09 fevral 2024 01:36
311

Növbəti zəfərlərin başlanğıcı

Cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni üfüqlər açır      

Qalib Azərbaycan daha bir seçki kampaniyasını uğurla başa vurdu. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev 7 fevral  2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsi ilə  növbəti dəfə milyonların sevgisini, etimadını  qazanan Lider olduğunu təsdiqlədi. Bu seçkilər yeni dövrün başlanğıcı olmaqla yanaşı, 20 illik yolun uğurlarının təhilili və onların fonunda gələcəyə baxışın müəyyənləşdirilməsi üçün bir çağırışdır.

Bugünümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün 20 il bundan öncəyə, cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il  seçkilərinə nəzər salaq. Dövlət başçısının qeyd etdiyi kimi, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi: «Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.»

Son 20 ilin tarixi göz qabağındadır. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, özünü  həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində təsdiqləyir. Təbii ki, bu uğurlara nail olmaq üçün böyük səylər, qətiyyət göstərildi. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması onun həm iqtisadi əlaqələrinin möhkəmlənməsində, həm də xarici siyasət sahəsində davamlı uğurlarında öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, sabitlik olmadan heç bir sosial, iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Təbii ki, hər bir dövlət  investisiya yatırdığı ölkədədə ilk olaraq demokratik inkişafa, sabitliyin və qanunun aliliyinin hansı səviyyədə qorunmasına diqqət yetirir. Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması, həmçinin zəngin iqtisadi potensialı böyük investisiyalar məkanına çevrilməsində əhəmiyyətli rol oynayır. Son 20 ilin sosial-iqtisadi uğurlarına diqqət yetirək.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Əməkdaşlıq əlaqələrinin regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 4 il sonra - 2018-ci ilin may ayında rəsmi açılış mərasimi keçirildi. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni növbəti layihələrin müjdəsi kimi dəyərləndirdi.  2020-ci ilin dekabr ayında Cənub Qaz Dəhlizinin digər mühüm tərkib hissəsi olan TAP istifadəyə verildi. Bu layihənin reallığa çevrildiyi dövrə nəzər salmaq kifayətdir ki, Azərbaycanın iqtisadi və maliyyə imkanları barədə aydın təsəvvür yaransın. Həmin dövrdə dünyada, o cümlədən ölkəmizdə koronavirus infeksiyası ilə ciddi mübarizə tədbirləri həyata keçirilirdi. Həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi baş verdi. Bütün bunlara baxmayaraq ölkəmiz həm iqtisadi islahatları dərinləşdirdi, həm də heç bir sosial layihə təxirə salınmadı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olur  ki, bu da öz növbəsində mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasını şərtləndirir. Hazırda regionlarımız özünün inkişaf dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. «Neft kapitalını insan kapitalına  çevirək!» tezisi irəli sürüldü və bu istiqamətdə mühüm addımlar atıldı.

2003-cü ildə keçirilən  prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilən cənab İlham Əliyev 7 fevral 2024-cü il tarixli prezident seçkilərində 92, 05 faiz səs toplayaraq qələbəsini təmin etməklə xalqın yekdil inamını, etimadını qazandı. 20 ildə artan inam qazanılan səslərdən də aydın görünür. Cənab İlham Əliyev 2003-cü il  31 oktyabr tarixində  andiçmə mərasimində  bu vədini  vermişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”  Prezident İlham Əliyev  bu müraciətindən 17 il sonra 2020-ci ildə  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə verdiyi vədi reallığa çevirdi. 44 günün hər gününü tarixinə zəfər səhifəsi kimi yazan Azərbaycan hansı imkanlara malik olduğunu nümayiş etdirdi.

Onu da qeyd edək ki, Azərbaycan dəfələrlə ən yüksək tribunalardan Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğunun regionda sülh və təhlükəsizlik üçün əsas təhdid və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini bəyan etdi.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən  hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.

Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda,  Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi: «Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik.»

Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin 19 sentyabar tarixində həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində  ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə -15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı.

Qazanılan hər bir uğur cənab İlham Əliyevin xalqına verdiyi vədlərin reallıqda öz əksini tapması, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində inamının, etimadının doğruldulması idi. Çünki Ulu Öndər Heydər Əliyev həmin müraciətində  bildirmişdi ki, ağıra çatıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə başa çatdıracaq. Cənab İlham Əliyevə özü qədər inanır və gələcəyinə böyük etimad göstərir.

