10 fevral 2024 01:14
329

Əgər Emmanueldə və Nikolda ayıq baş varsa…

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Hayastanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatı daşnak həyasızlığının növbəti təzahürüdür

Gənubi Qafqazda sabitliyin bərpasına ən böyük maneə olan, Ermənistanı himayə edən Fransa Prezidenti Emmanuel Makronun ölkəmizə qarşı düşmən siyasəti səngimək bilmir.

Rəsmi Bakı ilə Paris arasında pozulan münasibətlərin getdikcə pisləşməsi, Fransa Senatında Ermənistana dəstək naminə qəbul edilən bəyanatlar, qətnamələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ən ciddi əngəldir. Dünyada üçüncü dövlət olan Fransada, daha sonra Avropa İİttifaqında çoxluq təşkil edən erməni lobbisinin istəkləri ilə dövlət siyasətini idarə edən Makron ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddətdə sadiq qaldığı anti-Azərbaycan siyasətini başqa istiqamətlərdə də gerçəkləşdirir. Erməni Məsələsi üzrə Komitə, Erməni Di­asporunun Araşdırma Mərkəzi kimi daşnak icmalarının çoxluq təşkil etdikləri Parisdə, Lionda, Marseldə antitürk, İslamofob meyillərin gücləndirilməsinin də səbəbi bu ölkədə «yan» əsilli vətəndaşlara «yaşıl işıq» yandırılmasıdır. Yelisey Sarayının sifarişi ilə Azərbaycanın Fransadakı səfirliyinə edilən hücuma, Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizmə səssiz qalan rəsmi Paris diplomatik qaydalara zidd yanaşması ilə də erməniliyə dəstək siyasətinə sadiqliyini göstərdi.

Fransa ilə Ermənistanın xarici işlər nazirlərinin qarşılıqlı olaraq Parisə və İrəvana səfərlərinin əsasında da erməni lobbisinin sifarişləri dayanır. Fransanın xarici işlər naziri Ketrin Kolonnanın bir müddət əvvəl İrəvana səfəri zamanı keçirdiyi görüşlərdə rəsmi Parisin Ermənistanın təh­lükəsizliyinin qorunmasına ciddi önəm verdiyini etiraf etməsi bu amili iəsdiqləyir. Hayastanı boş vədlərlə aldadıb Cənubi Qafqaz siyasətini yeridən Fransanın niyyətini qulaqardına vurub xalqını bataqlığa sürükləyən Ermənistanın reallığı anlamaq istəməyən baş naziri Nikol Paşinyanla neokolonioalizm ideyasını yeridən Makronun « dostluğundan» ziyan çəkən Cənubi Qafqazdır.

Ermənistanı NATO-ya üzvlüyə qəbul vədi ilə şirnikləndirən, rəsmi İrəvanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdıran Makron özü kənarda qalmaqla haylarda anti-Rusiya ritorikasını da gücləndirir. Hətta Ermənis­tanı NATO sistemində olmayan fransız silahları ilə təchiz edəcə­yi vədini də gizlətmir. Bəllidir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldığı 30 ildə Hayastana hər cür hərbi yardım göstərən Fransa son zamanlarda bu niyyətini Gürcüstanın Poti limanı vasitəsilə də davam etdirib. Bəllidir ki, Fransanın hərbi, müdafiə sis­temi müasir dövrün tələblərinə cavab verəcək səviyyədə mükəmməl deyil. Ölkə ərazisində keçirilən hərbi paradlarda forpostu olduğu Rusiyanın istifadə müddəti ötmüş silah –sursatlarını nümayiş etdirən Ermənistanın eyni keyfiyyətdə olan Fransanın nimdaş hərbi avadanlıqlarını alması belə vəziyyəti dəyişmir. İkinci Qarabağ müharibəsində Ermənistana qalib gələn Azərbaycan fransız mütəxəssislərinin işğal altında qalan torpaqlarımızda quraşdırdıqları texniki – müdafiə istehkamlarını, qurğularını dağıtmaqla da Fransadan dəfələrlə üstün olduğunu təsdiqlədi. Belə ki, Azərbaycanın hərbi qüdrəti qarşısında Fransa-Ermənistan birliyi duruş gətirə bilməz.

