06 fevral 2024 23:45
283

Sosial şəbəkə «qəhrəmancığazları»

Şəxsi maraqlarını hər şeydən üstün tutan dağıdıcı müxalifətin sosial dayaqdan danışması gülüncdür. Ona görə də ölkədə keçirilən bütün seçki proseslərindən öncə, eyni zamanda, sonra zəifliklərini, məğlubiyyətlərini ört-basdır etmək üçün müxtəlif yollara əl atırlar.  "Boykot” qərarı verən partiyaların ən əsas bəhanəsi isə hələ seçkiyə hazır olmamalıdır. Halbuki, gecə-gündüz Avropa dəyərlərindən, seçki mədəniyyətindən danışan həmin partiyalar dünya təcrübəsinə görə, istənilən siyasi şəraitə hazır olmalı idilər. Lakin aydın olur ki, bu siyasi qurumlar illərdir ancaq yalan şüarlar səsləndirməkdən başqa heç nə etməyiblər. 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərdə həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Faktiki olaraq, onlar Azərbaycanın siyasi sistemində heç bir çəkiyə malik deyillər. Ölkənin siyasi gündəmi üçün əhəmiyyətsiz qrup kimi xarakterizə olunurlar. Şuşada,Xankəndidə, Laçında bütövlükdə demək olar ki, sahiblərinə qovuşan bütün ərazilərimizdə dalğalanan bayraqlarımız  xalqımıza,  fərəh gətirdi, hər birimizi  qürurlandırdı.  Dostlarımız  Qələbəmizə sevindilər, yanımızda oldular. Artıq tarixin arxivinə atılan «Dağlıq Qarabağ münaqişəsi»ni yaradanlardan başqa. 

Daşnakların əsrlərdən bəri  hazırladıqları planlara uyğun həmin münaqişəni  yaradan «xarici ağalarına» boyun əyən daxili satqınlarımız da onlara xoş gəlsin,  dilənçi paylarını kəsməsinlər deyə başlarına  qara bağladılar. Son vaxtlarda daxili problemlərini  arxa plana keçirib, Cənubu Qafqazı xarici siyasətlərinin prioritetləri kimi gündəmdə saxlayan ABŞ-a, Fransaya, səlahiyyətsiz beynəlxalq qeyri-hökumət təşkilatlarına  xidmət edən   AXCP sədri Əli Kərimlinin, «Milli Şura»nın oyuncaq rəhbəri Cəmil Həsənlinin,  şər-böhtan ustası Fuad Qəhrəmanlının avropalaşmış, erməniləşmiş pas atan vicdanları dilə gəlmədi. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması  bütün dünyada  Azərbaycanın güdrətinin göstəricisi kimi etiraf edilsə də ağalarının itaətində olan milli satqınlarımızın qorxularından Şuşa, Xankəndi tərəfə baxmağa belə cürətləri çatmadı.

AXCP və Müsavat Partiyası da Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qoşularaq seçkilərdə iştirakdan imtina qərarı verdilər. Belə görüntü yaratmaq istəyirlər ki,  Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinə rəqibsiz, təkbaşına gedir. Amma yanılırlar. Azərbaycanda müxalifət təkcə AXCP və Müsavat Partiyasından ibarət deyil. Onlarla müxalif siyasi partiya var ki, həm elektoratlarının sayına, nüfuzlarına, güclərinə, həm də tutduqları milli, dövlətçi mövqelərinə görə adları çəkilən partiyalardan xeyli qabaqdadırlar.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Beş min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyənlərin indi seçkini boykot etmələri gülməli görünür. Şübhə yoxdur ki, seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmətin bir növüdür. Siyasi partiyanın əsas vəzifəsi sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirakdır. Bu məlunlar heç özləri də bilmirlər nə edirlər. Təbii ki, “Siyasi partiyalar haqqında” Qanunun tələbi hamı üçün keçərlidir, o cümlədən AXCP və digərləri üçün.  Parlament seçkilərində yoxdurlar, prezident seçkilərində yoxdurlar, bələdiyyə seçkilərində yoxdurlar. Maraqlıdır, bunlar hansı seçkiyə qatılacaqlar bəs? Bəlkə pambıq yığımı yarışlarını gözləyirlər? İşləri-gücləri saxta profillərlə sosial şəbəkələrdə qəhrəmanlıq etməkdir. AXCP sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı,  Milli Şuranın sədri Cəmil Həsənli, ReAl partiyasının icra katibi Natiq Cəfərli,  politoloq Ərəstun Oruclu, Jurnalist Cavanşir Həsənli kimilər bu gün seçkini gözdən salıb ölkənin beynəlxalq imicini korlamaq, seçkinin legitimliyini şübhə altına almaq üçün ağızlarına gələni yazırlar, paylaşırlar. Onlar “düzü də əyri görüb”, ölkədə gedən  ictimai-siyasi proseslərdən öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Hakimiyyət sevdasına düşən AXCP sədri Əli Kərimli 1993-cü ildən bəri min cür hoqqalardan çıxır. Əvvəllər AXCP və onun sədri çayxana müxalifəti kimi fəaliyyət göstərsə də, son illərdə sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olmasından istifadə edərək “Facebook” və “YouTube” kimi platformalarda antitəbliğatlar aparmağa başlayıb. Yəni, təkcə AXCP deyil, dağıdıcı müxalifətin digər üzvləri də “sosial şəbəkə müxalifəti” kimi ad çıxarıblar. AXCP sədri daim ölkəmizi gözdən salmaq üçün guya seçkilərdə onlara şərait yaradılmadığını və s. bəhanələr edərək, müxalifət düşərgəsində siyasi passivliyin daha da dərinləşməsinə səbəb olub. Əslində özü də gözəl anlayır ki, qatıldığı seçkilərdə seçicilər müxalifət liderlərinə etimad göstərmədilər, destruktiv və dağıdıcı siyasi qüvvələrin hakimiyyətə gəlmək istəyini dəstəkləmədilər. Elə bu səbəbdəndir ki, müxalifət daxilində də onu qəbul etmirlər. Bununla da həmin partiyanı tərk edənlərin sayı ilbəil artır. Nəyə qadir olduqlarını başa düşən dağıdıcılar seçkilərə hazırlaşmaq əvəzinə yalançı şoular düzənləməklə məşğuldurlar.  Dağıdıcı müxalifət partiyaları və onların “lider”lərinə isə ictimai maraq və etimad sıfır səviyyəsindədir. Bütün rəy sorğuları və mütəxəssislərin dəyərləndirməsi bu reallığı bir daha ortaya qoyur.

Şəmsiyyə Əliqızı, “İki sahil”