Məhz buna görədir ki, 2020-ci il noyabrın 8-də  Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»

Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Bu baxımdan həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi kimin ədalətin, kimin şərin, kimin  dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə  rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da  unudulmasın. Yalnız bu halda  münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından ürəklə  danışmaq mümkün olar. 44 günlük müharibənin işıq saldığı əsas məqamlardan biri məhz beynəlxalq hüququn qorunması üçün  qəbul edilən qərar və qətnamələrin lazım gəldikdə bir saat ərzində icrası, maraqlara uyğun olmadıqda isə 30 il tətbiqini gözləməsi oldu. Amma Azərbaycan yaratdığı yeni reallıqlarla, beynəlxalq hüquq normalarını tətbiq etməklə  bir daha dünyaya bu günədək hökm sürən yanaşmanın yanlışlığını göstərdi.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın artan beynəlxalq nüfuzu həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafında özünün aydın ifadəsini tapır. Azərbaycanın türk dünyasının birliyi istiqamətində atdığı addımlar təqdir edilir. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görülməsi bu birliyə  verdiyi töhfələrin təqdimatıdır. Tarixi Zəfərimiz bu birliyin daha da möhkəmlənməsində öz sözünü deyir. Yeri düşmüşkən qeyd edək ki, cənab İlham Əliyevin 7 fevral 2024-cü il tarixli prezident seçkilərində inamlı qələbəsindən sonra ona ünvanlanan təbriklər arasında türkdilli ölkələrin dövlət başçıları xüsusi yer tutur. Təbii ki, daim türk dünyasına çağırış edən Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı bu qələbənin sevincinin yaşanmasında da özünü göstərir. Fevralın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Prezident İlham Əliyevə zəng etdi. Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik etdi, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzuladı.  Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğuladı, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırdı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “Bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə etdilər.

Onu da qeyd edək ki, azad Qarabağımız 2021-ci ildə Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin  təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik etdi.

Hazırda qürurverici hadisələrdən biri  bu gün nəinki paytaxt Bakının, həmçinin işğaldan azad edilmiş ərazilərimizin, Şuşamızın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olmasıdır. Azərbaycan ev sahibliyi etdiyi tədbirlərlə hansı imkanlara malik olduğunu nümayiş etdirir. Məlum olduğu kimi, ölkəmiz bu ilin dekabr ayında  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Bu, Azərbaycana göstərilən böyük etimadın təqdimatıdır. Bu barədə qərar ötən  ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi  üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında qəbul olundu.  Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə  ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi ölkəmizə olan  hörməti daha da artırdı. Bu hadisənin önəmi ondan ibarətdir ki, qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi.

Bunun üçün təkcə ötən  ildə ölkəmizin ev sahibliyi etdiyi və dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir ki, butün bunlar ölkəmizin artan  rolunun, Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.  Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları bu gün beynəlxalq baxışın yüksək səviyyədə olmasında özünün aydın ifadəsini tapır.

Azərbaycan dörd il 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik etdi. 120 ölkənin yekdil qərarı ilə bu mühüm addım atılmışdır. Ölkəmizin quruma sədrliyi dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşandığı və tarixi Zəfərimizin yaratdığı reallıqların qəbul etdirilməsi istiqamətində addımların atıldığı dövrə təsadüf edir. Ölkəmizin koranavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı təşəbbüsləri  ilk andan beynəlxalq dəstək qazandı. Qlobal problemə qarşı birgə addımların atılması bir zərurət kimi qarşıya qoyuldu. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının ardınca Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Azərbaycan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda 80-dan artıq ölkəyə maddi və humanitar yardım göstərdi. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində  Qoşulmama Hərəkatının  sədri qismində dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə  quruma üzv dövlətlərin  adından irəli sürülmüş  COVID-19 əleyhinə peyvəndlərə bərabər , məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamə qəbul edildi. Bütün bunlar Azərbaycanın yürütdüyü siyasətə, irəli sürdüyü təşəbbüslərə dəstəyin göstəricisidir.

Azərbaycanın bu gunədək ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirdikdə artan nüfuzunun şahidi oluruq.  O da məlumdur ki, 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Hətta ötən  il Bakıda  Azərbaycanın yeni texnologiyalar sahəsində qazandığı uğurların  dünyaya təqdimatında öz sözünü deyəcək  74-cü Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə keçirildi.

COP29 Azərbaycanın hazırkı dövrün çağırışı olan bərpaolunan enerji mənbələri sahəsində böyük potensiala və təcrübəyə malik olduğunu dünyaya təqdim edəcək. Tarixi Zəfərimizdən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsi daha da aktuallaşdı.

Bütün bunlar onu göstərir ki, Azərbaycan hər bir sahədə nümunəvi təcrübəyə malikdir. Bunun əsasında dövlət başçısı İlham Əliyevin ilk gündən bütün yeniliklərin Azərbaycanda tətbiqi ilə bağlı çağırışı dayanır. Azərbaycan hazırda innovasiyalar ölkəsi kimi nüfuz qazanır və kosmik ailənin fəal üzvüdür.  

Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Azərbaycan demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizdə bu sahədə həyata keçirilən islahatların uğurlu nəticələri göz qabağındadır. Ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, azad mətbuatın inkişafı istiqamətində davamlı addımlar atılır, seçkilərin demokratikliyinin təmin edilməsi üçün Seçki Məcəlləsi daim dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Təbii ki, 20 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, cənab İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı  işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Xalqımız bu hədəflərə qalib Liderlə birgə addımlamaq istəyini 7 fevral prezident seçkilərində təsdiqlədi. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.

Yeganə Əliyeva, «İki sahil»