09 fevral 2024 00:23
278

Əli Kərimli, gözündən qara pərdəni, qəlbindən xəyanəti at!

7 fevralda keçirilən prezident seçkilərində növbəti Zəfər sevincini yaşayan Azərbaycan xalqı seçimi ilə qaragüruhçulara əbədi «boykot» yolunu göstərdi

Azərbaycan xalqı 7 fevralda daha bir tarixi günün sevincini yaşadı. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri el şənlikləri kimi qeyd edən ölkə vətəndaşları həmin günün təntənəsini təkrar yaşadılar. Torpaqlarımızı iğaladan azad etməklə keçmiş köçkünlərin yurd həsrətinə son qoyan xilaskarlarının Qələbəsinə sevinən milyonlar Prezident İlham Əliyevə həmrəyliklərini bir daha bildirdilər. Dövlət başçımızın 7 fevralda ailəsi ilə birlikdə Xankəndidə səsverməsi daxili xəyanətkarlara, separatçılara, Ermənistanı dəstəkləyənlərə daha ağır zərbə oldu. Ötən ilin 19-20 sentyabrında aparılan anttiterror tədbirləri ilə separatçıların kökünü birdəfəlik kəsən, Xankəndidə xalqa müraciəti ilə liderlik cəsarətini bildirən, bu şəhərdə hərbi paradın keçirilməsi ilə Ali Baş Komandan kimi sərkərdəlik məharətini dünyaya bəyan edən, stadionunda hayların axsaq, sürüşkən «diplomatiyasına» siyasi qol vuran Prezident İlham Əliyev 7 fevralda qazandığı Qələbə ilə « Heç kim Azərbaycanla təhdid, təzyiq dili ilə danışa bilməz» sözlərini real həyatda gerçəkləşdirdi.

7 fevral seçkilərinə hazırlıq mərhələsini, səsvermə prosesini izləyən beynəlxalq müşahidəçilərin açıqladıqları rəsmi hesabatlarda ölkəmiz haqqında deyilən xoş sözlər Azərbaycanı demokrtiya yolu ilə dünyaya inteqrasiya edən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin ölkədə söz, vicdan, sərəbəst toplanmaq, mətbuat azadlığı, insan hüquqlarının qorunması üçün yaratdığı şəraitə beynəlxalq səviyyədə verilən dəyər idi. Seçkilərin nəticələrini açıqlayan müşahidəçilərin «Kaş İlham Əliyev bizim Prezidentimiz olardı», « Azərbaycan xalqının qazandığı hərbi , siyasi, diplomatik Qələbə regional sülhə töhfədir», «Bu seçkilər Azərbaycan üçün tam bir demokratik bayram oldu. Bu, çox əhəmiyyətli bayram idi, çünki ilk dəfə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi» kimi sözlər hər bir azərbaycanlını qürurlandırdı. Xalqımızın, bütün dünya azərbaycanlılarının kütləvi, bayram əhval- ruhiyyəsi ilə prezident seçkilərində iştirakı 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra yaşadığımız ən möhtəşəm tarixi hadisə, birlik və həmrəyliyimizin təzahürü idi. Daha bir tarixi sınaqdan el birliyi ilə uğurla çıxan xalqımız dünya siyasətçiləri arasında böyük nüfuz qazanan, sözünə imzası qədər dəyər verən Liderinin ətrafında sıx birləşdi. Dəmir yumruğun gücünə güc qatdı. Xəritədə başqa dövlətlərlə müqayisədə ərazi baxımından kiçik, amma geosiyasi cəhətdən dünyanın özü boyda əhəmiyyətə malik Azərbaycanın əbədi varlığı bu seçkilərdəki birliyimizlə təsdiqləndi.

Bu seçki başda AXCP sədri Əli Kərimli, milli mənsubluqları qarışıq «Milli Şura» təmsilçilərinin, Müsavat Partiyası funksionerlərinin, bütün dağıdıcı ünsürlərin « Bəlkə də qaytardılar!» sərsəmləmələrinə milyonluq şillə oldu. Əli Kərimlinin Avropada bəslədiyi trollarının böhtanları xalqın daha uca eşidilən səsinin qarşılığnda milçək vızıltısı kimi ürək bulandırdı. Avropanın günc-bucağında küllənən milli xəyanətkarların böhtanlarından fərqli olaraq 7 fevral seçkilərini izləyən avropalı müşahidəçilərin Azərbaycanda gördüklərindən, bu xalqın heç bir ölkədə rast gəlinməyən birliyindən heyrətlənmələri daha inandırıcı idi.

