22 fevral 2024 14:49
328

Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq

Dünya tarixində elə qüdrətli xalqlar və millətlər var ki, onlar tarixin müxtəlif mərhələlərində bəşəriyyəti  irəli aparan yüksək sivilizasiyalar yarada biliblər. Amma bu cəmi bir neçə millətə nəsib olub. Belə toplumlardan  biri qədim türk xalqıdır. Zamanla müxtəlif tarixi hadisələr səbəbindən müxtəlif dövlətlərə parçalanmasına baxmayaraq türklər bu günümüzdə də öz əzəli bağlarını qoruyub saxlamışdır. Lakin ən möhkəm və qırılmaz münasibətlər təbii ki, öz əksini Azərbaycan-Türkiyə münasibətlərində göstərir. Qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun təməlidir.  Türkiyə  Cümhuriyyəti Azərbaycana hər zaman hər tərəfli əlaqələrin inkişafına yardım göstərmiş, ölkəmizin dünya birliyinə inteqrasiyasında,regional təhlükəsizliyin qorunmasında, siyasi, iqtisadi, elmi və mədəni maraqların reallaşmasında mühüm rol oynamışdır. Hər iki dövlət bütün beynəlxalq platformalarda qarşılıqlı surətdə ədalətli mövqelərini dəstəkləyir, birgə fəaliyyət göstərirlər.

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. O dövrdə qardaş Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi.

Bu səbəbsiz deyil. Ölkəmiz də heç zaman öz qardaş köməyini Türkiyədən əsirgəməyib. 2021-ci ildə Ttürkiyədə güclü meşə yanğınları baş verən zaman , Azərbaycan Türkiyənin yanında oldu. 2023 –cü il 6 fevral tarixində Türkiyənin bu ağır, çətin günündə də o dəhşətli zəlzələdən əziyyət çəkmiş qardaş xalqımıza ilk köməyə gələn yenə Azərbaycan oldu. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət şəxsi heyəti Türkiyəyə yola düşdü. Bu fakt dostluğun və qardaşlığın parlaq nümunəsi idi. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göstərildi. O dönəmdə böyüyündən kiçiyinə qədər hər bir azərbaycanlı Türkiyənin  yanında idi. Bu əsl türk həmrəyliyi idi. O hadisələrdən çox zaman keçməmişdir. Hər iki      ölkə -qardaş Türkiyə və Azərbaycan bir-birinə dayaq və dəstək olaraq çətinliklərə üstün gəlməyi bacardılar.Dünyanın bu gün ki, siyasi arenasında uğurla irəliləməyi ancaq düzgün   istiqamət götürməklə bacarmaq olar. Bunun parlaq nümunəsini biz Azərbaycan Türkiyə dostluğunda görürük. Sınaqlardan çıxmış bu münasibətlər hələ zaman-zaman möhkəmlənəcək və gələcək nəsillərə bir ərmağan, ənənə kimi ötürüləcək.

Ülkər Şahgəldiyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü