10 fevral 2024 01:58
281

7 fevraldan sonrakı dövr...

Xalqımız zəfərlərə davam dedi

Prezident seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi 50 milyonluq Azərbaycan xalqının qələbəsidir. Qeyd etməliyik ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri əsl bayram xarakteri daşıdı. Əslində cənab İlham Əliyevin yeni qələbəsi 2020-ci il noyabrın 8-də təmin olunmuşdu. Əzablar, məşəqqətlər, müsibətlər, yurd nisgili çəkmiş, on minlərlə itkilər vermiş insanlar öz seçimlərini 8 noyabrda-Zəfər Günündə etmişdilər. Çünki Ermənistan üzərində parlaq qələbənin müəllifi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev idi. Bu, 200 ildən bəri Ermənistan və onun havadarları üzərində Azərbaycanın ilk ən böyük hərbi-siyasi qələbəsi oldu. Ermənistan ordusunun darmadağın edilməsi, zirehli texnikasının və digər döyüş silahlarının Bakının Hərbi Qənimətlər Parkinda sərgilənməsi düşmənlərimizin ürəyini yandırıb yaxdı. Hətta bəzi ölkələrdən xahiş etmişdilər ki, o sərgini yığışdıraq. Hər zaman başqalarının köməyi ilə ərazilərimizi işğal edən vəhşi ermənilərin   “Kürdə donuz sulayıb Bakıda çay içmək” kimi sərsəm arzuları gözlərində qaldı. Otuz il davam edən separatizmə son qoyuldu. Separatçıların başçıları tutularaq qolları qandallı vəziyyətlə Bakı həbsxanalarına gətirildilər.

Xankəndidə hərbi paradın keçirilməsi ermənilərin qanını nə qədər qaraltdısa, haylar nə qədər xar oldularsa, soydaşlarımızın qürurunu bir o qədər yüksəltdi. Qələbə sevincindən göz yaşlarını saxlaya bilməyənlərin, qol götürüb oynayanların sayı-hesabı yox idi. Hamı bir-birinə gözaydınlığı verirdi. Eyni şadyanalıqları Tərizdəki qardaş-bacılarımız da yaşadılar. 

Təbrizdə ictimai yerlərdə yayılan və divarlara yapışdırılan posterlərdə Prezident İlham Əliyevin fotosunun altında “Qalib xalq qalib liderini seçdi” yazılıb.

Bütün xalqımızla bərabər, xaricdəki soydaşlarımız, dostlarımız bizimlə birgə bayram etdilər. Qısaca desək, Şah İsmayıldan, Nadir Şah Əfşardan sonra Azərbaycan belə böyük qələbə, belə  ildırımsürətli müharibə görməmişdi. Hətta gözlənilməz həmlələrdən çaşıb idarəetməni itirən erməni generalları, polkovnikləri özləri belə sarsıdıcı  zərbələr gözləmədiklərini etiraf etmişdilər. “Alınmaz” deyib lovğalandıqları möhkəmləndirilmiş “Ohanyan xətti” cəmi bir neçə dəqiqə ərzində damadağın edilmişdi. O günlərdə qardaş Türkiyənin də bizə mənəvi yardımı qələbəmizə güclü stimul verdi. Cümhur başqanı, xalqımızın sevimlisi Rəcəb Tayyib Ərdoğanın qəlbimizi isidən, qələbəmizə dərin inam yaradan çıxışlarını indi də minnətdarlıqla xatırlayırıq.

Nəhayət, səfərbər olmuş xalqımız Prezident İlham Əliyevin komandanlığı ilə parlaq bir qələbənin şahidi və iştirakçısı oldu.

O ki qaldı 7 fevral seçkilərindəki qələbəyə deməliyik ki, xalqımız öz səsi ilə qəlbindəki namizədini bir daha təbrik etdi. İndi yeni gözləntilər var. Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xandəndidə səs verməsi, işğaldan azad olunmuş ərazilərdə bu siyasi kampaniyanın təşkil edilməsi bütün düşmənlərimizə sarsıdıcı bir zərbə effekti verdi. Bölgələrin əhalisi də sonsuz coşqu ilə cənab İlham Əliyevə türk qardaşlarımız demişkən “oy” verdi. İqtisadiyyatımızın ayağından ağır daş kimi asılmış erməni işğalına son qoyulması iqtisadi inkişafımıza daha bir stimul olacaqdır.

