08 fevral 2024 15:38
271

Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir

Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu dəfələrlə vurğulayıb.  Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Lakin Azərbaycanın sülh təşəbbüslərinin qarşılığında Ermənistan öz havadarlarının diqtəsi ilə sülh prosesini uzatmaq yolunu tutub. Digər tərəfdən, bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiası hələ də qalmaqdadır. Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə və ölkəmizin ikili standartlarla üzləşməsinə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Ümumiyyətlə, Cənubi Qafqazda sülhün təmin olunmasına qarşı olan ölkələrin öndə gedəni Fransadır. Azərbaycanın erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Fransaya rahatlıq vermir. Beynəlxalq müstəvidə ölkəmizə qarşı qərəzli kampaniya aparan Fransa öz casuslarını da regiona göndərməkdən çəkinməyib. Lakin dövlətimiz bu casus şəbəkəsini də ifşa etdi. Ötən ilin sonlarında isə Fransa ilə Ermənistan arasında silah tədarükü haqqında müqavilə imzalanması Parisin Cənubi Qafqazda müharibənin yenidən alovlanmasında maraqlı olduğunu göstərir. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Müharibə dövründə və ondan sonra işğalçı Ermənistana və erməni separatizminə açıq dəstək verən rəsmi Paris beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bir müddət öncə Ermənistana silah tədarükü ilə bağlı müqavilənin imzalanması və artıq hücum xarakterli hərbi texnikaların Fransadan yola salınması Parisin Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən xəbər verir.

Aydındır ki, hələ 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Antiterror tədbirləri qaçılmaz idi, deyə qeyd edən ölkə başçısı ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu bildirdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Prezident İlham Əliyev ölkəmizin üzləşdiyi daha bir riyakarlıq faktına da diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri