09 fevral 2024 01:15
454

Milli xəyanətkarların sosial zibilxanalarının iy verən böhtanları

Oyununuz olsun, «Milli Şura», AXCP və Müsavat Partiyasının saxta demokratiya aşiqləri. Yenə Vətəni satmaq üçün bazarlığa başlamısınız. İştirak etmədiyiniz seçkilər, izləmədiyiniz səsvermə prosesi barədə havadarlarınızın dili ilə danışırsınız. 7 fevralda keçirilən prezident seçkiləri radikal qrant alverçiləri arasında rəqabəti gücləndirib, satqınlıq bazarını qızışdırıb. Vicdanlarını xarici havardarlarına satan « mühacir alverçisi», AXCP sədri Əli Kərimlinin, Müsavat Partiyasının başqanı Arif Hacılının, «Milli Şura»nın Koordinasiya Mərkəzinin başsız başbilənləri sosial şəbəkələrdə fəallaşaraq guya «Ölkədə demokratik seçki mühitinin olmamasını, seçki saxtakarlığını həyata keçirən komissiyaların hakimiyyətin nəzarətində olmasını, effektiv yerli müşahidə fəaliyyətinə imkan verilməməsi və siyasi repressiyalar, basqılar şəraitində fəaliyyət, yarışma imkanlarının olmaması» barədə yalan maşınlarını işə salaraq ümumxalq rəyinə özlərinə xas qaydada kölgə salmağa çalışırlar.

7 fevral seçkiləri ilə bağlı ilk gündən səbatsızlıqlarını, sosial bazalarının olmadığını « boykot» çağırışıları ilə gizlədənlər yenə də Azərbaycanı istəməyən dairələrin qapılarında sülənərək, şəxsi mənafelərini, milli maraqlardan üstün tutaraq yalanlarını, böhtanlarını sosial şəbəkələrdə yayırlar. Prezident seçkilərinin guya «xalqın iradəsinin əks etdirilmədiyi , fəallıq hiss olunmadığı şəraitdə keçirildiyi»ni iddia edənlərin siyasi korluğu bir daha təsdiqləndi. Əgər onların həqiqətən hadisələri düzgün qiymətləndirmək bacarıqları olsaydı ən azından səsvermədə iştirak edən insanların izdihamını, namizədlərinə etimad göstərmək üçün məntəqələrdə yaranan seçici növbələrini görməli idilər. İctimai etimad qazana bilməyən qaragüruhçuların « karusel» bəhanələri də əsassızdır. Çünki səsvermədə iştirak edənlərin çöhrəsində hiss olunan yüksək əhval- ruhiyyə, hər yerdə eşidilən biri-birini təbrik sədaları onların iddia etdikləri yalanları əks etdirmir. Qrant naminə vicdanlarını satanların guya, «yerli müşahidəçilərə səsvermə prosesini izləməyə imkan verilməməsi» kimi bəhanələri də yersizdir. Çünki seçkilərə hazırlığın ilk mərhələsindən Mərkəzi Seçki Komissiyası tərəfindən elan olundu ki, istənilən Azərbaycan vətəndaşı səsvermə prosesini könüllü izləyə bilər. Bu cür saxta bəhanələrlə səsvermə prosesinə kölgə salmaq istəyənlər beynəlxalq müşahidəçilərin seçkilərin demokratiyanın tələblərinə uyğun keçirildiyi barədəki açıqlamalarından nümunə götürüb, xəcalət çəksinlər. Milli xainlərin sosial şəbəkədə «saxtakarlıq yolu ilə hakimiyyətin növbəti dəfə zəbt olunması» kimi yalanları elə radikalların özlərinə xas əməllərdir. 1992-ci ildə hakimiyyətə tanklar üzərində gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün sınaqdan keçirdikləri bu üsul AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başkanı Arif Hacılıya xas olan tanış təcrübədir. Çünki qanunsuz aksiyalar, çirkli pulların yuyulması mexanizmi anti-Azərbaycan şəbəkənin daim istifadə etdiyi metoddur. Siyasi səbatsızlar növbəti uğursuzluqlarını gizlətmək üçün « Biz də varıq» deyimindən yenə də yararlanmağa çalışırlar. «Hüquq müdafiəçisi», «qeyri hökümət təşkilatları» adı altında xarici havadarlarına yaranan, erməni lobbisinin cüzi vəsaitləri hesabına Azərbaycan dövlətçiliyinə, milli maraqlarımıza xəyanət edən, düşdükləri psixoloji vəziyyətlərini gizlətmək üçün həqiqətə yalan don geyindirənlərə AXC-nin sədri, sabiq prezident Əbülfəz Elçibəyin « Ay məmurlar, rüşvəti milyonla almayın, yüz minlərlə alın, insafla alın» sözlərini xatırladaq. Onu da yada salaq ki, dedikləri «kürü diplomatiyası» da AXC-Müsavat cütlüyünün hakimiyyəti dövrünə xas olan ticarətdir.

Güya seçkidən qabaq «ictimai diskussiyalar aparılmadığını» bəhanə gətirən Müsavat təmsilçilərinə xatırladaq ki, Azərbaycan xalqı yekdil fikrini İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri, Ali Baş Komandan İlham Əliyevlə birliyi ilə bildirmişdi. Həmin Qələbə ruhu ilə seçkilərdə iştirak edən Azərbaycan xalqı 7 fevralda həmrəyliklərini təkrarlayaraq ən layiqli namizədə, cənab İlham Əliyevə etimad göstərdi. «Seçkilərin bütün ərazilərdə keçirilmədiyi» barədəki sərsəmləmələr isə heç zaman bağışlanılmayacaq xəyanətdir.

Qaragüruhçuların Azərbaycanın daimi rəqibi AŞPA-nın deputatları, Azərbaycan üzrə keçmiş həmməruzəçi Stefan Şennaxa, Frank Şvabeyə istinad edərək 7 fevral seçkilərinə qara yaxmalarının açıqlaması belədir: «Dostunu göstər, sənin kim olduğunu deyim.» Seçkilərin nəticələrini Azərbaycanın əbədi müstəqilliyinin, suverenliyinin təsdiqi kimi qeyd edən Azərbaycan xalqının sevincindən kədərlənən səbatsızlar bilməlidirlər ki, insanlar bu tarixi, əlamətdar günü ürəklərindən keçən səviyyədə qeyd etdilər. Haqları da var idi. İnsanlar AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Ermənistana təhvil verilən Şuşanın azad edildiyi, Xankəndidə Azərbaycanın Dövlət Bayrağının dalğalandığı günlərdə də eyni izdihamla küçələrə axışmışdılar. Çünki bu sevinc elin birlik, həmrəylik bayramı idi. O zaman da milli təəssübdən uzaq xəyanətkarlar susaraq xalqın sevincinə şərik olmadılar. Ermənipərəst ağalarının hiddətindən qorxaraq ermənilərə yas saxladılar. Bu günlərdə də eyni, yad təfəkkürləri ilə özlərini cəmiyyətdən uzaqlaşdıranların xəyanətləri dəyirmanın baş ağrıdan cax-caxına bənzəyir. Xalqdan uzaq düşənlər milyonların istəklərini duymaq qabiliyyətindən məhrumdurlar.

Xuraman İsmayılqızı, «İki sahil»