Fransa Senatının Ermənistanı dəstəkləyən 25 noyabr 2020-ci il, 15 no­yabr 2022-ci il, 17 yanvar 2024-cü il, hətta separatçı rejim, keçmiş «Dağlıq Qarabağ respub­likası”»nın tanınmasını tələb edən 3 qətnaməsinin heç bir əsası olmasa belə, Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını hər vasitə ilə ləngidir. Fransa Senatı bu il yanvarın 17-də Azərbaycanın 2023-cü ilin sentyabr ayında Qarabağda keçirdiyi antiterror tədbirlərini pisləməklə dövlətimizə qarşı sanksiyalara çağıran qətnamə qəbul edib. «Ermənistan Respublikasının ərazi bütövlüyü»” başlıqlı, Qarabağ ermənilərinin geri dönməsinin təmin edilməsinə, habelə separatçı liderlərin azad olunmasına çağıran qətnamə Makronun siyasi naşılığının daha bir göstəricisidir.

Sonuncu bəyanat bir daha göstərir ki, Fransanın siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası irqçi, Azərbaycanofob və İslamofob fəaliyyətini daha da intensivləşdirib, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi vəhşiliyi görməyən Fransa Senatının ölkəmizə qərəzli yanaşması Makronun özünü doğrultmayan diplomatiyasının, ermənilərin könlünü almaq şousudur. Guya «Vahid Avro­pa» ideyasını ortaya atan Makronun Almaniyanı da bu sərsəm ideyasına inandırması, Cənubi Qafqazda «rus hegemonluğu” ilə mübarizə aparması», Ukraynaya dəstək göstərməsinin cavabı bəllidir: « Axsaq atın kor nalbəndi olar.» Ermənistanı bəhanə edib Cənubi Qafqazda yerləşməyə çalışan Fransa heç zaman niyyətini gerçəkləşdirə bilməz. Çünki bu bölgədə sabitliyin təminatı üçün bütün vasitələrdən istifadə edən Azərbaycan söz sahibidir. Fransa Senatının Azərbaycanı öz Silahlı Qüvvələrini «suveren Ermənistan ərazisindən” geri çəkmək və onun ərazi bütövlüyünə hörmət etmək tələbi» dağdan gəlib bağdakını qovmaq məsəlinə bənzəyir. Bütün dünya ictimaiyyəti də bilir ki, Fransanın Afrikadakı hegemonluğu Cənubi Qafqazda baş tutmaz. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizimlə eyni masada əyləşməyə verilən icazə Fransa ilə səmimiyyət deyil, azacıq da olsa diplomatik hörmətdir. Fransa artıq başa düşməlidir ki, bu ideya rəsmi Parisə ancaq ciddi başağrısı yaradacaq. Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Sən tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Türkiyə xalqına və Türkiyəyə qarşı durmağa çalışma. Makronun mənimlə bağlı hələ çox problemi olacaq» sözlərindən nəticə çıxarmasının vaxtıdır. Belə ki, əsrlərə söykənən Azərbaycanın tarixini heç zaman öyrənə bilməyəcək Makorunun Cənubi Qafqaz sevdası, Zəngəzur dəhlizində «təhlükəsizliyin qorunmasındakı» isterik iştahı da elə xəyal olaraq qalacaq.

Fevralın 8-də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Hayastanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatı da daşnak həyasızlığının növbəti təzahürüdür.

Bəyanata münasibətini «Bu çıxış, Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir» sözləri ilə bildirən respublikamızın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə əlavə olaraq vurğulayıb ki, beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq mühitinin yaranmasına təkan verib. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin «Azərbaycan Ermənistana qarşı» iş üzrə 7 dekabr 2021-ci il tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir. Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə Azərbaycana təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə -yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırladılması və bunun məsuliyyətinin tələb edilməsi vacibdir.

XİN-nin sözçüsu onu da əlavə edib ki, Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyini təşviq etmək, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi istiqamətində səylərini davam etdirəcək”. Bu xəbərdarlığı Emmanuel də, Nikol da ayıq başla bir daha düşünsünlər. Əgər baş varsa!

Xuraman İsmayılqızı, «İki sahil»