09 fevral 2024 01:57
289

Çoxüzlü molla rejimi...

İranda məmurların hərəsi bir zurna çalır

Bu ölkənin adı gələndə niyə üzümüzü turşudur, tüpürməyə yer axtarırıq? Çünki dərhal gözümüzün qarşısında üz-gözünü tük basmış, iblis sifətli, əmmaməsindən tər iyi gələn ağbaşlı şeytan mollalar canlanır. Düşüncəmizə hakim kəsilir ki, bunlar hər düşmənin bizə etmədiyi yamanlıqları ediblər və əllərinə fürsət keçsə yenə də edərlər. Çünki İkinci Qarabağ müharibəsindən əvvəl də, sonra da etdikləri müxənnətliklərin sayı-hesabı yoxdur. Məmurlarının kiçiyindən tutmuş dövlət rəhbərinədək hamısı bizə qənim kəsilib. Hətta şayətdir, birisi barəmizdə düzgün fikir söyləsə, dərhal o birisi onu ağzından vurub təkzib edəcəkdir.  Aşağıda bəhs edəcəyimiz məsələ bu fikrimizi bir daha təsdiq edir.

Bu günlərdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir və Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün qısadır. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək demişdi ki, Hindistanı, İranı, Azərbaycanı, Gürcüstanı, Qara dəniz ölkələrini və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün lazımi çalışmalar həyata keçirilir.

İndi gəlin, görək İranın iki səfirindən hansı düzünü deyib?

Şübhəsiz ki, Seyid Abbas Musəvinin fikri tamamilə doğrudur. Lakin İranın Ermənistandakı səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun öz beyinin məhsulu deyil, rəsmi Tehranın "ev tapşırığıdır". Tehranın isə niyyətinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Deməli, molla rejimi iki ildən sonra anlayıb ki, səhv edib və bu səhvi Mehdi Sübhaninin dili ilə düzəltməyi düşünür. Ancaq məsələ burasındadır ki, İranın seçdiyi Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün lazımi infrastruktur formalaşdırmayıb, heç bu işə başlamayıb da, çünki maliyyəsi yoxdur. Bunu Ermənistana üstünlük verən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb. Belə çıxır ki, diplomat başına zəhmət vermir, ağzına nə gəldi danışır.

Görürsünüzmü, hətta "qardaş" dedikləri hayların gücləri çatmadığı işin də bizim tərəfimizdən görülməsinə necə xainliklə mane olmağa çalışırlar? Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışdıqları yaxın illərin işidir. O zaman dövlət rəsmiləri həyasızlıqla bildirirdilər ki, guya bu, onların “qırmızı xəttidir.” Bu, həm bizim, həm də Ermənistanın daxili işlərinə qarışmaq, daha doğrusu ara qarışdırmaq idi. Molla rejimi hansı ixtiyarla başqa dövlətlərin ərazilərinə nəzarət edir? Əlbəttə, bunların heç birini unutmamışıq və şübhəsiz ki, yaddaşımızda və tariximizdə qalacaqdır.

Deməli, molla rejimi təkcə Zəngəzur dəhlizi məsələsində deyil, bütün məsələlərdə haylar üçün daim "yaşıl işıq" yandırır, bizim üçün isə "qırmızı cizgilər" tətbiq edir. Ancaq nə vaxtsa bizə qarşı törətdiyi bəd əməllərinin bədəlini ödəməli olcaq, çünki fizikanın qanunlarına görə, təsir əks-təsirə bərabər olur.

Vəli İlyasov, "İki sahil"