07 fevral 2024 02:59
412

Atılan bütün addımlar seçkilərin demokratikliyinin, şəffaflığının təmin edilməsinə yönəlib

Bu gün hər bir yeniliyin, təkmilləşmənin tətbiqi prioritet məsələlər sırasındadır

Azərbaycan demokratik, hüquqi, dünyəvi inkişaf yolunda inamla addımlayır. Hər zaman qeyd edildiyi kimi, atılan addımlar hansısa dövlətə, beynəlxalq təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkəmizdə demokratik təsisatların inkişafı yönümündə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Öncə nəzərə alaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olunduğu şəraitdə inkişaf edir. Hazırda Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı kimi nüfuz qazanması bu sahədə görülən işlərin uğurlu nəticələrindəndir. Hər zaman bu çağırış səsləndirilir ki, ölkədə sabitlik olmasa hansısa sosial, iqtisadi layihələrin uğurlu icrasından danışmaq mümkün deyil. Bu gün Azərbaycanda sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınının sürətləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkə iqtisadiyyatına investisiya yatıran hər bir dövlət, şirkət onun təhlükəsizliyinə tam əmindir. Hazırda ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması bunun bariz nümunəsidir. Demokratiyanın vacib elementlərindən olan qanunun aliliyinin təmin edilməsi istiqamətində atılan addımlar da diqqətdən kənarda qalmır. “Həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz məhz bu siyasəti aparırıq. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verir.

Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsini, ölkənin hərtərəfli inkişafında əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımların nəticələri göz önündədir. Konstitusiyamızın qəbulundan ötən 28 ildən artıq dövrdə ali qanunumuza 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumların keçirilməsi, əfv fərmanlarının imzalanması, Amnistiya aktlarının qəbulu, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər, yeni «Media haqqında» və “Siyasi partiyalar haqqında” qanunların qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının yüksək səviyyədə qorunması, bu sahədə mövcud qanunvericilik bazasının dövrün tələbinə uyğun olaraq təkmilləşməsi və sair kimi önəmli tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi nümunədir, öyrənilməsi vacibdir. Ən əsası seçkilərdə mütərəqqi təcrübələrin- barmağın şəffaf mürəkkəbə boyanması, “exit-poll”un keçirilməsi, veb-kameraların quraşdırılması və digər mütərəqqi yeniilklərin tətbiqi beynəlxalq səviyyədə təqdir olunan addımlar sırasındadır.

Məhz ölkəmizin demokratik dəyərlərə verdiyi önəmi sözdə deyil, əməldə təsdiq etməsinin nəticəsidir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu və ötən dövr ərzində qurum qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə öz əksini tapdı. Lakin bu, qurumun parlament qolu olan AŞPA-nın davamlı şəkildə bəzi dövlətlərin əlində oyuncağa çevrilərək ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməsi, digər neqativ addımlar atması Azərbaycanın demokratik inkişafına kölgə sala bilməz. Bu fakt inkaredilməzdir ki, ölkəmizin sürətli demokratik, iqtisadi inkişafını qısqanclıqla qarşılayan xarici qüvvələr var. Onlar hər vəchlə inkişafımıza kölgə salmaq üçün qeyri-ciddi fikirlər səsləndirir, bu cəfəng iddialarının ətrafında geniş müzakirələr aparırlar.Əsas odur ki, belə əsassız, məqsədli kampaniyaları reallıqlarımızla cavablandırırıq. Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Xatırlasaq, 2013-cü ilin yanvarında AŞPA-nın qış sessiyasında “siyasi məhbus”larla bağlı hesabatın gündəmə gətirilməsi də antiAzərbaycan qüvvələrin çirkin niyyətlərinə işıq saldı. Amma ölkəmizin xeyrinə atılan addım bir daha yalanın, qərəzin həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Azərbaycana qarşı qərəzli kampaniyaların aparılmasından bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir: “2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət anti-Azərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.” Ölkə Prezidenti bu mühüm hadisəni ədalətin təntənəsi kimi dəyərləndirərək qeyd etmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır: “Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı anti-Azərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan anti-Azərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.»

Dövlət başçısı İlham Əliyev bu günlərdə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha diqqəti bu mühüm məqamlara yönlətdi. Rəsmi Parisin regionda vəziyyətin gərginləşdirilməsinin səbəbkarı olduğunu vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malik olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Prezident İlham Əliyev görüşdə bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinin qurumda ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürüdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyin tərəfdarı olmadığını, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini bildirdi.

Bu məqamları diqqətə çatdırmaqda məqsədimiz Azərbaycanın siyasətində müstəqil olmasını hər bir addımda nümayiş etdirdiyini, özünəgüvənliliyini təsdiqləməkdir. Demokratiya yolunu seçən ölkəmiz göstərilən təzyiqlərə, atılan əsassız, qərəzli addımlara baxmayaraq öz yolundan dönmür, əksinə daha da inamla irəli gedərək söylənilən hər bir fikri arxasında hansı maraqların, niyyətlərin dayandığını əsaslı şəkildə diqqətə çatdırır. Azərbaycan ədalət meyarını daim öndə saxlayır və bunun üçün vahid meyarın müəyyənləşdirilməsinə çağırışlar edir. Bu fikir də qeyd olunur ki, demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqət yönəltsək görərik ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan.