Şübhəsiz, 7 fevraldan sonra ölkəmizdə və regionda yeddi illik yeni bir dövr başlayacaq. Azərbaycan regionun lider dövlətidir. Onun iştirakı olmadan regionda heç bir iqtisadi layihə həyata keçirilə bilməz. Zəfər seçkisindən sonra təbii ki, çox mühüm proseslər və iqtisadi layihələr həyata keçiriləcək. Bunlar təkcə ölkəmizin daxilini deyil, həm regionu, həm də daha böyük anlamda dünya ölkələri ilə birgə iştirakımız olan siyasi, geosiyasi, geostrateji və iqtisadi sferaları da əhatə edəcək. Habelə Qərbə, Asiyaya və Avropaya istiqamətlənmiş siyasətimiz də əvvəlki kimi fərqli və onların Azərbaycana münasibətinə adekvat olacaq. Çünki artıq dostlarımızı da, düşmənlərimizi də tanımışıq. Ancaq onlar darmadağından sonra bir qədər ağıllanıb bizi yaxşı tanımadıqlarını etiraf ediblər. 44 günlük müharibədə səslərini içlərinə salıb Ermənistan ordusunun qələbəsinə inanan bədxah xarici dairələr Azərbaycanın yeni döyüş taktikası ilə vuruşaraq parlaq qələbə qazandığını görəndə şok keçirdilər, bir müddət özlərinə gələ bilmədilər. Nəhayət, dilləri açılanda "biz belə gözləməzdik" dedilər. Bütün bunlar keçdi.

Hazırda qarşımızda duran ən vacib məsələ Ermənistanla sülh müqaviləsinin bağlanması, münasibətlərin normal hala gətirilməsidir. Ərazi mübahisələrinin həll olunması, sərhədlərin delimitasiyası və demarkasiyasının başlanmasıdır. Azərbaycan bunların hamısına hazırdır.

7 fevral seçkilərindən sonra da Azərbaycan hücum diplomatiyasını davam etdirəcək. Ölkə başçısının növbəti yeddiillikdə həyata keçirəcəyi layihələrin bir çoxunun konturları bəllidir. Türk Birliyinin açarı hesab edilən Azərbaycan Turan coğrafiyasının inkişafı üçün həlledici addımlar atacaq. Söhbət ilk növbədə dünya miqyaslı iqtisadi layihələrin reallaşdırılmasından gedir. Bu iqtisadi layihələrlə Orta Asiyadakı türk dövlətləri Turan Birliyinin daha da  möhkəmləndirilməsinə mühüm töhfələr verəcək. Bu, rəsmi Bakının Orta Asiyadakı mövqelərinin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Təşəbbüskarı Çin olan və Azərbaycanın güclü dəstək verdiyi "Bir kəmər, bir yol" layihəsinin icrası növbəti yeddiillikdə daha da sürətlənəcək.  Ermənipərəst Qərbin dayaqları  Azərbaycan və Türkiyənin birgə addımları sayəsində regionda daha da zəifləyəcək.  daxili siyasətdə də mühüm gedişlər olacaq. İdarəetmə institutunda islahatlar reallaşacaq.  İri sosial layihələrin həyata keçiriləcəkdir. Maaşların, müavinətlərin və pensiyaların artımını növbəti illərdə də görəcəyik. Çünki ölkə iqtisadiyyatı yüksələn templə inkişaf edir, valyuta ehtiyatımız artır. Ordumuzun gücləndirilməsi istiqamətində yeni addımlar atılacaq. Hərbi büdcənin artırılması gözləniləndir. Ən əsası, Böyük Qayıdış layihəsi çərçivəsində on minlərlə keçmiş məcburi köçkünün işğaldan azad olunan ərazilərə qayıdışı baş tutacaq. Bir sözlə, bölgələrimizdə həyat yenidən qaynayacaqdır. Bildiyimiz kimi, artıq məcburi köçkün ailələri dəstə-dəstə yenidən tikilmiş abad yurdlarına dönürlər. Bir sözlə, biz növbəti yeddiillikdə daha güclü Azərbaycan görəcəyik. Bu, xalq-iqtidar birliyinin sarsılmaz dayaqları sayəsində mümkün olacaq.

Vəli İlyasov, "İki sahil"