23 fevral 2024 01:37
498

Makron Ermənistanı yeni poliqona çevirmək istəyir

İkinci Qarabağ müharibəsindən qalibiyyətlə çıxan Azərbaycan Ermənistanla sülh danışıqları ilə bağlı öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərir. Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan təqdirdə görəsən, nədən, Fransa Prezidenti Emmanuel Makron hər vəchlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına qarşı çıxır?

Uzun müddət Azərbaycanın 20 faiz ərazisinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə göz yuman, hətta işğalçıya gizli dəstək verən rəsmi Paris hazırda regionla bağlı öz çirkin əməllərini pərdələmək üçün ən alçaq vasitələrə əl atır, hətta ölkəmizə qarşı yalan və əsassız böhtanlar səsləndirir. Fransa rəsmilərinin davamlı olaraq “zavallı” Ermənistan barədə “dərin narahatlıq keçirdiklərini” bəyan etmələri siyasi riyakarlığın pik nöqtəsidir. Halbuki, ölkəmizin rəhbərliyi tərəfindən dəfələrlə bəyan edilib ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanın kimsənin torpaqlarında gözü yoxdur.

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindən sonra, bu il sentyabrın19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirərək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. 2024-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialar səsləndirməsi bunun əyani təsdiqidir.

E.Makron mətbuat konfransında bildirib ki, İrəvan ərazi bütövlüyü, demokratik yol və sülh istəyi məsələsində Parisin köməyinə ümid edə bilər. Bundan başqa, Fransa Prezidenti fevralın 12-də Zəngəzur istiqamətində Azərbaycan əsgərinin yaralanmasından təəssüfləndiyini bildirsə də, eyni zamanda fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-Hand kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb: “Fransa, həmçinin Azərbaycanın qeyri-mütənasib cavabından da təəssüflənir və nəticədə Ermənistan tərəfdən 4 ölü və 1 yaralı var”.

Fransa Prezidenti, həmçinin qeyd edib ki, Praqa görüşündə Paşinyan Alm Ata Bəyannaməsinə sadiqliyini də bildirib: “Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və xəritələri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırması lazımdır ki, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanlı iş aparılsın. Bu, öz növbəsində, hər iki tərəfdən qoşunların çıxarılması üçün əsas olacaq”.

Təbii ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri, heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə absurd və gülüncdür.

N.Paşinyanla Parisdə keçirilən görüşdən sonra E.Makronun Fransanın Ermənistana hərbi texnika göndərəcəyi haqqında açıqlaması Hayastana yaxşı heç nə vəd etmir. Bu bir daha göstərir ki, Makron Ermənistanı yeni Ukraynaya çevirmək istəyir. Vaxtilə Qərb dairələri Prezident Vladimir Zelenskini də tərifləyərək Ukrayna dövlətini və xaqlını qırğına verdilər. İndi isə kənardan bu dəhşətli mənzərini seyr edirlər. Bütün bunlar deməyə əsas verir ki, eyni aqibət Ermənistanı da gözləyir.

İş orasındadır ki, Fransa Azərbaycana qarşı ikili standartlar əsasında qərəzli siyasətini hələ də davam etdirir. Şübhəsiz, Azərbaycan da Fransanın ölkəmizə qarşı ikili standartlar mövqeyinə müqavimətini nümayiş etdirərək hər addımda onların qərəzli siyasətinin əsl mahiyyətini ortaya qoyur. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat bunun əyani təsdiqidir: “Bununla yanaşı, Alma-Ata Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı. Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır”.

Bütün bunların fonunda daim ifrat ermənipərəst mövqe nümayiş etdirən neokolonialist, Azərbaycanofob Fransa öz geosiyasi maraqları, Cənubi Qafqazdakı ambisiyaları naminə ölkəmizə qarşı apardığı məkrli siyasətindən və sülh prosesini pozmaq istiqamətindəki çirkin əməllərindən əl çəkməlidir…

Zahid Rza, “İki sahil”