07 fevral 2024 00:35
314

Qardaşlığın sarsılmazlıq nümunəsi

Ötən il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında birgə çalışan hər iki xalq bütün dünyaya birlik, həmrəylik nümunəsi göstərdirlər

Prezident İlham Əliyev ötən il Türkiyədə baş vermiş dəhşətli zəlzələnin birinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Dövlətimizin başçısı «əsrin faciəsi» adlandırılan dəhşətli təbii fəlakət nəticəsində həlak olmuş on minlərlə insanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək vurğulayıb: «Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi”.» O ağır günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi, qardaş xalqın mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qardaş ölkənin bu çətinliklərin öhdəsindən də tez bir zamanda gələcəyinə, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacağına əminliyini bildirən Prezident İlham Əliyev fəlakətin baş verməsindən ötən bir ildə qardaş ölkənin xalqlarına maddi, mənəvi dəstəyini əsirgəməyib. Dəfələrlə sınaqdan çıxan Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının, dünyada təsdiqlənmiş təkzibedilməz reallıqları o ağır günlərdə bir daha təsdiqləndi.

1918-ci ildə Bakını erməni –bolşevik birləşməsinin qırğınlarından qurtaran Qafqaz İslam Ordusunun əsgərləri Azərbaycan xalqına qarşı törədilən soyqırımının qarşısını aldı. Sarıqamış, Çanaqqala savaşında türkiyəli əsgərlərə kömək göstərən azərbaycanlılar qardaş harayına səs verdilər. İkinci Qarabağ müharibəsində daim Azərbaycanın yanında olduğunu bildirən Türkiyənin göstərdiyi siyasi, mənəvi dəstək xalqımız tərəfindən qardaş köməyi kimi qiymətləndirildi. Ermənistan üzərində Qələbəmizə həsr olunan Zəfər paradını hər iki ölkənin dövlət başçılarının birgə izləmələri Türkiyə-Azərbaycan qardaşlığının həmrəylik rəmzi kimi bütün dünyanı heyrətləndirdi. O günlərdə respublikamızın paytaxtının, şəhər və kəndlərinin küçələrində, meydanlarında Azərbaycanla Türkiyənin dövlət bayraqlarının qoşa dalğalanması «qardaş da, dost da dar gündə tanınar» el məsəlinin bariz nümunəsi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət» şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq» sözləri hər iki xalqın mübarizlik tarixinin simvolu kimi qürur doğurdu. Hazırda bu qardaşlıq növbəti imtahan qarşısındadır.

Ötən il fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık Elbistan rayonlarında olan, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən zəlzələlər zamanı xeyli insan həyatını itirdi, yaralandı. Hadisə baş verən bölgələrdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm, zəlzələ baş verən 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olundu. Rəcəb Tayyib Ərdoğanın «Əsrin fəlakəti» adlandırdığı zəlzələ nəticəsində ağır vəziyyətdə olan insanlara dünyanın hər yerindən yardımlar göstərilsə də, ilk anlardan qardaş köməyinə çatan Azərbaycan xalqı bir nəfər kimi səfərbər oldu. Yaranan vəziyyəti həyəcansız izləmək mümkün deyildi. Torpaq altından çıxarılan bir insanın belə həyata qaytarılması fəlakəti öz ağrı-acısı kimi yaşayan hər bir azərbaycanlını duyğulandırıb, qəlbən sevindirirdi. Xüsusilə uşaqların, körpələrin ürək dağlayan vəziyyətini seyr edənlər göz yaşlarını saxlaya bilmirdilər. Türkiyədə baş verənləri geniş mənada bəşəriyyətin insanlıq qarşısında borcu, sınağı, xeyirlə şər, ölümlə yaşamaq istəyi arasında mübarizə adlandırmaq daha uyğun olardı.

Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı. Səfir Cahit Bağçı ilə söhbətində Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin dərdinə şərik olduğunu, eyni kədəri yaşadığını bildirən dövlət başçımız İlham Əliyev zəlzələnin dağıntılarının, acı fəsadlarının aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırdı: «Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.»

