır, Bu Zəfər faciələrimizi, zaman-zaman ermənilərin və onlara havadarlıq edən dövlətlərin dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirilən soyqırımı və deportasiyanı unutdurmur, ona yeni məzmun və dəyər gətirir. Bu gün Xocalı soyqırımı bəşəri dəyərlərə edilmiş amansız qəsd kimi dəyərləndirilir. Xocalı faciəsi yaddaşımızda daim sağalmaz yara kimi yer alıb və alacaq. Qeyd etdiyimiz kimi, bu yaralar bizi ruhdan salmadı, daha mübariz olduq, torpaqlarımızı işğaldan azad etmək üçün bütün səylərimizi səfərbər etdik.

32 il zaman baxımından o qədər də böyük görünməsə də Azərbaycanın yaşadıqları qəhrəmanlıq dolu, həmçinin faciəli məqamlar baxımından zəngin bir dövrdür. Xocalı faciəsinin ildönümü bizləri bir daha həmin dövrü yada salmağı, Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarını geniş təhlil etməyi bir zərurət kimi qarşıya qoyur.

Azərbaycan dövləti 30 illik işğal dövründə dünyadan ədalət gözlədi. 44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident-ordu birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlətimizin başçısı nəyi nə zaman və necə etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. Son 20 ildən artıq dövrdə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. Adını tarixə Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi yazdıran dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunan Zəfər paradındakı çıxışında bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik.

Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərini nəzərə alsaq, Azərbaycan hər iki istiqamətdə böyük uğurlara imza atdı. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapdı. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe gözlədi, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllinə çalışdı. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «Artıq yetər!» söyləyib «Azərbaycan əsgəri, irəli!» əmri verildi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibənin gedişində özünün aydın mənzərəsini yaratdı.

“Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.» Dövlət başçısı İlham Əliyev 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin hər biri gələcək illərdə Vətən müharibəsi ilə bağlı reallıqların öyrənilməsində zəngin mənbədir. Prezident İlham Əliyev, eyni zamanda, müharibənin gedişi dövründə Ona ən çox təsir edən, kədərləndirən və ən çox sevindirən məqamlara da aydınlıq gətirdi. Bildirdi ki, ən çox kədərləndirən itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir: «Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan?... Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.»

Prezident İlham Əliyev müharibənin Azərbaycanın Qələbəsi ilə başa çatacağına tam əmin idi. Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Ona görə hər bir müsahibəsində müharibədən sonrakı dövrdə görüləcək işlərdən bəhs etdi, Azərbaycanın gələcəyini necə gördüyünü açıqladı. Dövlətimizin başçısı hələ 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə ölkəmizin gələcəyinin çox parlaq olacağını böyük əminliklə qeyd etdi. Bildirdi ki, son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaq, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. İşğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq: «Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.»

Cənab İlham Əliyevin ölkəmizin gələcəyi ilə bağlı söylədiyi fikirlərin hər biri reallıqda öz əksini tapdı. Azərbaycanın döyüş meydanında qələbəsi 10 noyabr Bəyanatının imzalanmasını, ölkəmizin siyasi qələbəsini şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin bu münasibətlə xalqa müraciətində qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək.

Artıq göründüyü kimi, tarixi Zəfərimizdən sonrakı dövrü isə cənab İlham Əliyev bu ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində belə xarakterizə etmişdir ki, əsas vəzifəni bir neçə ay bundan əvvəl həll, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü, məqsədə hesablanmış, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi. 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə oldu, Azərbaycan Bayrağını ucaltdı. Xankəndidə Bayrağı ucaltdıqdan sonra xalqa müraciətində bu əminliyi ifadə etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Azərbaycan bu gün diktə edən tərəf kimi yeni reallıqlar yaradıb. Prezident İlham Əliyev bildirir ki, müharibə arxada qaldı. Müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq.

Bu gün hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, müzəffər xalqın övladlarıdır, nümayəndələridir: «Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!»

Qısa təhlil Xocalı soyqırımından Zəfərə doğru keçilən yolun nə qədər şərəfli, eyni zamanda, mübarizələrlə dolu olduğunu nümayiş etdirdi. Soyqırımından Zəfərə yol açan əsas amil xalqımızın torpaq, Vətən sevgisi, Prezidentin ətrafında sıx birliyidir. Dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümünü məhz bu torpaqda qeyd etməsi, Xocalı ictimaiyyəti nümayəndələri ilə görüşü, onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanışlıq, həmçinin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə Xankəndi şəhərində olması bir daha Xalq-Prezident birliyinin təqdimatı oldu. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalıya qayıdış sevincini xalqımızla paylaşmaq istəyinin göstəricisidir. Cənab İlham Əliyevin Xocalıya səfəri çərçivəsində Xocalı soyqırımı memorialının təməli qoyuldu. Bu, Xocalı faciəsi ilə bağlü bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

Prezident İlham Əliyevin bu gün Xocalıda, Xankəndidə ictimaiyyət nümayəndələri ilə görüşü, geniş miqyas alan bərpa-quruculuq işləri ilə tanışlığı ümumilikdə ötən il Xankəndidən böyük qürur hissi ilə səsləndirdiyi «Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik» fikirlərinin təsdiqi və təqdimatı oldu. Dövlət başçısının bu məkanlarda hər bir görüşü, çıxışı gələcəklə bağlı çağırışlarla zəngindir.

Yeganə Əliyeva, «İki sahil»