23 fevral 2024 00:12
450

Sapı özümüzdən olan baltalar!

Azərbaycanda keçirilən 7 fevral prezident seçkilərinə hazırlığın ilk mərhələsindən sosial bazası olmayan radikal müxalifətin «boykot» taktikasını təkrarlaması «Köhnə hamam, köhnə tas» məsəlinə bənzəyir. Ölkəmizdə inkişafda olan demokratik islahatlara qara yaxmaq üçün «seçkilərdən əvvəl hər hansı diskussiyanın aparılmaması», «növbədənkənar seçkilərin təyin edilməsinin səbəblərinin xalqa izah edilməməsi» kimi absurd açıqlamaları, bəhanələri ilə yalan, böhtan maşınlarını işə salan AXCP sədri Əli Kərimli, «Milli Şura»nın səbatsız sədri Cəmil Həsənli, millilikdən uzaq «Şura»nın Koordinasiya Mərkəzinin üzvləri, Müsavat Partiyasının başkanı Arif Hacılı «siyasi məhbus», «sərbəst toplaşmaq, ifadə azadlığı» məsələlərini gündəmə gətirməyə çalışsalar da alınmadı. Xarici ölkələrin vicdan bazarlarında hərraca qoyduqları vətəndaşlıq məsuliyyətlərini xəyanətləri ilə əvəzləyən bu bataqlıq təfəkkürlü xəyanətkarların «seçkilərin Azərbaycanın bütün ərazisində keçirilmədiyi» barədəki sayıqlamaları isə heç bir əndazəyə sığışmayan vicdansızlığıdır.

Bu antimilli ünsürlər nə Vətən müharibəsindəki Zəfərimizə sevindlər, nə də Xankəndidə dalğalanan Azərbaycan Bayrağı ilə qürurlandılar. Azərbaycanın tam suverenliyinin qazanmasını həzm edə bilməyən ermənilər kimi düşünən bu səbatsızlar üçün yurd yeri məhfumu çoxdan arxaikləşib.

Seçkilərə hazırlığın təbliğat mərhələsində prezidentliyə namizədlərin platformalarını açıqlamaları üçün İctimai Televiziyada təşkil olunan debatları «izləməyən» milli xəyanətkarların Xankəndidəki seçki məntəqəsini görməmələri qeyri-mümkündür. Radikalların «namizədlərin platformalarını elektorata çatdırmaları, kütləvi görüşlərin keçirilməsi üçün lazımi imkanların yaradılmaması» bəhanələrinin də əsası yoxdur. Çünki özləri də bilirlər ki, televiziyanın auditoriyası qədər geniş məkan yoxdur. Yəni , bu bəhanə də əsassızdır. İnsan nə qədər kar, kor olmalıdır ki, 7 fevralda müşahidəçilərin belə etiraf etdikləri seçici fəallığını görməsin. Görməyinə görüblər, amma istədikləri mənzərənin şahidi olmadıqları üçün paxıllıqdan ürəkləri partlayır. Seçkidən sonra xarici müşahidəçilərin Azərbaycanda inkişafda olan demokratik islahatlar haqqında söylədikləri xoş sözlərdən ovqatları pozulan Əli Kərimli, «Milli Şura» və Müsavat Partiyasından ibarət «uç müşketyorlar» hələ də xarici ölkələrdə formalaşdırdıqları trolları, xəyanətkar sosial şəbəkə siçovulları vasitəsilə bu cür əsassız yalanlarını tirajlayırlar.

Yalanlarına həqiqət donu geyindirmək üçün ermənipərəst avropalı deputatlardan olan şvablara, şennaxlara istinad cəhdləri də özünü doğrultmadı. Bu cür çirkin təxribatlara real, əsaslı cavab 7 fevral seçkilərindən sonra Prezident İlham Əliyevin ünvanına gələn saysız-hesabsız təbrik məktublarıdır. Seçkiləri izləyən xarici müşahidəçilərin bəyanatlarında milli xəyanətkarlarımızdan fərqli olaraq Azərbaycanla bağlı söylədikləri xoş, səmimi sözlərdir. Bu günlərdə işini başa çatdıran Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevə göstərilən dərin hörmət ölkəmizlə qarşılıqlı münasibətlərə verilən dəyərdir. Konfrans çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirilən görüşlərdə dövlət başçımızı prezident seçkilərində qazandığı layiqli Qələbə münasibətilə təbrik edən, dünyada nüfuzu, səviyyəsi ilə tanınan dövlət və hökumət nümayəndələrinin cənab İlham Əliyev haqqında söyəldikləri ilə müqayisədə əlikərimlilərin, cəmilhəsənlilərin, arifhacılıların yalanları «Milçəyin könül bulandırması» məsəlinin bənzəridir. Ən tanınmış şikətlərin ölkəmizlə iş birliyi qurmaq maraqlarını ifadə etmələridir. Azərbaycanın bu il ÇOP29-a sədrliyinin, ölkəmizin « yaşıl enerji» siyasətinin dəstəklənməsidir.

Yəni, Əli Kərimli də daxil olmaqla digər xəyanətkarların qarşılarında qul kimi boyun bükdükləri avropalı ağaları vicdanlarını, milli mənsubiyyətlərini satan xəyanətkarlardan daha artıq Azərbaycan sevərdirlər. Dünya siyasətində, beynəlxalq aləmdə sayılıb-seçilən siyasətçilərin, dövlət xadimlərinin ölkəmizə verdiyi dəyərlər Əli Kərimlinin müavini Ayaz Məhərrəmlinin, AXCP Rəyasət Heyətinin üzvləri Bəxtiyar İmanovun, İlham Hüseynin, «islahatçı sədr»in «fəalı» Elnur Yusubovun, Müsavat Partiyasının çızma-qara xarakterli «ilkin rəy»indən qat-qat üstün və dəyərli və keçərlidir.

Belə ki, ermənipərəst mərkəzlərin sifarişi ilə Azərbaycana qarşı təxribatlar aparıb, kampaniyalar təşkil edən dağıdıcı ünsürlərin və onların xaricdəki uzantılarının cəhdləri həmişə olduğu kimi yenə də fiaskoya məhkumdur. Sosial şəbəkələrdə daşnak ideoloqları kimi canfəşanlıq edən, əqidəsi, məramı bilinməyən antimillilərin ətrafına toplaşanları xalq bir zümrə kimi qəbul etmir və bundan sonra da etməyəcək. Çünki Azərbaycan naminə daşı-daş üstə qoymayan, əksinə qurulanları baltalayıb dağıdanlara azərbaycanlı demək olmaz. Buna görə də xalq tərəfindən heç bir siyasi dəstəyi olmayan Əli Kərimli kimi çıxdaş, xəyanətkar tərəfdarlarının «Biz də varıq» siyasəti yeridərək gündəmdə qalmaq cəhdləri arxivlərə qovuşub. Xarici havadarlarının qrantları hesabına ətrafına muzdlu üzvlər toplayıb sosial baza görüntüsü yaratmaq dövrü də arxada qaldı. Xalq belə qırdı-qaçdıları bu cür tanıyır: Sapı özümüzdən olan baltalar!

Xuraman İsmayılqızı, «İki sahil»