09 fevral 2024 02:58
310

Bütöv və suveren Azərbaycan quran Prezident

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi xalqın öz Liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir

Çoxəsrlik dövlətçilik tariximizdə özünəməxsus yeri olan, nadir, bənzərsiz şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev tarixin yaddaşında əbədi iz qoymaqla yanaşı - rifahı, gələcəyi üçün həyatının son gününə kimi çalışdığı doğma Vətənini müəllifi olduğu möhkəm təməllər üzərində davam etdirən layiqli davamçısı cənab İlham Əliyevə əmanət etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 20 il ərzində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuş və hərtərəfli inkişafa nail olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. İstər iqtisadi-sosial, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Gözlərimiz qarşısında baş verən bu misilsiz inkişaf xalqın rifahının yüksəlməsi, mövcud problemlərin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib. Qlobal miqyasda baxılarsa, məsələ heç də təbii sərvətlərdə deyil. Nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, yoxsulluq və səfalət içərisində yaşayır. Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Yaxın və uzaq tarixdən buna çoxlu misallar gətirmək olar. Praqmatizm, çevik və məqsədyönlü dövlət siyasəti, uzaqgörənlik və həlledici anlarda qəti qərarlar qəbul etmək bacarığı, yüksək idarəçilik məharəti və humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub.

“Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 min 256 manat təşkil edib. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı inkişaf təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq ötən 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən demişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Qeyd etmişdir ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycanın ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlanıb. Nəticə göz qabağındadır: Azərbaycan heç vaxt tarixdə bu qədər güclü və qüdrətli olmayıb. Qazanılan uğurlar sırasında Qarabağ Zəfəri xüsusi yer tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında dəmir yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Qarabağ Zəfəri həm də türk dövlətlərinin ümumi qələbəsi kimi dəyərləndirilir və Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bunun əyani təsdiqidir. Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan İlham Əliyevin şah əsəridir. Son 20 ildə regionda həyata keçirilən bütün qlobal layihələrdə Azərbaycanın müdrik Prezidentinin imzası var. Bunlarla bağlı təkcə Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, yeddi ölkəni əhatə edən, dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək kifayətdir. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılması müasir neft-qaz epopeyamızın ən parlaq fəslidir. Müasir Azərbaycan adlı əsərin digər parlaq fəsillərini dünyada böyük maraq doğuran inkişaf modelləri, intellektual brendlər təşkil edir. Son vaxtlar bu sıraya müharibənin Azərbaycan modeli də əlavə olunub. XXI əsrin müharibəsini apararaq çətin relyefə malik böyük ərazini 44 gündə azad edən Azərbaycanın hərb təcrübəsi dünyanın inkişaf etmiş ölkələrində öyrənilir.

Göründüyü kimi, Prezident İlham Əliyev xalq-hakimiyyət birliyini, başçısı olduğu dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqını arxasınca aparmağı bacaran güclü və savadlı liderdir. Elə bir lider ki, müstəqil siyasət aparmaqla yanaşı, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin üstündə tutur, özünü bu xüsusiyyətləri ilə sevdirir və xalqına seçkilərdə onu seçməsində haqlı olduğunu hər dəfəsində sübut edir. İstər 2003, 2008, 2013, 2018-ci illərdəki, istərsə də 2024-cü il 7 fevral prezident seçkilərində Azərbaycan siyasətində onun alternativinin olmadığı bütün dünyaya şəffaf seçkilər vasitəsi ilə və xalqın böyük dəstəyi ilə sübut olundu. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etdi. Səsini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolu layiqincə davam etdirən, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə verdi. Müstəqillik tariximizdə bu, tamamilə fərqli seçki idi. Çünki 7 fevral seçkisi suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur daxil bütün ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30 ildə ilk dəfə olaraq – Xankəndidə, Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda seçki məntəqələri yaradılmışdı. Səsvermə günü səhər saatlarından seçicilər kütləvi şəkildə seçki məntəqələrinə axın etdi, Azərbaycanda indiyədək keçirilən seçkilərdə görünməyən seçici fəallığı müşahidə olundu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Cənab İlham Əliyevin səsvermə məntəqəsi kimi Xankəndini seçməsi simvolik məna daşıyır. Bu, dünyaya və dünya ermənizminə verilən mesajdır. Xankəndinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu şəhər bizim və bütün türk dünyası üçün çox önəmlidir. Beləliklə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi oldu. Azərbaycan xalqı Zəfər seçkisində Qalib sərkərdə İlham Əliyevə bir daha ən yüksək etimadı göstərdi, ona dövlətimizin daha da inkişafı, güclənməsi üçün növbəti 7 illik mandat verdi. Bu münasibətlə axşam saatlarında paytaxt sakinləri bayraqlarla küçələrə axışaraq, İlham Əliyevin Prezident seçilməsini bayram edib.

Zəmanəmizdə öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Yüksək intellekti, dərin ensiklopedik bilikləri, diplomatiya sahəsində məharəti, dəmir məntiqi, sözübütövlüyü ona beynəlxalq aləmdə də böyük nüfuz qazandırıb. Azərbaycan xalqı indi öz Prezidentini tam haqlı olaraq Müzəffər Ali Baş Komandan adlandırır və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur!

Sevinc Azadi, “İki sahil”