Prezident İlham Əliyevin göstərişlərinə əsasən, Azərbaycan xalqı qardaş Türkiyəyə dəstək olmaq üçün kütləvi olaraq könüllü yardım kampaniyasına qoşuldu. Hadisə yerinə ilk gələn və axtarış- xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstərdilər. Nazirliyin qardaş ölkəyə humanitar yardım kimi ayırdığı, çadırlar, qızdırıcılar, səhra hospitalı, ərzaq məhsulları, tibbi ləvazimat və preparatlar daha çox fövqəladə vəziyyətin müşahidə olduğu bölgələrə göndərildi. Türkiyə naminə səfərbər olan Azərbaycan xalqı əlindən gələn qədər qardaşlarına hər vasitə ilə yardım göstərdi. Daha çox ehtiyac duyulan yataq dəstlərinə, isti geyimlərə, ərzaq məhsullarına, uşaq geyimlərinə tələbatı nəzərə alan azərbaycanlılar yardımlarını bu istiqamətdə təşkil etdilər. Bu kütləvilik iki qardaş arasındakı birlik və həmrəyliyin nümunəsi idi. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmirdi. Bütün dünya gördü ki, həmrəylik təkcə dövlətlərarası münasibətlər səviyyəsində deyil. İnsanlar arasında da əsl qardaşlıq əlaqələri mövcuddur. Ulularımızdan qalma «qardaş qardaşa əl tutar» deyimi o günlərdə bir daha xatırlandı.

Respublikamızın bütün dövlət strukturları, təşkilatları, özəl şirkətlər könüllü olaraq yardım kampaniyasında iştirak edərək qardaşlıq, insanlıq borclarını yerinə yetirdilər. Heydər Əliyev Fondunun xətti ilə böyük yardım kampaniyası təşkil olundu. Paralel olaraq Heydər Əliyev Fondunun nəzdində, «ASAN xidmət» strukturlarında fəaliyyət göstərən könüllülər qardaş xalqla birlikdə fəlakətin acı nəticələrini aradan qaldırdılar. Prezident Administrasiyasının rəhbərliyi ilə davam edən kampaniyada iştirak edən könüllülərin sayının artması Azərbaycan xalqına məxsus humanizmin, multikulturalizmin nəticəsi kimi bir daha təsdiqləndi. SOCAR-ın Türkiyədə fəaliyyət göstərən şirkətləri təcili yardım maşınlarını, dağıntıların təmizlənməsində çalışan texnikaları pulsuz yanacaqla təmin etdilər. Bir sözlə, bütün Azərbaycan xalqı qardaş türk xalqının yanında olduğunu yardımı ilə təsdiqlədi. Bakıda və Naxçıvan Muxtar Respublikasında zəlzələdə xəsarət alanların qəbulu və müalicəsi üçün palatalar təşkil edildi.

Türkiyənin bu çətin vəziyyətdən çıxması üçün Azərbaycan xalqı bütün sahələri əhatə edən lazımi dəstəyi göstərir və qarşıdakı aylarda da yardımlarını davam etdirəcəkdir.

«Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər…Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir» sözləri ilə xalqımızın dəstəyinin davamlı olacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayıb ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasında da Azərbaycan Türkiyəyə hər cür dəstək göstərəcək.

Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələdən zərər çəkən qardaş ölkəyə bütün istiqamətlər üzrə dəstək göstərən Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin birliyi Prezident İlham Əliyevin bu sözlərini gerçəkləşdirdi: «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.»

Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəyəlik nümunəsi kimi tarixə yazıldı. Faydalı, beynəlxalq və regional əhəmiyyətli təşəbbüsləri , çağırışları ilə fərqlənən, Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürən Prezident İlham Əliyev bu dəfə də öndərliyini göstərdi. Şuşada keçirilməsi nəzərdə tutulan Zirvə görüşünün dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə 2023-cü ilin 6 fevralında baş verən dəhşətli zəlzələdən əziyyət çəkən Türkiyədə keçirilməsi qardaş ölkəyə siyasi, mənəvi dəstək idi. Bu, görüş TDT-nin beynəlxalq ictimaiyyətə türk birliyinin sarsılmazlıq nümünəsi, qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi oldu.

«Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusuna həsr olunan, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü TDT daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platforması idi.

Zirvə görüşündə çıxış edərək əsrlərin sınağından çıxan Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən Prezident İlham Əliyev çoxsaylı insanın tələfatına və xəsarət almasına, dağıntılara səbəb olan güclü zəlzələnin fəsadları ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verdi. Faciənin ilk anlarından qardaş ölkə ilə həmrəyliyini bildirən dövlət başçımızın vurğuladığı kimi, bu dəstək Ulu Öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlət»ik aforizmini bir daha təsdiqlədi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən «TEKNOFEST» Aerokosmik və Texnologiya Festivalında çıxışında dəhşətli zəlzələnin baş verdiyi günlərdə azərbaycanlı həmkarının dəstəyini bir daha xatırlatdı: «Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun, qardaşlığın nə demək olduğunu göstərdi.»

Azərbaycan dövləti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət şəhərcik inşa edəcəyi vədini yerinə yetirir.

Xuraman İsmayılqızı, «İki sahil»