22 fevral 2024 15:18
418

Türkiyə ilə həmrəyliyimiz daha da artacaq

Ölkəmizdə prezident seçkilərindən sonra yeni seçilmiş Prezidentin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi ənənəsi Zəfər seçkilərində qazanılmış parlaq qələbədən sonra cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Həmçinin qeyd edim ki, bu ənənə qarşılıqlıdır. Qardaş Türkiyədə də seçkilərdən sonra qalib gələn Prezidentin ilk rəsmi səfərini Azərbaycana etməsi artıq reallığa çevrilmişdir. Prezidenlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan da həm  görüşlər zamanı, həm mətbuata birgə bəyanatlarında bu səfərlərin bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğulamış, Azərbaycan və Türkiyənin xalqlarımız arasında olan bütün ənənələrə sadiq olduğunu bir daha göstərmişlər.

44 günlük Vətən müharibəsinin ilk günündən son gününə - Zəfər gününə qədər qardaş ölkənin güclü mənəvi və siyasi dəstəyi, qələbədən sonra işğaldan azad olunmuş torpaqlarda cənab Prezidentin dəvəti ilə ilk xarici qonağın məhz Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olması və Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik zirvəsi olan Şuşa Bəyyannaməsinin imzalanması ilə qardaş Türkiyə ilə olan əbədi dostluğumuz çoxdan bütün dünyaya bəyan edilmişdir.  Dünyada siyasi münasibətlərdəki gərginlik, yeni geosiyasi reallıqlar fonunda qardaşlıq, birlik, müttəfiqlik mesajlarının heç bir qeyd-şərt qoyulmadan, tərəddüd edilmədən,  möhkəm şəkildə hər fürsətdə  nümayiş etdirilməsi cənab Prezident İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın dünyaya verdi mühüm siyasi ismarıcdır. 

Şübhəsiz ki, Türkiyə ilə dostluq və qardaşlığımız möhkəm təməllərə dayanır və  Türkiyə-Azərbaycan xalqlarının tarixi birliyini və sarsılmaz dostluğunu bizim ən böyük sərvətimiz adlandıran Ulu Öndərimiz Heydər Əliyev bu təməllərin əsasını qoyan tarixi şəxsiyyətdir. Lakin bu da danılmaz faktdır ki, Türkiyə Azərbaycan münasibətlərinin bu günə qədər qazanılmış ən yüksək zirvəsində olmasında müasir  liderlərin- cənab Prezident İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın, onların şəxsi münasibətlərinin, dostluğunun rolu çox böyükdür.

Türkiyə-Azərbaycan birliyi bütün dünyaya sübut etmişdir ki, biz xoş günlərdə bir yerdə olub uğurumuzu bölüşdüyümüz kimi, çətin günlərdə də hər zaman bir-birimizin yanında olaraq kədərimizi bölüşməyi və əlimizdən gələn ən böyük dəstəyi göstərməyə hazırıq. İkinci Qarabağ Müharibəsində Türkiyənin bizə verdiyi dəstək, eləcə də ötən il Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı dövlətimizin və xalqımızın qardaş ölkəyə dəstəyi heç vaxt unudulmayacaq.

Hazırda Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Eləcə də qardaş Türkiyə cənab Ərdoğanın rəhbərliyi ilə dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Bölgəmizdə sülhün, əməkdaşlığın dayanıqlı olmasında Türkiyəinin rolu böyükdür. Eləcə də, Türkiyənin güclü iqtisadiyyatı, hərbi gücü hər bir türk vətəndaşı kimi Azərbaycan vətəndaşını da sevindirir. Ümumiyyətlə, həm dövlət olaraq Azərbaycan, həm fərd olaraq hər bir azərbaycanlı Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Gücümüzün birləşdirilməsi isə bizi daha da güclü edir. Azərbaycan və Türkiyə Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə birlikdə əməkdaşlıq edir. Bu gün biz Qarabağın bərpası işi başda olmaqla, dünya miqyaslı sosia-iqtisadi, mədəni-humanitar layihələrdə, kommunikasiya, nəqliyyat layihələrinin həyata keçirilməsində  çiyin-çiyinə çalışırıq. Ticarət dövriyyəmiz sürətlə artaraq rekord həddə çatmışdır, bu gün  Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollar təşkil edir. Ötən il Azərbaycandan Türkiyəyə  ixrac edilən qazın həcmi isə 9 milyard kubmetr olmuşdur. Qazın həcminin daha da  artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən Azərbaycan qazı qitənin bir çox ölkələri üçün enerji təhlükəsizliyinin mənbəyidir.

