KÖŞƏ

Vəli İlyasov

Otuz iki ildən sonra ilk qələbə baharı...

13 fevral 2024 00:46
3194

Türk qanına susamış vandal ermənilər sovet ordusunun bədnam 366-cı motoatıcı alayı ilə birləşərək  fevral ayının 25-dən 26-na keçən gecə tanklarla, toplarla zəif müdafiə olunan Xocalıya hücum etdilər. Nə uşaqlara, nə xəstələrə, nə qocalara, nə qadınlara, nə də gənclərə rəhm edildi. Ucdantutma hamısı güllələndi, tankların tırtılları altında əzildi, süngüdən keçirildi, ağlagəlməz işgəncələrlə öldürüldü. Cəlladların amansız pəncəsindən sağ qurtaranların çoxu ya sərt şaxtadan donub öldü, ya da ömürlük şikəst oldu.

Yaz açılanda dağlarda-dərələrdə, təpələrdə, meşələrdə əriyən qarın suyu qan gəngindəydi, xocalıların qanı rəngdə...O yaz yandırılıb külə döndərilmiş Xocalının sağ qalan sakinləri itirdikləri əzizlərinin 40-nı yad edirdilər. Təkcə xocalılar deyil, o mərasimləri bütün Azərbaycan xalqı keçirirdi. Azərbaycan özü boyda matəmgaha çevrilmişdi. Ana-bacılarımız saçlarını yolur, "can, Xocalı!" deyib nalə çəkirdilər. Azərbaycanın 58 rayonuna səpələnmiş sakinlər necə təşkil edəydilər 40 mərasimini, özləri hələ düz-əməlli yerləşə bilməmişdilər. Bir çoxları çadır şəhərciklərdə daldalanmışdılar, hamısı da bircə əyin paltarları ilə. Hamısının gözləri yollarda qalmışdı.Ümidlə gözləyirdilər, bəlkə itkin düşmüş əzizlərindən kimsə başkəsənlərin caynaqlarından hansısa möcüzə sayəsində qurtulub gələr...

O baharda erməni tanklarının eşim-eşim etdiyi yollarda qalan qanlı tırtıl izlərini nə qar, nə də yağış yuyub apara bilmişdi. İnsanların ürəklərində açılan dərindən-dərin yaralar da sağalan deyildi...Yaslı-yaralı insanlar qəzəb hissi ilə qisas gününü çox gözlədilər.

O günlər getsin, bir də gəlməsin.

Nəhayət, gün gəldi, qaranlıqlar qaçıldı, hər yerə işıq saçıldı. Yurdumuza əlisilahlı soxulmuş qəddar düşmənlərimiz qovulub müqəddəs torpaqlarımızdan çıxarıldı. İgid oğullarımız məkrli düşmənə fürsət vermədi, onu elə əzişdirdi ki, daha çətin ki, bir də özünə gəlsin. Yaraları qaysaq tutmayan Xocalı da murdarlardan təmizləndi. Xocalıda Azərbaycan Bayrağı dalğalandırıldı. O gün hamımız dərindən nəfəs aldıq.

Ölkəmizin rəhbərliyi hər yerdə tikinti, abadlıq və yenidənqurma işlərinin başlanmasına şərait yaratdı. O cümlədən azad edilmiş Xocalıda da tikinti-quruculuq işlərinə başlandı. Qısa müddətdə infrastruktur yaradıldı, yaşayış evlərinin, çoxmərtəbəli binaların inşası sürətləndi. İndi Xocalıda normal yaşayış üçün lazımi şərait yaradılmaqdadır. Yəni, 2024-cü ilin baharı Xocalıya özü ilə işıq, abadlıq, rahat həyat gətirir. Bu bahar Xocalıya 50 ailənin qayıdacağı gözlənilir. Köç prosesi sürətləndikcə, xocalılar yolboyu səliqə ilə sıralanmış 200-ə yaxın müasir, geniş, rahat həyət evlərində yaşayacaqlar. Biri 5 mərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir.

Eyni zamanda, tikinti ilə paralel olaraq müasir şəhər kimi dirçələcək Xocalıda böyük abadlıq işləri görülür - ağaclar budanır, yaşıllıqlar salınır. Bakı Abadlıq Xidmətinin landşaft memarı Əhməd Erənin sözlərinə görə, Xocalı da çaykənarı, eynən Laçında, Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. İlk sakinlərin köçməsi ilə şəhərdə ictimai iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Artıq indidən buraya gələn yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər. Bu, o deməkdir ki, xocalılar doğma yurda qayıdan kimi işlə də təmin olunacaqlar, ən azından buradakı infrastrukturun idarə olunması üçün müxtəlif peşələrə malik işçilər tələb olunacaqdır. Məktəblər, xəstəxanalar, uşaq bağçaları,digər idarə və müəssisələr işə salınacaq.

Heç şübhəsiz ki, burada əsrin ən böyük faciəsini-Xocalı qətliamını  yaşadan əbədi xatirə abidəsi ucaldılacaqdır. Azərbaycanın Milli Qəhrəmanları mayor Əlif Hacıyevin, Tofiq Hüseynovun, Xocalının igid şəhidlərinin ruhları burada əbədiyyətə qədər yaşayacaqdır. Bura hamının and yeri olacaqdır.

Bu ilin ilk 6 ayı ərzində Xocalı və Xankəndiyə köçün təmin edilməsi  ilk növbədə tarixi ədalətin bərpa edilməsi deməkdir. Lakin bu, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın, xalqımızın, ordumuzun 2020-ci ilin Vətən müharibəsində - döyüş meydanında əldə etdiyi Zəfərin bir daha təsdiqi və təntənəsi deməkdir. İndi kənarda durub hər addımımızı izləyən düşmənlərimiz-istər Ermənistan, istərsə də ona himayə göstərənlər daha bir zərbə aldılar. Onların xarabazara çevirdikləri şəhər və kəndlərimiz əvvəlkindən gözəl bir görkəm alır. Bu isə onların gözlərinə ox kimi sancılır. Hayların xəyanətləri, barbar əməlləri yerimədi. Keçən ilin sentyabrında murdarlıqlarını təmizləyib arxalarınca atdıq. 2024-cü ilin yazı bizim üçün tam qələbə yazı oldu. Otuz beş ildən bəri ilk yazdır ki, torpaqlarımız azad, üzümüz gülərdir. Əbədi olsun!