07 fevral 2024 18:01
355

Şəffaf, azad və demokratik: Xətai rayonunda seçicilər yüksək fəallıq göstərirlər

Ölkəmizin həyatında mühüm rol oynayacaq bir siyasi kampaniyanı- 7 fevral prezident seçkilərini yüksək seçici fəallığı şəraitində keçirmək üçün bütün zəruri addımlar atıldı. Hər bir seçki prosesinin uğurlu sonluqla başa çatması təbii ki, ilk növbədə hazırlıq işlərinin yüksək səviyyədə görülməsindən, zəruri tədbirlərin həyata keçirilməsindən asılıdır. Azərbaycan zəngin seçki təcrübəsinə malikdir. Keçirilən hər bir seçki prosesi bu təcrübəninin daha da təkmilləşməsində öz sözünü deyir.

7 fevral prezident seçkilərini digər seçkilərdən fərqləndirən cəhət  seçicilərimizin artıq qalib xalqın seçiciləri kimi siyasi kampaniyaya qatılmalarıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması fonunda keçirilən bu seçkilər müasir tariximizə Zəfər seçkiləri kimi yazılacaq. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib Azərbaycanın yeni dövrünün yeni hədəflərinin müəyyənləşdirilməsinə öz töhfəsini vermək üçün  seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gəlib səsvermə prosesinin fəal iştirakçısına çevrildilər.

Xətai seçicilərinin fəallığını müşahidə etmək üçün  rayonun 33, 34, 35 və 36 saylı seçki dairələrinin əhatə etdikləri seçki məntəqələrində olduq. Seçicilər vətəndaşlıq borclarını yerinə yetirmək üçün  səhər saatlarından başlayaraq seçki məntəqələrinə gəlir, məntəqə seçki komissiyaları üzvlərinin, siyasi partiyaların, KİV nümayəndələrinin, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə  şəffaf, demokratik şəraitdə öz  iradələrini ifadə edir, istədikləri namizədə səs verirdilər.  Seçicilər ölkəmizdə tətbiq olunan “exit-pol”lun da  suallarına  münasibətlərini sərbəst şəkildə bildirirdilər.

Onu da qeyd edək ki,   ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının, Türk Dövlətləri Təşkilatının Parlamentlərarası Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyaları digər rayonlarla yanaşı, Xətai rayon əraisindəki seçki məntəqələrində də olaraq  müşahidələrini apardılar.  Bu, seçkilərə beynəlxalq  marağın təcəssümüdür. Eyni zamanda, beynəlxalq medianın da  marağı diqqətdən kənarda qalmadı.

Əvvəldə də qeyd etdiyimiz kimi, Xətai rayonunda   dörd seçki dairəsi (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai-Suraxanı seçki  dairəsi) fəaliyyət göstərir.

Seçki məntəqələrində bütün şərait yaradılıb

35 saylı Xətai  üçüncü seçki dairəsində olub bəzi məlumatları öyrəndik. Dairə Seçki Komissiyasının (DSK) sədri Gülnarə Salmanova bildirdi ki, dairənin ərazisində 41 daimi  və 6 qapalı seçki məntəqəsi fəaliyyət göstərir. 11 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu isə seçkiləri nəinki ölkə daxilində, eyni zamanda, xaricində izləmək üçün geniş imkanlar yaradır. Ümumilikdə səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb.

35 saylı Xətai üçüncu  seçki dairəsinin  50523 seçicisi olduğunu  xüsusi qeyd edən Gülnarə Salmanova onu da əlavə etdi ki, ilk dəfə səs verənlər də  çoxlüq təşkil edir. Onların sayı 357 nəfərdir. 

DSK sədri bu məqamı da böyük qürur hissi ilə qeyüd etdi ki, səhər saat 8:00-dan məntəqələrdə səsvermə başlanıb. Seçkilərə yüksək səviyyədə hazırlıq görülməsi səsvermənin şəffaf və mütəşəkkil keçməsinə imkan yaradır. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyirlər. Seçkilərin gedişini fasiləsiz yerli müşahidəçilər izləyir. Seçkilər demokratik keçir, nəticələrə mənfi təsir göstərə biləcək amillər yoxdur. Hər kəsin yaxından tanış olması üçün seçici siyahıları məntəqələrdə asılıb. Dairənin tərkibinə daxil olan  seçki məntəqələri lazımi inventar və avadanlıqla, məlumat kitabçaları ilə tam təchiz olunub.

