07 fevral 2024 01:58
402

Erməni cəmiyyəti onları uçuruma sürükləyən saxta iddialardan bezib

Bir qədər əvvəl Ermənistanın İctimai radiosuna müsahibə verən baş nazir Nikol Paşinyanın sərt davranışı müzakirələrə səbəb olub. Bu barədə sözügedən radionun əməkdaşları mediaya məlumat sızdırıblar.

Məlumatda qeyd olunur ki, Paşinyan müsahibə üçün gəldiyi binaya daxil olarkən orada məhv olmuş qondarma rejimin “bayrağ”ını görüb və radionun əməkdaşlarına onu endirməyi əmr edib. Radio işçiləri qondarma “bayrağı” endiriblər, müsahibə bitdikdən sonra isə yenidən binanın üzərində asıblar. Lakin əraziyə gələn səlahiyyətli şəxslər Paşinyanın xəbərdarlığını radio rəhbərliyinə çatdırıblar. Bundan sonra əski parçası məcburi surətdə binanın önündən yığışdırılıb.

Sözügedən məsələ Ermənistan müxalifəti arasında ciddi müzakirələrə səbəb olsa da, cəmiyyətin Qarabağ məsələsinə əvvəlki həssaslıqla yanaşmadığı, bu hadisəyə də elə bir ciddi reaksiya vermədiyi bildirilir.

Aydın görünür ki, erməni cəmiyyəti onu uçuruma sürükləyən daşnakların saxta iddialarından bezib. Bu iddialara görə haylar iki yüz ildir ki, müsibətlər yaşayır. Saxta soyqırımlar da bu müsibətlərin nəticəsində uydurulub. Yəni, bu qeyri-insani düşüncəyə malik daşnaklar öz başlarına bəlaları elə özləri gətiriblər. Ancaq II Qarabağ müharibəsindəki biabırçı məğlubiyyət elə bir dərs olub ki, sadə haylar məkrli və davakar qüvvələrin fitvası ilə məhv olduqlarını başa düşüblər. Çünki müharibələrdə ölən və şikəst olanlar onların min bir çətinliklə böyütdükləri övladları olub. Onların qanı hesabına koçaryanlar, sarkisyanlar, ohanyanlar və başqaları milyonlar qazanıblar, xarici ölkələrdə bahalı villalar, restoranlar alıblar. Odur ki, daim əzilən və gündəlik çörək puluna işləyən haylar yuxarıda nəql etdiyimiz hadisəni eşidəndə əllərini yelləyib "ara, artsax merala e", yəni ermənicə "artsax öldü" deyiblər. Axırıncı seçkilərdə Nikol Paşinyana səs vermələrinin səbəbi də bununla bağlıdır. Onlar müharibə tərəfdarı olmayan Paşinyanı özlərinə münasib dövlət başçısı kimi qəbul edirlər. Haylar açıq görürdülər ki, Paşinyanı II Qarabağ müharibəsinə təhrik edənlər var. Baş verənlərdən belə görünür ki, artıq İrəvanda rəsmi dairələrlə bərabər, sadə haylar da "artsax"ı  dəfn ediblər.

Vəli İlyasov, “İki sahil”