07 fevral 2024 02:38
298

Yelisey sarayı Ermənistandan sui-istifadə edir

Qanlı əməllərinə görə Afrikadan qovulan neokolonist Fransa öz məkrli planlarını Cənubi Qafqazda reallaşdırmaq üçün Hayastanı silahlandırır

Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, Fransa Cənubi Qafqazda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü diqqətə çatdıran dövlətimizin başçısı Fransanın Cənubi Qafqazda regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Heç kimə sirr deyil ki, son zamanlar Fransa öz geosiyasi maraqları naminə Cənubi Qafqazda silahlanma və hərbiləşmə siyasəti yeridərək Ermənistanı silahlandırır. Birmənalı demək olar ki, neokolonist siyasəti ilə tanınan, çağdaş dövrümüzdə belə qanlı müstəmləkəçilik siyasətindən əl çəkmək istəməyən rəsmi Parisin beynəlxalq hüquqa zidd hərəkətləri dünyada yeni münaqişə ocaqlarının yaranmasına yönəldilib.

Son dövrlərdə Ermənistan-Fransa hərbi texniki əməkdaşlığının dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Emmanuel Makron hökuməti bu çirkin planını reallaşdırmaq üçün hər cür addımlar atmaqda davam edir. Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan məsələ ilə bağlı yerli mətbuata müsahibəsində bildirib ki, silah və texnikanın əldə edilməsinin şaxələndirilməsi prosesində artıq yeni tərəfdaşlarla və bir çox supergüclərlə əlaqələr qurulub: “Xüsusən də Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrilib. 2022-ci ilin sentyabr hadisələrindən sonra mövcud bazarların və imkanların bizim üçün bağlandığı bəlli olanda biz diversifikasiyanın təmin edilməsi məsələsini qaldırdıq. Bu istiqamətdə bizim əhəmiyyətli irəliləyişlərimiz və uğurlarımız var”.

Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair konkret sənədlər imzalandı. Məhz bundan sonra Ermənistana zirehli texnikalar, radiolokasiya sistemləri və radioelektron mübarizə sistemləri verildi. 2023-cü ildə Fransanın müdafiə naziri Sebastyen Lekornu bildirib ki, üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin Ermənistana gələcək tədarükü bu ölkənin hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək edəcək. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək. Eləcə də Hayastanın silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək. Yeri gəlmişkən, Ermənistanın Hindistandan aldığı silahlar da əsasən Fransa lisenziyası ilə istehsal olunan silahlardır. 

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Radiosuna müsahibəsində bildirib ki, Rusiya bir neçə səbəbə görə Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz. O, həmçinin qeyd edib ki, Rusiya ilə hərbi əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz: “Biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya biləcəyimizi başa düşməliyik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual və konsepsiyanın yaradılmasında heç bir çətinlik yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası ilə idi”.

Təbii ki, Fransanın Ermənistanı silahlandırması regionda yeni qarşıdurmaya rəvac verən məkrli siyasətdir. Görünən odur ki, Afrikadan qovulan Fransa öz çirkin əməllərini Cənubi Qafqazda davam etdirmək istəyir. Müxtəlif yollarla bölgəyə nüfuz etməyə çalışan, bu coğrafiyada öz məkrli planlarını reallaşıdrmaq istəyən Yelisey sarayı Ermənistandan sui-istifadə edir. Təəssüf ki, əsl reallığı hələ də düzgün qiymətləndirə bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi anlamır ki, Fransanın bölgəmizlə bağlı girişdiyi təhlükəli oyunda çanaq İrəvanın başında çatlayacaq. Ona görə də rəsmi İrəvan hər fürsətdə regionda gərgnlik və qarşıdurma yaratmaq istəyən Fransanın əlində alət olmaqdan çəkinməli, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ölkəmizin sülhpərvər siyasətinə adekvat cavab verməli, bölgədə əmin-amanlığın, əməkdaşlığın bərqərar olması üçün ciddi addımlar atmalıdır.

Zahid Rza, “İki sahil”