10 fevral 2024 00:10
287

Fuad Qəhrəmanlı kimi antimilli ünsürlərə xitabən:

Alın...aa!
Yana-yana
qalın...aa!

Mövzumuza başlayarkən əvvəlcə diqqəti ədalət anlayışına  yönəltmək və bir haşiyə çıxmaq istərdik. Çünki bu həm yazacaqlarımızı yaxşı mənimsəmək, həm də həqiqəti dərk etmək üçün çox önəmlidir. “Ədl” sözündən olub ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyan,əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası olan ədalət min illər boyu bəşər övladının əzəli istək və arzularından biri olub.

Tanrının bir adı kimi təqdim edilən ədalət həm də həddini bilmək mənasını verir. Buradaca haşiyəmizə nöqtə qoyaq. Və keçək daim haqdan-ədalətdən hay-qıy vuraraq ağa qara deməyi uzun illərdən bəri adət halına çevrilən dağıdıcı müxalifət  düşərgəsinin öndə gedənlərindən olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı kimi siyasi kələkbazların 7 fevral seçkiləri ilə bağlı şər-böhtan dolu əsassız iddia və böhtanlarına. Bəri başdan deyək ki, bu həşəmətli “bəy” düz uzun müddətdir ki, ölkəmizdə baş tutan bütün seçkilərdən sonra riyazi dillə desək, mənfi sonsuzluğa qədər uzanan uğursuzluqlarını ört-basdır etmək üçün “əbədi şefi” Əli Kərimlinin tapşırıqları əsasında isterikaya qapılaraq çox aqressiv şəkildə cəmiyyətimizə hücum edir, xalqımızı, hətta seçkilərə müsbət rəy verən beynəlxalq təşkilatları əsəbi şəkildə ittiham edir. Bu mənada Fuad Qəhrəmanlının yazdıqları ümumiyyətlə, qəbuledilməzdir. “Baş cəbhəçilər”dən olan bu zat sosial şəbəkələrdəki statuslarında cəmiyyətimizi nəinki ən ağır sözlərlə ittiham edir, hətta təhqir edir, insanları ictimai və siyasi cəhətdən şüursuz adlandırır. Hərdən daha da irəli gedərək xalqımızı “bayağı”, “səviyyəsiz”, zövqsüz” adlandıraraq deyir ki,ictimaiyyətin  “siyasi qulağı yoxdur”. Bir də şikayət edir ki, insanlar onları dinləmir. Sənin nəyini dinləsinlər, ay Fuad Qəhrəmanlı? Sizin xislətiniz də, əqidəniz də, daha doğrusu əqidəsizliyiniz də hamıya bəllidir.

Heç kimə sirr deyil ki, Ə.Kərimlinin sağ əli olan F. Qəhrəmanlı “7 fevral seçkiləri və bizi gözləyən perspektivlər” adlı yazısını da məhz AXCP sədrinin sifarişi və qrant adı altında aldığı çirkli pulların gözqamaşdıran atəşfəşanlığının təsiri altında, necə deyərlər, naşıcasına, xəyanətkarcasına və vicdansızcasına qələmə alıb.

Əvvəla F.Qəhrəmanlı da, onun “əqidədaşları” da yaxşı bilirlər  ki, (sadəcə olaraq etiraf etməyə cəsarətləri, xəyanətkarlıqları, xislətləri imkan vermir) 7 fevral prezident seçkiləri- Zəfər seçkiləri- İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində baş tutdu.  30 ildən sonra qalib Azərbaycanın vətəndaşları işğaldan azad edilmiş ərazilərdə- Xocalıda, Xankəndidə yaradılan 46 seçki məntəqəsi üzrə də  səsvermə hüququndan istifadə edərək ölkəmizin işıqlı gələcəyinə, tərəqqisinə səs verdilər.

Belə olan halda, görəsən F. Qəhrəmanlı kimiləri göynədən nədir? Təbii ki, beynəlxalq seçki müşahidə missiyalarının 7 fevral seçkilərinin azad, ədalətli, şəffaf, demokratik prinsiplər və normalar əsasında həyata keçirildiyini vurğulayaraq, seçici fəallığını yüksək qiymətləndirmələri bu zatın ovqatını təlx edib, əhvalını pozub. F.Qəhrəmanlı gerçəkliklərin qarşısında aciz qalaraq həqiqətləri etiraf etməyə məcbur qalıb. Xüsusilə 7 fevral seçkilərində səsvermə başa çatandan dərhal sonra Zəfər seçkisinin qalibi cənab İlham Əliyevə təbriklərin bir-birinin ardınca sıralanması, təbrik məktubları və zənglərin həcmi və miqyası da F. Qəhərmanlı kimilərin əsəblərini tarıma çəkib. Bu xəyanətkar, marginallaşmış zümrənin nümayəndələri ATƏT-in Baş katibi Helqa Maria Şmidin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamasını isə heç cür həzm edə bilmirlər. Çünki Helqa Maria Şmidin məktubunda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim. Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm. Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram. Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bütün gerçəkliklər ortadadır. Xalqımızın öz iradəsini bir daha bütün dünyaya bəyan etdiyi 7 fevarl seçkilərində səsvermə başa çatandan dərhal sonra cənab İlham Əliyevə təbriklərin bir-birinin ardınca sıralanması, təbrik məktublarının, zənglərin həcmi və miqyası da dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin və onların xaricdəki ağalarının, anti-Azərbaycan dairələrin yuxusunu ərşə çəkib.

Bu gerçəkliklərin fonunda Fuad Qəhrəmanlı kimi antimilli ünsürlərə böyük rus şairi Vladimir Mayokovskisayağı xitab etmək istərdik:

Alın...aa!
Yana-yana
qalın...aa!

Zahid Rza, “İki sahil”