07 fevral 2024 00:22
366

Sürətli silahlanma Ermənistanı xilas edə biləcəkmi?...

Ermənistan sözdə hər zaman regionda təhlükəsizliyin və əmin-amanlığın, o cümlədən Azərbaycanla sülh müqaviləsinin im­zalanmasının tərəfdarı olmasından bəhs edir. Şübhəsiz, bütün bunlar beynəlxalq aləmdə çaşqınlıq yaratmağa, Azərbaycanı gözdən salmağa hesablanmış addımlardır.  Əslində isə təcavüzkar ölkə Fransanın, Hindistanın, İranın, Yunanıstanın  yardımı ilə sürətlə silahlanmaqda davam edir. Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan silah məsələsində yeni tərəfdaş axtarışında olduqlarını da deyib: “Bu prosesdə biz həm də böyük fövqəldövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etmişik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik adını çəkmək istəmədiyim digər tərəfdaşlar da var”. Bununla da rəsmi İrəvan regionda sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan silahlı qüvvələr üçün bir neçə milyard dollarlıq silah alacaqlarını demişdi.

Hətta bu günlərdə məlum olub ki, sən demə, Fransa “bacısı”Ermənistan üçün ölkəmizə qarşı təxribat – daha doğrusu, Azərbay­can hərbçilərinin qərarlaşdıqları strateji yüksəklikləri qəfil hücumla geri qaytarmağı özündə ehtiva edən ildırımsürətli müharibə planı da hazırlayıb​. Şübhəsiz, bu, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusilə Fransanın yüksək çinli nümayəndələrinin Ermənistan–Azərbay­can şərti sərhədində tez-tez  görünmələrinin, kəş­fiyyat-diversiya fəaliyyətlərinin “məhsul”udur. Qeyd edək ki, bu il fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İtti­faqının Ermənistandakı mülki missiya­sının yerləşdiyi ərazilərə baş çəkib, sər­həddəki vəziyyətlə tanış olub. Bütün bunlar bir daha sübut edir ki, hazırda Parisin məqsədi Ermənistanı növbəti dəfə Azər­baycana qarşı müharibəyə təhrik et­məklə öz məkrli niyyətinə çatmaqdır. Eyni zamanda, belə qənaətə gəlmək olar ki, Fransanın Ermənistanın əli ilə növbəti dezinformasiya mexanizmini də işə salacağı şəksizdir.

Yeri gəlmişkən qeyd edək ki, Hindistanın Er­mənistana göndərdiyi silahlar da, elə Fransaya məxsusdur. Bütün bunlar isə təcavüzkar ölkənin müxtəlif bəhanələrlə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan niyə boyun qaçırmasına bir daha aydınlıq gətirir. Sanki Ermənistana sülh lazım deyil. Görünür, Qərbin siyasi dairələri Azərbaycan əleyhinə bəyanatlar və ittihamlarını artıq yetərli hesab etmirlər. Odur ki, artıq bu kimi üsullara əl atırlar.

Lakin Ermənistan rəhbərliyi bilməlidir ki, Azərbaycan Ordusu indi 44 günlük Vətən müharibəsində olduğundan daha  qüdrətlidir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara müsahibəsi zamanı səsləndirdiyi bu sözləri xatırladaq: “Bizim ordu quruculuğu prosesi da­vam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təh­lükə mənbəyi olsa, biz dərhal o təhlükə mən­bəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu”. Yəni, İrəvan, hansı mənbə­dən silah-sursat almasından asılı olmayaraq, bilməlidir ki, sülhdən uzaqlaşaraq yenidən revanşizmə meyil edəcəyi təqdirdə dərhal adekvat cavab alacaq. Nəticədə problemlər içində yaşayan Ermənistan daha da pis duruma düşəcək. Hətta belə addımlar,  Ermənistanın bir dövlət kimi mövcudluğuna da son qoya bilər. Bir vacib məqamı da vurğulamaq lazımdır ki, bu gün Hayastanın siyasi həyatında yaşanan gərginlik orduya da sirayət edib. Hətta yayılan məlumatlara görə, Hayastan ordusunda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçün nə maddi vəsait, nə də yer çatışır. Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan bildirib ki, sülh dövründə orduda ölənlərin sayı dinamik şəkildə artır, özünü güllələmədə də vəziyyət eynidir: “Bu, silahlı qüvvələrdə nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir. 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə daha çox belə hallar qeydə alınıb". Üstəlik, müxtəlif üsullarla hərbi xidmətdən yayınma halları pik həddə çatıb.

Göründüyü kimi, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə  üzləşmiş Ermənistan  ordusu hələ də normal fəaliyyətini bərpa edə bilməyib. Digər tərəfdən, artıq bölgədə təcavüzkar Ermənistanın varlığının və yaxud yoxluğunun Azərbaycan üçün heç bir əhəmiyyəti qalmayıb. Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz siyasətini həyata keçirmək qüdrətindədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”