Türkiyə ilə birgə həyata keçirdiyimiz layihələr, xüsusən, nəqliyyat, enerji layihələri  kifayət qədər çoxdur və onların əksəriyyəti regional və qlobal əhəmiyyətə malikdir. Bunun əsas səbələrdən biri odur ki, həm Azərbaycan, həm qardaş Türkiyə coğrafi baxımdan olduqca əlverişli mövqedə, şərqlə qərbin, Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Digər mühüm səbəb isə odur ki, enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya ölkələrinin əksəriyyətində əsas gündəm məsələlərindən biridir və bizim də qardaş Türkiyə ilə həyata keçirdiyimiz layihələrin çoxu, qeyd etdiyim kimi, məhz bu sahələrin payına düşür.

Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədir. İki ölkə arasında mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi ilə ölkələrimiz arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş də mövcuddur.  Hər il birlikdə keçirdiyimiz hərbi təlimlər hərbi gücümüzü daha da artırır. Cənab Prezident özü də çıxışında xüsusi olaraq vurğulamışdır ki, Qarabağda keçirilmiş antiterror əməliyyatı göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam formalaşmışdır.  Sənayə sahəsində, eləcə də müdafiə sənayesi sahəsində getdikcə artan əməkdaşlığımız mövcuddur. Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Texnofest” festivalının ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda keçirilməsi texnologiya sahəsində əməkdaşlığımız üçün yeni imkanlar yaratmışdır.

Cari səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair yeni sənədlər də imzalanmışdır ki, bunlardan biri də “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”dur. Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını, sadəcə olaraq, təhsil məsələsi deyil, bizim birliyimizin növbəti rəmzi adlandırmış və inamla qeyd etmişdir ki,  yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Həqiqətən də, gənc nəslimizin həm Türkiyədə, həm Azərbaycanda dostluq, qardaşlıq dəyərləri əsasında tərbiyə alması, milli-mənəvi dəyərlərimizə sadiq olması, bilikli, savadlı vətənpərvər yetişməsi çox vacibdir.

Bütün bu işbirliyi və əməkdaşlıq sübut edir ki, biz qardaş Türkiyə ilə uğurlarımızı birlikdə bölüşür, biliklərimizi paylaşır və birlikdə daha güclü gələcəyə doğru irəliləyirik. Həmçinin siyasi arenada da bir-birimizə dəstək olmağa davam edirik. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında bir məqamı xüsusi olaraq qeyd etmək istərdim. Canab Ərdoğan bəyan etmişdir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qəbul edilmiş qərəzli qərar ləğv edilənə qədər Azərbaycana dəstəklərini və bu istiqamətdəki səylərini davam etdirəcəklər. Ərdoğan həmçinin bildirmişdir ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə nail olmaq  prosesində də Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edəcəklər.

Bu qardaş dəstəyi bizim üçün çox  dəyərlidir və bu dəstək Türkiyə  ilə həmrəyliyimizi daha da artırır. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri isə ümumilikdə türkdilli ölkələr arasındakı münasibətlərə olduqca  müsbət təsir göstərir. Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünun keçirilməsi planlaşdırılır ki, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də görüşdə iştirak edəcək.  

Dostluğumuzun möhkəmliyi təsdiq edir ki, Türkiyə-Azərbaycan qardaşlığı həmrəyliyin, birliyin təminatçısı olmaqla inkişaf və tərrəqimizi daha da sürətləndirəcək və biz birlikdə daha güclü gələcəyə  nail olacağıq.

Ziyafət Əsgərov,
Milli Məclisin deputatı,
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri