22 fevral 2024 23:39
393

Əsl qardaşlıq belə olar!

Fevralın 19-da Prezident İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etmişdir. Artıq ənənə halını almış belə qarşılıqlı səfərlər iki qardaş ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini sübut edir. Dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında dediyi kimi, bu, əcdadlarımızdan qalan bir ənənədir. Azərbaycan Prezidenti bu ənənəyə sadiqliyini bir daha nümayiş etdirdi.

Fevralın 7-də prezident seçkilərinin ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsinin tarixi önəm daşıdığını qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəticələrin qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını dilədi və bundan sonra da hər iki qardaş ölkənin vahid platformadan çıxış edəcəyini bildirdi.

Prezident İlham Əliyev qardaş Türkiyənin 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycana verdiyi siyasi-mənəvi dəstəyi növbəti dəfə qeyd etməklə ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin önəmini bir daha diqqət mərkəzinə çəkmiş oldu: “Türkiyənin bu gün dünya miqyasında söz sahibi olması və beynəlxalq nüfuzunun getdikcə daha da artması danılmaz reallıqdır.”

Cənab Prezident İlham Əliyevin dediyi kimi, hazırda dünyanın bir çox bölgələrində cərəyan edən qlobal əhəmiyyətli hadisələrin məhz hansı məcraya istiqamətlənəcəyi birbaşa Türkiyənin mövqeyindən də çox asılıdır. Əlbəttə ki, bu, türk dünyasına mənsub olan hər bir insanı son dərəcə sevindirir və qürurlandırır. Azərbaycan Türkiyənin bu uğurlarına öz uğurları kimi sevinir. Möhtərəm Prezidentimiz başçımız öz çıxışında 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində Türkiyənin ilk saatlardan sona qədər yanımızda olduğunu bir daha qeyd etdi. Bildirdi ki, Türkiyə Prezidentinin qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və onları hərbi münaqişəyə müdaxilə etməkdən çəkindirdi. Əlbəttə ki, bu siyasi-mənəvi dəstək Azərbaycanın 30 il davam edən işğala öz gücünə, cəmi 44 günə son qoymasında böyük rol oynadı.

Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında bir sıra vacib sənədlər imzalanmışdır. O cümlədən “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında imzalanan Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” birmənalı olaraq hər iki ölkənin təhsil sisteminin inkişafına böyük töhfələr verəcək. Dövlət başçımızın fevralın 19-da Ankarada mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu Anlaşma Memorandumu gələcəyə yönəlmiş təşəbbüsdür. Hər iki ölkənin gəncliyi həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında formalaşmalı, xalqlarımızın milli-mənəvi dəyərlərinə sadiq olmalı, yad təsirlərdən uzaq olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, həm də sadəcə olaraq, təhsil məsələsi deyil, eyni zamanda da iki qardaş xalqın birliyinin növbəti rəmzidir: “2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış və tarixə Şuşa Bəyannaməsi kimi düşmüş Müttəfiqlik münasibətləri haqqında bəyanat ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj olmuşdur. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu.

Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün Azərbaycan və Türkiyə öz gücünə güc qatır və bu bütün Türk dünyasının, Türk Dövlətləri Təşkilatının hər bir üzvünün güclənməsi deməkdir.

Mürvət Əsgərov,
Xətai rayonu Ağsaqqallar Şurasının sədri