15 fevral 2024 02:37
334

Borrell hansı “yuvanın quşu”dur?..

Anti-Azərbaycan açıqlamalar verməyi vərdiş halına gətirmiş Avropa İttifaqının ali nümayəndəsi yenə də öz ampluasındadır

Xəbər verildiyi kimi, fevralın 13-də Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat yayıb: “Ali nümayəndə Cozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır”. “Bəyanatda” həmçinin bildirilir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur. Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür: “Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir”.

Qeyd edək ki, Borrel Avropa İttifaqındakı qoca “qırğı”lardan biridir. O, İspaniyada separatçı bölgə hesab olunan - Kataloniyada sevdiyi erməni xalqının saxta soyqırımı günündə - 24 apreldə bu işıqlı dünyaya gəlib. Üç il ərzində anti-Azərbaycan mövqeyi ilə seçilən Avropa Parlamentinə sədrlik edib, 2019-cu ildən isə loru dildə desək Avropa İttifaqının “xarici işlər naziridir”, rəsmi olaraq isə vəzifəsi Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsidir. Borrel Ukrayna müharibəsi ərəfəsi Rusiya ilə diplomatik danışıqlar üçün görəvləndirilmişdi. Onun diplomatik bacarığının “sıfır” səviyyəsində olduğu artıq hər kəsə məlumdur. Bu adam Moskvaya gedib bir söz deyirdi, Brüsseldə başqa söz... Rusiya tezliklə onun nə “yuvanın quşu” olduğunu anladı, danışıqlarda onu görmək istəmədi. Borrel diplomatiyası heç bir işə yaramadı, iki ildir müharibə davam edir, o isə yenə əvvəlki qeyri-ciddi ampluasındadır.

Dünyada insan hüquqlarının qorunmasından danışmaq lazım gələndə Borrel Avropada, elə qonşusu Fransada baş verənlərdən gözardı edərək üzünü dərhal Azərbaycana tutur, əsassız ittihamlar irəli sürür. Onun 25-ci Avropa İnsan Haqları Forumundakı çıxışı zamanı dediklərinə diqqət edək: “Məsələn, Azərbaycanda və Ermənistanda baş verənlərə baxın. Uzun müddət dondurulmuş və birdən-birə alovlanan münaqişədə bir həftə ərzində 150 min insan evlərini tərk edərək qaçmağa məcbur oldu. Beynəlxalq ictimaiyyət isə bundan təəssüfləndiyini və narahatlığını bildirib, humanitar yardım göndərib, lakin bu, güc tətbiqi ilə baş verib”. Borrel “müdrikcəsinə” onu da əlavə edib ki, “münaqişənin həll edildiyini söyləməzdi”. Yəni, Borrel üçün “Dağlıq Qarabağ”, “münaqişə”, “150 min qaçqın”, “hərbi güc” mövzusu “həll edilməmiş” qalır. Kobud dildə bunun adı əbləhlikdir, ağıldan kəmlikdir. Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfindən ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Cozep Borrelin 150 min nəfərdən bəhs etməsi onun doğrudan da ağıldankəm olduğunu təsdiqləyir. Yalanın böyük-kiçiyi olmaz, Borrel 50 min yox, 5 min “şişirtmə” etsəydi də, bu da ciddi fakt təhrifidir, bir dövlətə atılmış iftiradır. Amma Borell bunu deyəndə məsuliyyət hiss etməyib. Çünki onun Azərbaycan haqqında dediyi 3-5 cümlə hamısı yalandır, qərəzlidir.

Qarabağdan köçdükdən sonra da ermənilərin yenə torpaqlarımızın işğal kimi xam xəyallar qurmaları anlaşılandır, bu toplumun bizə düşmənçilikləri Azərbaycandan ayaqlarını kəsməklə bitəcəyini gözləmək sadəlövhlük olardı. Ermənilərin “Üçüncü Qarabağ savaşı” ona hesablanıb ki, Borrel kimilərinin yalanları ilə Azərbaycanı ən müxtəlif yollarla sarsıtsınlar. Birinci, hüquqi cəhətdən buna çalışırlar. Ermənistanın Azərbaycana qarşı hansısa hüquqi müstəvidə iş açmağa mənəvi haqqı yoxdur, 35 illik işğal, insanlarımıza vurduğu sağalmaz yaralar və torpaqlarımızın viran halı erməninin haqsızlığını sübut edən ən tutarlı fakrdır. Amma dünyanın çarxı indi elə tərsinə dövran edir ki, haqlı olsan da üzərinə gəlirlər, işğala məruz qalanı deyil, işğalçının tərəfini tuturlar. Erməni lobbisinin “əlləri” hər yerə - ABŞ Konqresinə də, Avropa strukturlarındakı korrupsiyalaşmış məmurların cibinə də çatır.

Sevinc Azadi, “İki sahil”