Siyasi kampaniyanın ilk günündən «boykot» çarşabına bürünən səbatsızların özləri növbəti boykotun rüsvayçılığını yaşadılar. Xalq adından danışsalar da cəmiyyətdə bivec tayfa kimi tanınan, ictimaiyyət arasında hörməti olmayan əlilər,cəmillər, ariflər, gültəkinlər əsl xalq birliyinin şahidi oldular. Küçələrdə, seçki məntəqələrinin qarşısında gördükləri izdihama həsrətlə baxan, sosial baza həsrəti ilə yanıb-tutuşan Əli Kərimli heç yuxusunda da bu mənzərəni görə bilməzdi. Çünki xalqla bir olmayanı cəmiyyət heç vaxt qəbul etmir. Bu həqiqətin acısını 1993-cü ildə yaşayan AXC-Müsavat cütlüyünün bu günə qalan təkəm-seyrək tör-töküntüləri bu seçkilərdə xalq tərəfindən əbədi yox olmaq mesajını aldılar. Onların ürək bulandıran sayıqlamaları ilə müqayisədə yüzlərlə xarici müşahidəçinin söylədikləri həqiqətlər daha inandırıcı idi. Küçədə rast dəldiklərini pul ilə aldadıb AXCP üzvü kimi təqdim edərək «zəngin sosial baza»ya malik olduqları görüntüsü yaratmaq təcrübəsi də Əli Kərimlinin işinə yaramadı. «Yurd»u boş qalmış sədr gördü ki, həqiqi yurd ona sahib çıxanlar, torpaq uğrunda şəhid olanlar üçün doğma , əvəzedilməzdir. Milli təəssübünü yadların xəyanət bazarlarında satanlar üçün Vətən ayaq basıb keçilən torpaqdan başqa bir şey deyildir. Yurd, Vətən onu tanıyıb sevənlər üçün doğmadır, Əli Kərimli kimi yadlara əl açıb dilənənlər üçün deyil.

Özünü demokratiya aşiqləri hesab edənlər əsl demokratiyanın nə olduğunu gözləri ilə 7 fevralda gördülər. Ölkəmizdə seçki kampaniyasının bütün mərhələlərində qanunvericiliyin tələblərinə, demokratiyanın şərtlərinə uyğun, eyni zamanda başqa dövlətlərə nümunə göstəriləcək səviyyədə əməl edildiyini etiraf edən beynəlxalq müşahidəçilərin sözləri həmişə ağa qara deyən bataqlıq təfəkkürlü əlilərin, cəmillərin sözlərindən daha etibarlı, inandırıcıdır. Seçkilərdə könüllü, yüksək əhval-ruhiyyə ilə iştirak edən seçicilərin fəallığından, çox məntəqələrdə yaranan növbələrə şahidlik etdiklərini məmnunluqla söyləyən avropalı müşahidəçilərin sözlərindən nəticə çıxarmalı olan radikal düşərgənin xəyanətkarları əksinə, hələ də köhnə dəyimanın çaxçaxı kimi baş ağrıdırlar.

Təlimat aldıqları antiAzərbaycan təşkilatların sifarişlərini yerinə yetirən Sorosun uşaqları ABŞ Konqresinin maliyyələşdirdiyi «Amerikanın səsi», «Azadlıq» radiosu», «Osmanqızı TV», qaracüruhçu rejimə xidmət edən «Səhər TV» vasitəsilə növbədənkənar prezident seçkiləri ilə bağlı qarayaxma kampaniyalarını davam etdirirlər. Rüşvətxorluq və korrupsiya bataqlığı olduqları sübuta yetirilən qərəzli KİV-lər vasitəsilə əsası olmayan böhtanlar yayan qaracüruhçuların mollası Əli Kərimlinin özünə yaxın Anar Məmmədli kimi saxta ekspertdən istifadə şousu da baş tutmadı. Əli Kərimlinin «astar üzü» olan Anar Məmmədli ilə Əli Kərimlini eyniləşirən məqam isə havadarlarından aldıqları qrantları təkbaşına mənimsəmələridir.

«İslahatları» da özü kimi xəyanətdən qaynaqlanan «islahatçı sədr» Əli Kərimlinin trollarından, əbədi dostları Arif Məmmədovdan, Leyla və Arif Yunuslardan, Sevinc Osmanqızı variantlarından istifadə variantı da ovsaytda qaldı. Əli Kərimli tayfası kimi onları təlimatlanıdıranların da ümidləri özlərinin xəyal etdikləri qutuda qaldı.

Xuraman İsmayılqızı, «İki sahil»