 O da bildirildi ki, səsvermə prosesini izləyən xarici müşahidəçilər  heç bir qanun pozuntusuna rast gəlmədiklərini, seçkilərin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini qeyd edirlər.

35 saylı Xətai üçüncü  seçki dairəsinin 9 və 10 saylı seçki məntəqələrində olduq. 9 saylı Məntəqə Seçki Komissiyasının sədri Afət Əkbərova siyahı üzrə 1433 seçicinin səsvermədə iştirak etdiyini bildirdi. Vurğuladı ki, ilk dəfə səs verənlərin sayı 10 nəfərdir. Seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, prosesin şəffaflığının təmin olunmasında mühüm amillərdən biridir.

10 saylı Məntəqə Seçki Komissiyasının sədri Mətanət Əsgərova  1485 seçicinin səsvermədə  yüksək fəallıq nümayiş etdirdiyini bildirdi. O, bir nəfər ilk dəfə səs verən seçicinin olduğunu açıqladı.  

Məntəqədən uzaqlaşmadan səsvermə prosesində iştirak edən bir sıra seçicilərin münasibətini öyrənmək istədik.

Seçicilər: Qalib ölkənin vətəndaşları kimi səs vermək qürurvericidir

Seçicilər Naibə Həsənova (müəllimə)Rahib Həsənov (mühəndis)  bu dəfəki prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə qatıldıqlarını bildirdilər: “Bu gün böyük sevinc və qürur hissi ilə torpaqlarımızın işğaldan azad edilməsindən danışırıq. Biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Qürurvericidir ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə də  seçki məntəqələri fəaliyyət göstərir və soydaşlarımız öz doğma yurd-yuvalarında səsvermə prosesində iştirak edirlər. İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən Zəfər seçkilərinin keçirilməsindən qürur duyuruq. Seçici fəallğının yüksək olması hər birimizi sevindirir.

Digər məntəqələrdə də eyni ab- hava hökm sürürdü. Hər kəsdə bayram sevincini hiss etdik. Bu seçkilər ikiqat  sevinci özündə ehtiva etdi. Həm müstəqil tariximizin ilk Zəfər seçkiləri keçirilir, eyni zamanda, Azərbaycan demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazmaq üçün siyasi kampaniyanın demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün bütün zəruri addımları atdı.

Onu da qeyd edək ki, ümumilikdə Xətai rayonu üzrə 4 Dairə Seçki Komissiyasının əhatə etdiyi 157 məntəqədə 199.142 seçici qeydiyyatdadır. Belə ki, 33 saylı  Xətai birinci seçki dairəsi üzrə  qeydiyyatda olan seçici sayı 48103 nəfərdir. Dairədə semicilər 38 daimi və  bir qapalı seçki  məntəqəsində səs verib.  Bir qapalı seçki məntəqəsi üzrə  seçicilərin sayı 1035 nəfərdir.  34 saylı Xətai ikinci seçki dairəsində qeydiyyatda olan 50471 nəfər üçün 40 seçki məntəqəsi, 36 saylı Xətai-Suraxanı  seçki dairəsində qeydiyyatda olan 50045 nəfər seçici üçün 38 məntəqəsi xidmət göstərib.    Hər bir seçki məntəqəsində səsvermə prosesinin  yüksək fəallıq şəraitində keçməsi siyasi kampaniyanın müasir tariximizə ən parlaq səhifəni yazacağına şübhə yeri qoymadı. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir seçki keçilən yolun təhlili fonunda görülən işlərə yekun vurmaq, qarşıdakı dövrün hədəflərinə doğru atılacaq addımdır. Bu gələcəyin  yüksək səviyyədə təminatı isə  seçicilərin səsindən asılıdır. Hər bir səs gələcəyimizə çağırışdır. Seçicilər böyük ruh yüksəkliyi ilə seçimlərini paylaşır, qalib Azərbaycanın bu günü ilə böyük qürur duyub gələcəyə daha böyük zəfərlər arzu ilə  irəliləmək istəklərini bildirdilər.

