15 fevral 2024 00:35
333

Əli Kərimli əsl simasını bir daha göstərdi

Həqiqi, dürüst, siyasi əxlaqın və mədəniyyətin nə olduğunu bilən təcürbəli siyasətçilər özləri də yaxşı bilirlər ki, fırıldaqçı siyasətbazlardan fərqli olaraq əsl siyasətçilərin dövlət, xalq, cəmiyyət qarşısında ciddi öhdəlikləri olur. Siyasətçilər həmin öhdəlikləri yerinə yetirə bilmədikdə siyasi mədəniyyət nümunəsi nümayiş etdirərək səhnədən uzaqlaşmalıdır.

Çox təəssüf ki, Əli Kərimlinin nümunəsində biz bunu görə bilmirik. Yəqin ki, AXCP sədri özü də yaxşı bilir ki, inkişaf etmiş cəmiyyətlərdə mədəniyyətin əsas ölçülərindən biri də siyasi mədəniyyət sayılır. 

Bütün bunları buraxırıq Ə.Kərimlinin öz vicdanına. Ancaq ölkə üçün, xalq üçün göstərilən siyasi fəaliyyətdə elə detallar, nüanslar var ki, orada hökmən siyasi şüur mühüm rol oynayır. Ə.Kərimli kimilər üçün deyək ki, siyasi şüur isə siyasi mədəniyyətin və siyasi əxlaqın formalaşmasında mühüm rol oynayır. Ancaq ya bütün bunları şəxsi ambisiyaları, kini-küdurəti, hikkəsi üzündən qəbul etmək istəmir, ya da ona qrant dağarcığının ağzını səxavətlə açan xarici ağaları icazə vermirlər.

Bir şeyi də demək istərdik ki, siyasi mədəniyyətdə əsas rollardan birini də siyasi leksikon oynayır. Ə.Kərimlinin və onun tör-töküntülərinin-Qənimət Zahidin, Nurəddin Məmmədlinin, Seymur Həzinin, İlham Hüseynin qırx dörd günlük Vətən müahirbəsindən sonrakı zaman kəsiyində siyasi leksikonuna diqqət edəndə oradakı aqressiv ritorikanın təməlində anti-Azərbaycan dairələrin tezislərinin dayandığının şahidi oluruq. Burada əsas məqam ondan ibarətdir ki, radikal müxalifətin Ə.Kərimli kimi “başbilənlərinin” öz fəaliyyətlərində şübhəli məqamları gizlədə bilməyərək tamamilə açıq şəkildə, sosial şəbəkələrdəki şıxışlarında cəmiyyətə meydan oxuyacaq bir formada nümayiş etdirmələri xəyanətkarlığın, mənəvi-əxlaqi deqredasiyanın, əxlaqsızlığın və həyasızlığın pik nöqtəsinə çatması ictimaiyyətin bütün təbəqələrinin kəskin etirazı ilə qarşılanır. Xüsusi ilə onun bu günlərdə “Toplum tv”dəki çıxışı ikrah hissi ilə qarşılandı. AXCP sədri orada deyir ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bəs, nədən Ə.Kərimli unudur ki, həmin beynəlxalq təşkilatlar, eləcə də Avropa Birliyi üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər?

Bütün bunlar gözümüzün qarşısında yaşanır. Uzun illərdir ki, bəzi anti-Azərbaycan dairələrlə gizli əməkdaşlıq edən Əli Kərimli və onun kimilərin sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı, eləcə növbəndənkənar prezident seçkiləri əleyhinə apardığı “qara piar” kampaniyasının əsl səbəbi, eləcə də bu xəyanətkar marginalların əsl siması cəmiyyətimizə bir daha məlum oldu.

Zahid Rza, “İki sahil”