14 fevral 2024 00:45
317

Binoklla bizə elə baxırlar ki...

Özlərini Avropanın mədəni centlemenləri adlandıranlar deyəsən ağıldan bəladırlar

Bir neçə gün əvvəl müşahidəçi qismində olan Çexiya vətəndaşının Ermənistan tərəfdə minalanmış zonadan şərti sərhədi keçərək Azərbaycan ərazisinə daxil olarkən saxlanılması barədə yazmışdıq. Onun barəsindəki məlumat Çexiyanın Bakıdakı konsulluğuna göndərilib. Ancaq bu neqativ fakt yeganə deyil.

Son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan şərti sərhədində  tez-tez peyda olur, binoklla nəyi isə müşahidə edirlər. Bundan bir gün əvvəl  Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub. Bu iki hadisə təsadüfdür, yoxsa düzməcədirmi? Binoklla o tərəfdən bizə elə baxırlar ki, sanki buynuz çıxarmışıq. Həm də bu “müşahidəni” çox tez-tez edirlər. Onlar nəyi müşahidə edirlər?  Biz də üçüncü ölkədən durub düşmən nəzəri ilə onları hər gün müşahidə etsək necə reaksiya verərlər? Özlərini mədəni centlemen kimi qələmə verənlər başqalarının hissləri və şəxsiyyəti ilə oynayarmı?

Bu suallara aydınlıq gətirilməsi üçün fevralın 12-də Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha səfirin diqqətinə çatdırılıb.

Sözügedən missiyanın guya regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə "töhfə" verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.

“Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görünməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdikləri bir zamanda yersiz müşahidələrin xüsusilə narahatlıq doğurduğu bildirilib. Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.

Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir. Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Avropa İttifaqının sərhədimizdə yerləşdirilən yarımhərbi müşahidə missiyasını Azərbaycanla  bağlı nə maraqlandıra bilər? Ard-arda müşahidələrin predmeti nədir? Başqa suallar da var.

Xatırladaq ki, bu hadisədən bir qədər əvvəl, 2023-cü ilin dekabrında Azərbaycanda Fransanın xeyrinə casusluq edən iş adamı Martin Ryan ad-soyadlı şəxs saxlanılıb və haqqında cinayət işi başlanıb. Ardınca  Çexiya vətəndaşının sərgüzəşti  hansısa məxfi əməliyyatdan xəbər vermirmi? Bu qədər təsadüf ola bilərmi? Avropalı vətəndaşların Ermənistan dağlarında, üstəlik də təzəcə səngimiş gərginlik ocağında nə iti azıb? Şübhəsiz ki, dünyanın o başından qarlı-buzlu dağlara başmaq seyrnə gəlməyiblər. Hələlik binokl tamaşası ilə məşğuldurlar. Özü də əsl niyyətlərini gizlədərək. "Böyük dayaq" filmindəki kolxoz sədri Rüstəm kişinin sözlərini xatılamamaq olmur: "Yazırsan, yaz, altında da imzanı qoy. Yoxsa ayağımın altını nə eşirsən siçovul kimi!"

Vəli İlyasov, "İki sahil"