24 fevral 2024 11:53
704

Hərbi əməkdaşlıqda yeni mərhələ

Dərin tarixi köklərə və zəngin ənənələrə malik Türkiyə-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olmuşdur. 28 may 1918-ci ildə yeni yaranmış Azərbaycan Xalq Cumhuriyyətinin köməyinə yetişən ilk dövlət də Türkiyə olmuşdur. Türkiyənin Birinci Dünya müharibəsində məğlubiyyəti əlaqələrimizin daha da dərinləşdirilməsinə mane oldu. Qardaş xalqlarımız arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olsa da, qeyd edək ki, Azərbaycan-Türkiyə əlaqələri heç zaman indiki qədər güclü olmamışdır. Bu əlaqələr bir sahə ilə məhdudlaşmayıb, demək olar ki, bütün sahələri-siyasi, iqtisadi, hərbi, mədəni, elmi, sosial, təhsil və s. sahələri əhatə edir. Mövcud əlaqələrin kökündə həm xalqlarımızın, həm də dövlət başçılarımızın qardaşlığı dayanır ki, bu da dövlətlərarası münasibətlərə öz müsbət təsirini göstərir. 2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması bu münasibətlərin yeni müstəviyə qalxmasını və əlaqələrin strateji müttəfiqlik xarakteri daşımasını şərtləndirdi. 2023-cü ilin may ayında Türkiyədə keçirilmiş Prezident seçkilərində qalib olan Rəcəb Tayyip Ərdoğan ilk səfərlərindən birini məhz Azərbaycana etdi. Eynilə, Cənab Prezident İlham Əliyev də 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etdi. 19 fevral 2024-cü il tarixində baş tutan səfərdə hər iki dövlət başcısı mühüm açıqlamalar verdi. Sözsüz ki, Suşa Bəyannaməsinin imzalanmasından sonra əlaqələrimizin növbəti səhifəsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün önəm daşıyan beynəlxalq layihələrlə bağlıdır. Dövlət başçıları mətbuat konfransında  bu beynəlxalq layihələrin səməriliyinin artırılmasının vacibliyini xüsusi vurğuladılar.

İki qardaş dövlət arasında hərbi sahədə əməkdaşlıq sürətlə inkişaf edir və çox mühüm əhəmiyyət daşıyır. Ölkə başçımız Cənab İlham Əliyevin mətbuat konfransında vurğuladığı kimi, ordularımız bir yumruq kimi birləşib. Strateji müttəfiq olan ölkələrimiz arasında hər il keçirilən çoxsaylı hərbi təlimlər ordularımızın inteqrasiyasını daha da gücləndirir. 2023-cü ildə keçirilmiş ən böyük təlim “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimidir. Bu təlim azad edilmiş ərazilərdə, Naxçıvan Muxtar Respublikasında baş tutmuş, təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3 minədək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-ədək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası cəlb edilmişdir. Artıq Azərbaycan ordusu modelinin Türkiyə ordu modeli sisteminə keçidi uğurla yekunlaşıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri bunu bir daha sübut etdi.

Azərbaycan və Turkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq Vətən müharibəsindən xeyli əvvəl yaranmışdır. Qarşılıqlı yüksək səviyyəli səfərlərdə də ifadə edildiyi kimi, iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da şaxələndirilməsi üçün perspektivlər mövcuddur. Azərbaycanın hərbi  və digər müxtəlif sahələrdə inkişafı, coğrafi mövqeyini gücləndirməsi, eyni zamanda Türkiyənin güclənməsi deməkdir. İki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik ehtiyacları nəzərə alınmaqla, inkişaf etdirilməlidir.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi