09 fevral 2024 00:58
376

Azadlığından əsər-əlamət olmayan “Azadlıq radiosu”na verilən dərs

ABŞ və digər Qərb ölkələri, xüsusilə Fransa Azərbaycanın son illərdə güclənən mövqeyini və ortaya qoyduğu siyasi əzmi həzm edə bilmirlər. Ona görə də onlar müxtəlif beynəlxalq qurumlar, o cümlədən Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı kim qurumlar vasitəsilə hər vəchlə rəsmi Bakıya təzyiqlər edirlər.  Daha doğrusu, onlar Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar nəticəsində sülh üçün lazımi şərait formalaşdığı bir vaxtda yekun nəticənin əldə olunmasına  əngəl yaratmaqdadırlar.  Özü də bu məkrli siyasətlərində guya Azərbaycanın yürütdüyü siyasət nəticəsində “hüquqları pozulmuş” Ermənistandan alət kimi istifadə edirlər. Onlar həmçinin anti-Azərbaycan təbliğatları üçün USAID, "Human Rights Watch", "Amnesty International" kimi "ixtisaslaşmış" təsisatlarını, həmçinin bəzi media strukturlarını da təsir dairələrinə salıblar.

Həmin media strukturları arasında “Azadlıq radiosu” da vardır. Bu “media orqanı” ağalarından aldığı tapşırıqlar əsasında ölkəmizlə əlaqədar başdan-başa yalan məlumatlar yayır. 44 günlük Vətən müharibəsi dövründə, həmçinin 23 saatlıq lokal antiterror tədbirləri zamanı ölkəmizə qarşı qərəzli move tutan “Azadlıq radiosu” Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində də öz xislətindən əl çəkmədi. Yəni, sosioloji normalara uyğun olmayan "sorğular" keçirməklə ölkəmizə qarşı qərəzini bir daha nümayiş etdirdi.

Amma seçicilər bu “media qurumu”nun dediklərinə uymadı və onlar bu seçkinin tarixi əhəmiyyətini yaxşı başa düşərək səsvermə prosesində böyük ruh yüksəkliyi ilə iştirak etdilər və konstitusion hüquqlarını həyata keçirərək öz namizədlərinə səs verdilər. Bu coşqunluq ölkəmizin hər bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə də hökm sürdü. Nəticədə elə bir səsvermə keçirildi ki… Siyasi Araşdırmalar İnstitutunun direktoru, müşahidəçi Sergey Markovun sözləri ilə desək, bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf etməli olacaqlar. Bu mənzərələri Amerikanın, daha doğrusu, ABŞ Konqresinin maliyyələşdirdiyi, elə bu səbəbdən senatorların ermənipərəst mövqeyini sərgiləyən “Azadlıq radiosu” da görməmiş deyil. Bununla da 7 fevralda xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan prezident seçkiləri artıq tarixə qovuşdu. Bəli, Azərbaycan bu seçimdən, bu sınaqdan da şərəflə çıxdı. İlkin nəticələrə görə, seçicilərin 92,05 faizinin səsini qazanan cənab İlham Əliyev seçki birincisidir. Bununla da Zəfər Prezidentinə daha 7 illik etimad göstərilib. Bir sözlə, Azərbaycan fəaliyyətində azadlıqdan, demokratiyadan əsər-əlamət olmayan “Azadlıq radiosu”na növbəti dərsini verib.

Bu isə o deməkdir ki, bu missiyaya, bu siyasətə, bu kursa zaval yoxdur. Bu fakt həm də  bir daha sübut etdi ki, makronların və onun havadarlarının sifarişlərini yerinə yetirərək anti-Azərbaycan təbliğatı aparanlar, o cümlədən  azadlıq və demokratiyadan dəm vuran “Azadlıq radiosu” heç zaman xalqımızın əzmini qıra bilməzlər.

Görünür, ölkəmizə qarşı qərəz, kin araba kölgəsində yatan bu “media qurumu”nun gözlərini elə tutub ki, artıq  həqiqətlə belə barışmaq istəmir. Yəni, radio bütün xəbər və reportajlarında Azərbaycanda görülmüş müsbət işlərə qara yaxır, dünyada ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa cəhdlər göstərir. Şübhəsiz, “Azadlıq radiosu”nun dünyada gündən-günə nüfuzunu artıran Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi ABŞ-ın və Qərbin bəzi dairələrinin təzyiqi kimi qiymətləndirilməlidir. Yaxşı olardı ki, bu qurum dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünün, qaçqın vəziyyətinə düşməsinin, səfalət içində yaşamasının baiskarı olan ABŞ, həmçinin hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyən, maraqları naminə Cənubi Qafqazda möhləmlənmək istəyən Fransa haqqında obyektiv reportajlar hazırlasın.

Qvami Məhəbbətoğlu, “İki sahil”