23 fevral 2024 11:20
457

Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin qarantıdır

Azərbaycan – Türkiyə  ədalətin, beynəlxalq hüququn yanındadır və bütün məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına səy göstərirlər. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı səfərləri əsasında bu əlaqələr daha da möhkəmlənir, münasibətlərin gələcək inkişafına xidmət edən addımların atılması ilə yadda qalır. Fevralın 19-da növbəti dəfə dünyanın diqqəti bu birliyə, həmrəyliyə yönəldi. Belə ki, cənab İlham Əliyev ənənəyə uyğun olaraq prezident seçkilərindən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdi. Bu addım yalnız ölkələrimiz deyil, Prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətlərinin təqdimatı oldu. Cənab İlham Əliyevin fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inandığını diqqətə çatdırdı. Azərbaycan və Türkiyə bir millət, iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsində, inkişafında stimulverici amildir. Dövlət başçısı İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatlarında səsləndirdiyi “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” fikirləri iki qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin təqdimatı ilə yanaşı, regionda, dünyada önəminin təsdiqidir.

Səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub. Dövlət başçılarının görüşündə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunub. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanıb. Tarixi Zəfərimizdən sonra media sahəsində əməkdaşlığın qurulması bir çağırışa çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı hazırkı zamanda Ortaq Media Platformasının yaradılması vacib və əhəmiyyətli addım oldu. Hər bir ölkənin inkişafında gənclərin rolunu nəzərə alsaq onların təhsili xüsusilə diqqətdə olmalıdır. Azərbaycan-Türkiyə əlaqələrində təhsil sahəsi də diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin budəfəki səfəri çərçivəsində imzalanan üç sənəddən biri təhsillə bağlı oldu. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.

Qarşılıqlı səfərlər münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, imzalanan hər bir sənəd əlaqələrin inkişafına öz töhfəsini verir. Səfər çərçivəsində imzalanan sənədlərin hər biri birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Tarixi Zəfərimizdən bugünədək iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə yönələn qarşılıqlı səfərlərin say tərkibinə, atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu, bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir, bir-birlərinə dəstəklərini əsirgəmirlər. Qarşılıqlı etimad mühitinin mövcudluğu münasibətlərin dayanıqlı inkişafında öz sözünü deyir. Ötən ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq nümunəsi dünyanın diqqətində oldu. İlk andan “Qardaş Türkiyə, səninləyik!” şüarı bir çağırışa çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində keçirilən təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında Prezident İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqına ötən il baş verən zəlzələlər zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür etdi. Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulanıb. Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırılıb. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını deyib. Eyni zamanda iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın böyük perspektivləri var. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Ümumilikdə qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri