06 fevral 2024 23:32
266

Ermənilər Zəngəzura necə sahib oldular?

Ancaq işğalın müəllifi haylar deyil, onların pərdə arxasındakı himayədarları idi

Çar Rusiyasının "quraşdırdığı" və Sovet Rusiyasının tanıyıb rəmiləşdirdiyi "erməni vilayəti" süni surətdə təşkil edildiyi üçün dövlət kimi mövcud deyildi. Buna görə də Ermənistan Paris Sülh Konfransında da de-fakto tanınmadı. Azərbaycan Cənubi Qafqazda yeganə dövlət oldu ki, orada de-fakto tanındı. Lakin dini təəssübkeşlikdən çıxış edərək Paris Sülh Konfransının Ali Şurasının tövsiyəsi də oldu ki, gedin, üç xalq öz aranızda ərazi məsələsini həll edin, ondan sonra de-yure tanınma olacaq. Təbii ki, burada söhbət Azərbaycanın yenidən parçalanmasından gedirdi. Borçalı mahalının Gürcüstana, Qərbi Azərbaycanın bir hissəsi Ermənistan adlandırılan dövlətə “bağışlandı”. O cümlədən, Zəngəzur da Sovet Rusiyasının təzyiqi ilə Azərbaycandan qoparılaraq ermənilərə verildi. İrəvan şəhəri təzyiq və hədə-qorxu altında Ermənistana paytaxt şəhəri elan olundu. Ancaq  bunlarla kifayətlənmirdilər, Naxçıvanın da Azərbaycandan qoparılması planlaşdırılmışdı. Lakin zamanın sərt sınaqlarını dəf etmiş Naxçıvan əhalisinin gərgin və inadlı mübarizəsi nəticəsində bu qədim diyarımız Ermənistana verilmədi. Çünki əhali bir nəfər kimi ayağa qalxaraq “öldü var, döndü yoxdur”, dedi. Ona görə də bolşevik Rusiyası və xarici dövlətlər Naxçıvanda at oynada bilmədilər. Bununla bərabər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk başda olmaqla “kamalist”lər Naxçıvanı öz doğma torpaqları kimi müdafiə etdilər.

Təəssüf ki, Paris Sülh Konfransında iştirak etmiş bir çox dövlətlər bu gün Ermənistanın böhtanlarını “tarixi həqiqət” kimi qəbul edir. Parisdə Azərbaycan nümayəndə heyətini sıxışdırılır, təzyiq edilir, onlara qarşı nifrətlə davranırdılar. Yolunu azmışlar  bizim nümayəndə heyətini ədalətsiz adlandırır, guya etnik təmizləmədə günahkar çıxarırdılar. Eynilə indiki kimi. Yalnız isimlər dəyişib. Bəziləri əslində ermənilərin 30 ildə bizə qarşı etdikləri vandalizmə dolayısı ilə haqq qazandırır və dəstək verir. Həqiqət isə odur ki,  Ermənistanın varlığı belə saxtadır. Yüz illik icarəyə verdiyimiz İrəvanın da haqqını tələb edə bilərik. Çünki biz insani hisslərə əsaslandıq, dostluq, normal qonşuluq, əmin-amanlıq olsun, dedik. Hətta ümumi düşmənə qarşı mübarizədə ermənilərə federasiya təklif etmişdik. Amma ermənilər bizim bu cür xoş məramımızdan sonra nəinki geri çəkildilər, illər sonra daha da quduzlaşaraq Qarabağla, Naxçıvanla bağlı iddialarını bir az da artırdılar.

Paris Sülh Konfransının Ali Şurası o dövr üçün çox böyük təşkilat idi. Qalib və məğlub tərəfləri özü müəyyən edirdi. Biz də sözün həqiqi mənasında böyük uğur qazandıq. Şərqdə ilk dəfə demokratik respublika qurduq. Amma sonrakı dövrdə bolşevik işğalı bu hadisələrin sona çatdırılmasının qarşısını aldı, hər şeyi yarımçıq qoydu. Düşünməliyik ki, 23 ay yeni bir dövlətin həyatında nə qədər müddətdir ki? Tarix üçün bir andır. Ona görə dövlətin ordusu, ərazisi, iqtisadiyyatı ilə bağlı  arzuladıqları hər şey yarımçıq qaldı. Elə işlər var idi ki, vaxt çatışmazlığından onlara heç başlanılmadı. Amma bütün bunlara baxmayaraq Demokratik  Cümhuriyyət tarixi Azərbaycanın tarixində şərəfli bir dövrdür. Bakının Azərbaycanın paytaxtı olması, yalnız coğrafi məfhum olan Azərbaycan ifadəsinin siyasi məfhuma çevrilməsi, parlamentli respublika, nazirliklərin təşkili, qırx minlik milli ordu, Bakıda ilk dəfə universitet açılması, bütün bunlar və digər nailiyyətlər Cümhuriyyətin xidmətləridir. Haqlı olaraq müasir Azərbaycan Respublikasını onun siyasi varisi hesab edirik. Çünki demək olar ki, bütün dövlət orqanlarının bünövrəsi o dövrdə qoyulub. 

Ermənilərin 1988-ci ildən başlayaraq otuz il ərzində ölkəmizə etdikləri alçaqlıqlar həm də ibrətli tarixdir. Biz bildik ki, ilk dövrdə düşmən niyə bizə qalib gəldi. Bizim torpaqlarımızı necə işğal etdi? Biz harada səhvlər etdik? Nə üçün birləşə bilmədik, ordu yaratmağı bacarmadıq, nə üçün siyasi hakimiyyət zəif idi? Biz bu tarixi öyrəndik və nəticə çıxardıq. Ona görə də erməni bu gün nə edirsə, etsin, artıq öz düşüncəsi, yalançı “məntiqi” ilə bizi aldada bilməz, daha mümkün deyil.

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu üçün 1918-20-ci illərdəki torpaqlarımızın sahibidir. Çünki o torpağın sahibi biz olmuşuq. Hansı sənədlərə baxılsa, orada adımız, abidələrimiz, bütün ərazilərdə yalnız bizim toponimlərimiz var. Qısaca desək, o ərazilərin hamısı Azərbaycan torpaqlarıdır. Sadəcə əvvəl çar hökumətinin, sonra bolşevik hakimiyyətinin bizə qarşı  düşmən münasibətlərinin ucbatından doğma torpağımızı itirmişik.

Vəli İlyasov, “İki sahil”