06 fevral 2024 23:11
332

Əli Kərimli şəxsi ambisiyalarının və inkarçılığın əsirinə çevrilib

İctimai rəyi çaşdırmaq məqsədi güdən yalan və iftiralardan istifadə edən AXCP sədri beynəlxlaq müşahidəçilərə və təşkilatlara seçki prosesi ilə bağlı yanlış məlumatlar ötürərək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi kampaniyaya xələl gətirərək özü barədə saxta “demokratiya təəssübkeşi” obrazı yaratmaq üçün gecə-gündüz tər töksə də, heç nəyə nail ola bilmir

Xaricdəki anti-Azərbaycan dairələrdən aldıqları qrantların müqabilində onlardan antimilli ideyalar idxal edən AXCP sədri Əli Kərimli və “əqidədaşları” son zamanlar erməni lobbisinin təsiri altında olan təşkilatlarla işbirliyinə girərək ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyasını gücləndirmək üçün ən iyrənc “texnologiyalardan” istifadə edirlər.

Məsələn, bu günlərdə Əli Kərimli “Toplum TV”yə müsahibəsində bildirib ki, AXCP 2010-cu il parlament və 2013-cü il prezident seçkilərindən əvvəl bütün seçkilərdə iştirak edib. Daha sonra “baş cəbhəçi” belə deyib: “Biz necə oldu ki, boykot qərarı verdik? Biz əvvəl bütün seçkilərdə iştirak edirdik. Axırıncı dəfə parlament seçkilərində 2010-cu ildə iştirak etdik. Və artıq saxtakarlıq o həddə çatdı ki, namizədlərimizin üçdə ikisini seçkiyə buraxmadılar. Prezident seçkilərində isə hamımızın birləşib müdafiə etdiyimiz Cəmil Həsənlinin namizəd olduğu seçkidə 58 faiz məntəqələrdə nəticələri saxtalaşdırdılar”.

Təbii ki, Ə.Kərimlinin dedikləri başdan ayağa yalan və manipulyasiyadan başqa bir şey deyil. Belə ki, bu günlərdə “Fakt Yoxla” saytı seçkilərlə bağlı onun iddiasının doğru olub-olmadığı barədə araşdırma aparıb və belə qənaətə gəlib ki, Əli Kərimlinin AXCP-nin 2010-cu ildən əvvəlki bütün seçkilərdə iştirak etməsi barədə dedikləri ağ yalandır. Araşdırmalardan məlum olub ki, Ə.Kərimli həmişə olduğu kimi bu dəfə də utanmadan yalan danışıb. Belə ki, Ə.Kərimlinin iddia etdiyi kimi, AXCP 2010-cu ildən əvvəlki bütün seçkilərdə iştirak etməyib. Məsələn, AXCP Əbülfəz Elçibəyin sədrliyi dövründə 1998-ci ildə keçirilən prezident seskilərini, Əli Kərimlinin sədrliyi dövründə 2006-cı ilin may ayında keçirilmiş qismən təkrar parlament və 2008-ci ilin oktyabr ayındakı prezident seçkilərini boykot edib. AXCP, həmçinin 2004-cü il bələdiyyə seçkilərində iştirak etməkdən imtina edib. 

Ə.Kərimli sosial şəbəkələrdəki çıxışlarında həqiqətləri gizlətməyə çalışsa da buna nail ola bilmir, əksinə təmsil olunduğu dağıdıcı düşərgənin paxırını açır, özünü  və “əqidədaşlarını” ifşa edir. Siyasi bioqrafiyası yalanlarla, xəyanətlərlə dolu olan Ə.Kərimli son günlər xidmət etdiyi anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edərək 7 fevral növbədənkənar prezident seçkiləri ətrafında yerli-yersiz hay-küy qaldıraraq, şou düzəldərək gündəmdə qalmağa çalışır. İctimai rəyi çaşdırmaq məqsədi güdən yalan və iftiralardan istifadə edən AXCP sədri beynəlxlaq müşahidəçilərə və təşkilatlara seçki prosesi ilə bağlı yanlış məlumatlar ötürərək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi kampaniyaya xələl gətirərək özü barədə saxta “demokratiya təəssübkeşi” obrazı yatarmaq üçün gecə-gündüz tər töksə də, heç nəyə nail ola bilmir.

Anti-Azərbaycan dairələrin sifarişi ilə, eləcə də öz acizliyini və gücsüzlüyünü anlayaraq seçkiləri “boykot” edən, şəxsi ambisiyalarının və hikkəsinin əsirinə çevrilən Əli Kərimli özü də yaxşı bilir ki, müdrik xalqımız böyük qürur və sevinc hissi ilə fevralın 7-də -milli və siyasi həmrəyliyimizin təntənəsi olan Zəfər seçkiləri günündə ölkəmizin daha parlaq gələcəyi naminə öz yenilməz iradəsini növbəti dəfə dünyaya bəyan edəcək.

Bütün bunların fonunda bütün siyasi kapitalı tükənən, müxalifətçiliyi dağıdıcılıq, pozuculuq, inkarçılıq kimi qavrayan, antimilli görüşlərinin, şəxsi ambisiyalarının və siyasi hirsinin-hikkəsinin əsirinə çevrilən, absurd teatrındakı rolunu uğursuzcasına oynayan, marginallaşaraq xalqdan uzaq düşən Ə.Kərimli və onun kimilər isə siyasi səhnədən silinərək tarixin zibilliyində itib-batacaqlar.

Zahid Rza, “İki sahil”