Bütün bunların real həyatda əksini tapmasına əmin olmaq üçün Azərbaycanın keçdiyi inkişaf yolunun ayrı-ayrı dövrlərini əhatə edən İnkişaf Strategiyasına, Milli Prioritetlərə diqqət yetirmək kifayətdir. Bu reallıq öz təsdiqini tapır ki, hər dövrün öz çağırışları, hədəfləri olur. 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiqləndi. Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin araşdırılması, bu işə xarici mütəxəssislərin cəlb olunması, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılması bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycan dövləti islahatları dövrün tələbinə uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir. İnkişaf Konsepsiyasında əsas hədəf Azərbaycanın inkişaf etmiş ölkələr sırasında olmasını, eyni zamanda, yüksək gəlirli ölkəyə çevrilməsini təmin etmək idi. Sənədin icra müddəti başa çatanda artıq işğaldan azad edilmiş torpaqlarımız tarixi sahibinə qovuşdu. 30 ilin işğalına son qoyan Azərbaycan ötən ilin sentyabr ayında suverenliyini tam təmin etməklə yeni dövrə qədəm qoydu. Bu dövrün də öz çağırışları vardır. Qeyd edək ki, tarixi Zəfərimizdən sonra «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflər təbii ki, ilk növbədə ölkədə demokratik islahatların uğurla davam etdirilməsini bir tələb kimi qarşıya qoyur.

Reallıq budur ki, ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institut yaranıb. Seçki sistemi təkmilləşdirilir. Məlumdur ki, 2003-cü ilin mayında Seçki Məcəlləsi Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub. Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib. Eyni zamanda, Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilib. 2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər bir daha Azərbaycan dövlətinin təkmilləşmədə, yeniləşmədə nə qədər maraqlı olduğunu, ən əsası demokratik prinsipləri inkişafın əsası kimi dəyərləndirdiyini nümayiş etdirdi. Ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Bu da onu təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir.

Dövlətimizin hərtərəfli inkişafa xidmət edən islahatları zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirməsi, hər bir yeniliyin ayrı-ayrı sahələrin inkişafına yönələn qanunlarda öz əksini tapması Azərbaycanın ən islahatçı ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında yer almasını şərtləndirir. Bu uğurumuza bir əlavə də var ki, Azərbaycan dünyanın 10 xoşbəxt ölkəsi sırasındadır.

Ölkəmizdə 7 fevral növbədənkənar prezident seçkilərinin demokratikliyini təmin etmək üçün zəruri olan bütün imkanlar yaradılıb. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Hər bir şəxs dünyanın istənilən yerindən seçki prosesini izləyə bilər. Seçki siyahısına 6 milyon 300 mindən artıq seçicinin adı daxil olub. Seçki məntəqələrinin sayı 6537-dir. Seçkiləri 89 min 366 yerli müşahidəçi izləyəcək. Həmçinin 800-ə yaxın xarici müşahidəçi, 30-dan artıq nüfuzlu media qurumlarından 80-dən artıq təmsilçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir ki, Azərbaycanda siyasi partiyaların seçkilərə marağı artıb. 7 namizəddən 5-i siyasi partiyaların nümayəndəsidir. Müşahidəçilər arasında siyasi partiyaların çoxlu sayda nümayəndələri var. 14 siyasi partiya namizədinin olmamasına baxmayaraq müşahidəçi kimi özlərinin tərəfdarlarını prosesə cəlb ediblər. Ümumi müşahidəçilərin 50 mindən çoxu məhz 19 siyasi partiyanın nümayəndələridir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən təxminən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparacaq. Bununla yanaşı, Azərbaycan vətəndaşlarının yaşadıqları və uzunmüddətli ezamiyyətdə olduqları 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək. Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq. Atılan bütün addımlar seçki kampaniyasının demokratikliyinin, şəffaflığının, beynəlxalq standartlara cavab verməsinin təmin edilməsinə yönəlib. Onu da qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 260-dan çox nümayəndəsi ikili qruplar şəklində səsvermə günü müşahidələr aparacaq. Yanvar ayından qurumun uzunmüddətli müşahidəçiləri Azərbaycandadır. Bundan əlavə. ATƏT-in Parlament Assambleyasının nümayəndələri, MDB-nin Müşahidə Missiyası da səsvermə prosesini izləyəcək. Dünya mediası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində geniş analitik məqalələr dərc edir.

Bir sözlə, Azərbaycan demokratik inkişaf tarixinə növbəti səhifəni yazmaq üçün bütün zəruri addımların atılmasına nail olub. Hər bir yeniliyin, təkmilləşmənin tətbiqi prioritet məsələlər sırasındadır.

Yeganə Əliyeva, «İki sahil»