10 fevral 2024 02:57
338

Aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir

Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaradır

Türkiyənin “Akıncı” hücum PUA-ları Azərbaycan Ordusunda silahlanmaya qəbul edilib

Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətlərinin fonunda dünya türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrilir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Dünya Azərbaycan-Türkiyə münasibətlərinin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Hər zaman biri-birinin yanında olan iki qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dünyaya nümayiş etdirdiyi birlik, həmrəylik bu gün də geniş müzakirə olunur. Müharibənin başlandığı ilk andan “Azərbycan tək deyil, Türkiyə yanındadır” mesajını verən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək siyasi və mənəvi dəstəyini əsirgəmədi. Tarixi Zəfərimizdən ötən bu müddət ərzində iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir ki, müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbəmizin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayan Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu və həmin səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında «Atılacaq daha çox imzalar var» deməklə sonrakı dövrdə görüləcək işlərin, imzalanacaq sənədlərin anonsunu verdi.

Enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır

Hazırkı dövrdə dövlətlərarası münasibətlərdən bəhs edərkən ilk olaraq qeyd edilən sahələrdən biri enerji sektoru olur. Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Qardaş ölkənin rəsmilərinin qeyd etdikləri kimi, Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzəyir. Həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. 2018-ci ilin iyun ayında Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimi qeyd etmişdir.

Azərbaycan və Türkiyə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan 44 günlük Vətən müharibəsində yazdığı tarixlə haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu, mühüm addım da Azərbaycan-Türkiyə birliyinin təqdimatı oldu. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bu mühüm məqamı qeyd edir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan zəfər dastanını yazmaqda davam edir. Ötən ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabr ayında isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Cənab İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Azərbaycanın bu zəfərini də qardaş Türkiyə bizimlə eyni şəkildə bayram etdi.

Ortaq Media Platforması

Tarixə yazılan ən önəmli hadisələrdən biri də Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə dünyaya açılması oldu. Bu mühüm addım da dünyaya növbəti mesajlardan oldu. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda gündəmə gətirilən əsas məsələlərdən biri də iki qardaş ölkənin Ortaq Media Platformasının yaradılması oldu. Bu sənəd Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında ölkəmizə səfəri çərçivəsində imzalandı. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda Ortaq Media Platformasının yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Sonralar imzalanan Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.

Yaxşı günlərdə də, çətin günlərdə də çiyin-çiyinə

Ötən ilin fevral ayında qardaş Türkiyə baş verən dəhşətli zəlzələ də Azərbaycanın dost ölkəyə ilk dəstəyi bu birliyimizi bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev qardaş ölkədə zəlzələ baş verən gün, fevralın 6-da Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi. Səfirlə söhbət zamanı ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.”

İlk gündən bu əminlik ifadə edildi ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Təbii ki, bu əminliyə əsas verən qardaş ölkənin gücü, qüdrəti idi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik: “Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.”

Ötən il fevralın 25-də dövlət başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfəri münasibətlərimizə bir daha işıq saldı. Cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirdi.

Bu birliyin bariz nümunəsi kimi ötən ilin mart ayında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün İstanbulda keçirilməsini qeyd edə bilərik. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da dövlət başçısı İlham Əliyev Türkiyədə zəlzələnin baş verdiyini nəzərə alaraq onun qardaş ölkədə keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Quruma üzv dövlətlərin yekdil qərarı əsasında tədbir Türkiyədə keçirildi.

Azərbaycan-Türkiyə arasında hərbi sahədəki əməkdaşlıq hazırda ən yüksək səviyyədədir

Azərbaycan-Türkiyə qardaşlığına işıq salan məqamları xeyli sayda sadalaya bilərik. Ötən il iyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər. Trkiyə Prezidenti bu mühüm addımı yüksək dəyərləndirdi. Onu da qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərindən sonra ilk səfərini Şimali Kipr Türk Respublikasının ardınca Azərbaycana etdi.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında hərbi sahədəki əməkdaşlıq hazırda ən yüksək səviyyədədir. Hər iki ölkə arasında imzalanan «Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında” Birgə Bəyannamə»dən sonra əlaqələrin yeni istiqamətlər üzrə davamının nəticəsidir ki, qardaş ölkədə hərbi sahədə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. «Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında» müqavilə və «Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması» çərçivəsində görülən işlər, hərbi təhsil sahəsindəki əməkdaşlıq ölkəmizin müdafiə qüdrətini gücləndirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması təmin edilir. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. «Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında» müqaviləyə əsasən atıcı silahların istehsalı, döyüş sursatlarının, mühəndis texniki vasitələrin, onların ehtiyat hissələrinin idxalı ilə bağlı layihələrin qarşılıqlı həyata keçirilməsi hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları səviyyəsində modernləşdirilməsinə kömək göstərir. Ölkələrarası hərbi əməkdaşlığın dərinləşməsi hər iki dövlətin milli maraqlarından irəli gəlir və perspektiv planlar qarşılıqlı əlaqələr sayəsində həyata keçirilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin qardaş ölkənin eyni profilli müəssisələri ilə əməkdaşlığı da ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.

Azərbaycan səmasında “Akıncı” hücum PUA-ları

Yeri gəlmişkən qeyd edək ki, fevralın 9-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldular və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izlədilər. Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına PUA Akademiyasında yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi.

Məlumdur ki, 2022-ci ildə Bakıda və ötən il İstanbulda «TEKNOFEST» festivalları keçirildi. Bu tədbir gənclərin yaradıcılıqlarının təqdimatı olmaqla yeni nəsildə hərbi hazırlığa maraq oyadacaq mühüm hadisədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında bu dostluğu, qardaşlığı belə ifadlə etdi: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” Məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. İki qardaş ölkənin birliyinin sarsılmazlığı Prezident Rəcəb Tayyib Ərdoğanın bu fikirlərində də özünün aydın ifadəsini tapır: “Bütün bunlarla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük əhəmiyyət kəsb edir. Bu sahədə atacağımız addımlarla birlikdə bu işin müdafiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə davam edəcəyik.”

“Bayraktar” Mərkəzinin yaradılması iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcək

Prezident İlham Əliyevin «Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni gücləndirir, ölkənin təhlükəsizliyini təmin edir. Azərbaycanda “Bayraktar” Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcəkdir” sözləri isə hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir.

Ötən il Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalında iştirak etdilər. “Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir” söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da böyük sevinc hissi ilə qeyd etdi ki, bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada olmuşdur. Cənab İlham Əliyev bu müjdəni verdi ki, Azərbaycanda “Bayraktar” Mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaq. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Dövlət başçısı onu da əlavə etdi ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur.

Aparılan qısa təhlil iki dost ölkənin münasibətlərinin aydın mənzərəsini təqdim edir. Şübhəsiz, bir yazı çərçivəsində Azərbaycan və Türkiyənin birgə addımladıqları yolun tam şəkildə təhlilini vermək mümkün deyil. Çünki hər gün müasir tariximizə bu dostluğun nümunəsi olan mühüm hadisənin yazılması ilə yadda qalır.

Azərbaycanın ərazi büövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında geniş imkanlar açır. Cənab İlham Əliyevə digər ölkələrin dövlət və hökumət başçılarının təbrikində də ölkəmizin gələcək uğurlarına diqqət yönəldilir, əməkdaşlığın daha da inkişafı üçün yeni imkanların yaranacağına əminliklər ifadə edilir. Fevralın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik etdi, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzuladı. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğuladı və bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırdı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “Bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə etdilər.

Yeganə Əliyeva, “İki sahil”