09 fevral 2024 15:00
242

Milli maraqlarımızın qorunmasına xidmət edən siyasət

Məlum olduğu kimi fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Parlamentlərarası İttifaqın  Baş Katibi Martin Çunqonqu qəbul etdi. Görüş zamanı möhtərəm Prezidentimiz İlham Əliyevin real və obyektiv faktlara söykənən çıxışı Azərbaycanın sülh təşəbbüslərinin və mövcud reallıqların diqqətə çatdırılması baxımından xeyli əhəmiyyətli oldu. Dövlət başçımız Minsk qrupunun yarıtmaz fəaliyyəti haqqında danışaraq Azərbaycanın Vətən Müharibəsindən sonra Ermənistana sülh təklif etdiyini bildirdi. Bəli, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanan tərəf olmasına baxmayaraq yüksək humanistlik göstərərək biabırçı şəkildə məğlub etdiyi Ermənistana dəfələrlə sülh təklif etmişdir. Təəssüf ki, Ermənistan tərəfi bu sülh təşəbbüslərini dəyərləndirməməklə yanaşı separatizm siyasətini və təxribatlarını davam edir, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Azərbaycan tərəfininin səbrli və humanist davranışları fonunda erməni təxribatları xüsusilə də Ermənistan rəhbərliyinin  ötən ilin sentyabr ayında “Dağlıq Qarabağ respublikası”-nın müstəqilliyi münasibətilə məktub göndərməsi və dırnaqarası “prezident seçkiləri” keçirməsi sülh prosesinə ciddi zərbə vurdu. Belə bir şəraitdə, dövlət Başçımızın qeyd etdiyi kimi antiterror tədbirləri qaçılmaz idi.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, daha sonra Azərbaycan Lideri Fransanın anti-sülh və vəziyyəti gərginləşdirmək cəhdlərindən danışdı. Vurğulamaq yerinə düşərdi ki, Fransa dövləti Ermənistanı öz maraqlarına alət edir, təxribatlara çəkərək və müxtəlif vasitələrlə sülh prosesinə mane olmağa çalışır. Hazırda Ermənistanın böhran içərisində və dalana dirənmiş vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də məhz Fransadır.

Çıxışı zamanı cənab Prezident İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli siyasəti haqqında danışaraq  Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacaq.  Möhtərəm Prezidentimiz bir daha göstərdi ki, heç kəs Azərbaycanla hədə-qorxu dili ilə danışa bilməz.