Seçki məntəqələrində müşahidəçi qismində iştirak edənlərin rəyləri Azərbaycanın demokratik inkişaf tarixinə daha bir səhifənin yazılmasından xəbər verdi. Onlar bildirdilər ki,  seçkilərin demokrkatikliyini, şəffaflığını təmin etmək üçün bütün zəruri addımlar atılıb. Seçicilər öz seçimlərində azaddırlar. Seçki hüquqlarından  istifadə edərək həm özlərinin, həm də ölkənin gələcəyi naminə düzgün seçim etməyə çalışırlar. Barmağın gözəgörünməyən mürəkkəbə boyanması,  seçki məntəqələrində veb-kameraların quraşdırılması, məntəqələrin qarşısında “exit poll” keçirən qurumların təmsilçilərinin apardıqları sorğular bu şəffaflığa böyük töhfədir.

Beynəlxalq müşahidəçilər: Azərbaycanda səsvermə prosesi Avropanın bir çox ölkələrinə nümunə göstərilə bilər

Xarici müşahidəçilərin rəyləri də səsvermə prosesinin demokratikliyi barədə aydın təsəvvür yaratdı. Belə ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin 9, 10, 32 saylı seçki məntəqələrində seçkiləri müşahidə edən ATƏT-in Parlament Assambleyasının (PA) müşahidəçiləri Hamid Bari Hamid (Bolqarıstan), Sanner Jan Tore (Norveç), Pallachuk Anastasiya seçki kampaniyasının tam demokratik prinsiplərə uyğun, şəffaf  keçirildiyinin şahidi olduqlarını vurğuladılar:  “Müşahidəçilər qrupu səhər saatlarından başlayaraq seçki məntəqələrinə baş çəkir. Azərbaycanda səsvermə prosesi Avropanın bir çox ölkələrinə nümunə göstərilə bilər. Seçki tam şəffaf şəkildə, veb-kameraların nəzarəti altında aparılır. Burada ədalətli atmosfer hökm sürür. İndi saat 8:15-dir və görürsünüz ki, seçicilərin fəallığı müşahidə olunur. Həmçinin medianın əlçatanlığı bizi çox sevindirir. Biz əminik ki, media seçkinin nəticələrinin dəqiq işıqlandırılmasının təmin olunmasında böyük rol oynayacaq. Onu da xüsusi vurğulamalıyıq ki, hələ ki, heç bir qanun pozuntusu və bu kimi meyillər müşahidə etməmişik”.

Heç bir qanunsuzluqla qarşılaşmamışıq

35 saylı Xətai üçüncü seçki dairəsinin 33 saylı seçki məntəqəsində seçkini müşahidə edən müşahidəçilər Kozlak Yauhen, MDB-dən olan Anna Kojevnikova,  Sergey  Karavayev də seçkinin azad, ədalətli, rəqabətli və demokratik şəkildə həyata keçirildiyini qeyd edərək ilk növbədə seçici fəallığına görə Azərbaycan xalqını təbrik etdilər: “Əlbəttə, təəssüratımız yüksəkdir. Hələ ki, heç bir qanunsuzluqla qarşılaşmamışıq. Burada mütəşəkkillik var. Məntəqələrdə seçkilərin demokratik şəraitdə keçirilməsi, komissiya üzvlərinin fəaliyyəti, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün zəruri şərait yaradılıb. Təşkilatçılıq yüksək səviyyədədir. Seçki məntəqələrində veb-kameraların quraşdırılması və internet vasitəsilə səsvermənin izlənilməsini sözsüz ki, böyük nailiyyətdir. Biz Azərbaycanın bir çox yeniliklərini və təcrübələrini öyrənməli, tətbiq etməliyik. Öz gələcək prezidentinə səs vermək üçün məntəqələrə üz tutan vətəndaşlarınızın yüksək əhval-ruhiyyəsi nəzərimizdən yayınmadı. Düşünürük ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər”.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan növbəti seçki təcrübəsini və zəfərini təqdim etməyə hazırdır.

 Yeganə Əliyeva,
 Günel Eyyubova, “İki sahil”