07 fevral 2024 14:16
274

Parlamentlərarası İttifaqın Baş katibinin təklifi hər iki ölkə üçün məqbuldur - Kamran Bayramov

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma, Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb. Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistan bunu atdığı hər addımında açıq şəkildə göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  Azərbaycan 30 ilə yaxın işğal dövründə işğalçı dövlətin belə gedişlərinin mütəmadi şahidi olub. Danışıqlar prosesinin vaxtı yaxınlaşan kimi Ermənistan, ya, müxtəlif bəhanələrlə yayınır, ya da, cəbhə xəttində atəşkəsi pozaraq uzun müddət bu məsələnin müzakirə olunmasına çalışırdı. Təbii ki, bu hal danışıqların təxirə salınmasına yol açırdı ki, bu da öz növbəsində Ermənistana yeni müharibə planları hazırlamasına vaxt qazandırırdı. Bu gün də eyni oxşar abu-hava yaşanmaqdadar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsi müzakirə olunur və Ermənistandan sülh müqaviləsinin imzalanması üçün konkret addım gözlənilir. Əlbəttə,gələcəkdə təhdid yarada biləcək amillər aradan qaldırılmalıdır. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi və onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Əsl reallıq ondan ibarətdir ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən, qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən, azərbaycanlıların da Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin beş ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.
Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında bildirib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyi təklifi ilə çıxış etdi. Dövlətimizin başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, iki ölkənin parlamentləri arasında məhz, bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı.

K.Bayramov əlavə edib ki, Parlamentlərarası İttifaqın Baş katibi  tərəfindən səsləndirilən təklifdən Ermənistan parlamenti də boyun qaçırmamalıdır. Çünki,  Fransa kimi məqsədyönlü dövlətlərin təhriki ilə Avropa Şurası Parlament Assambleyasının ümumi sessiyalarında Azərbaycana qarşı qarayaxma kampaniyasında canfəşanlıq nümayiş etdirməkdənsə öz müqəddəratlarını özləri həll etsələr daha düzgün olar. Hər bir ölkənin  inkişafı daxili sabitlikdən asılıdır. Xaos, anarxiya, müharibələr inkişafın deyil, qaragüruhun göstəricisidir. Yaxşı olardı ki, Fransa dünyada ermənilərin müdafiəçisi imicinə bürünməkdən əl çəkərək öz ölkəsindəki qeyri-qanuni əməllərə son qoysun. Bu gün insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən sözügedən ölkə siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır.