06 fevral 2024 00:11
262

Problemlər ölkəmizin diktə etdiyi ədalətli prinsiplər əsasında həll olunacaq - Cənubi Qafqaz

Ermənistanı yeni müharibəhyə təhrik edən Fransa, ABŞ, Avropa İttifaqı ölkəmizə qarşı təxribatları ilə də regionu yenidən müharibə ocağına çevirməyə çalışırlar

Müasir dünya siyasətinin qlobal, ən aktual mövzularından olan Cənubi Qafqazda sabitlik, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin beynəlxalq məsələlərə təsiri maraqlı dairələr tərəfindən müxtəlif şərhlərlə izah edilir. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığı müddətdə artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı münasibətlərini loyal tərzdə, çox vaxt pərdəarxası danışıqlarla bəyan edən supergüclər hazırda illərdən bəri gizli saxladıqları qərəzli mövqelərini ruporla, özü də eyni nəqarətlə bildirirlər. Artıq təqaüdə göndərilən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə - ABŞ-a, Fransaya qoşulan Almaniya, Avropa İttifaqı nəinki Azərbaycana, Cənubi Qafqaza birgə turist səfərələri edən üçüncü tərəfdaşları Rusiyaya qarşı da cəbhə açıblar. Torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycanın qazandığı Zəfərdən haylardan daha çox narahat olan Qərb və ABŞ rəsmiləri Cənubi Qafqazda «sülh gündəliyi üzərində çalışdıqlarını» sanki unudublar. Əslində, bu regionda sabitliyin pozulması üçün əvvələcədən planlaşdırdıqları «sülhsevər xidmətlərinin» əsl məramlarını indi göstərənlər artıq Ermənistanı gizli deyil açıq-aşkar dəstəkləyirlər.

Yenilənən enerji və nəqliyyat xəritələrinin beynəlxalq əhəmiyyətini dəstəkləyənlər Cənubi Qafqazda əbədi sülhün tərəfdarları kimi sağlam mövqeyini birmənalı olaraq bildirirlər.

Vətən müharibəsində ölkəmizin Ermənistan üzərində Qələbəsindən ötən müddətdə tərəflər arasında sülh sazişinin imzalanmasına daha çox çalışan Azərbaycan region dövlətləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, sabitliyin bərpası üçün bütün imkanlardan istifadə edir.

Amma Ermənistanın dəstəkçisi Fransanın, rəsmi Parisin əlaltısı Almaniyanın, bölgədə yerləşməkdə maraqlı olan ABŞ-ın, Hayastanda «sülhməramlı missiyasının» sayını getdikcə artıran Avropa İttifaqının yeni müharibə çağırışları sülhə deyil, münaqişənin davamına xidmət edir. Göründüyü kimi, arxada qalan 30 ildə, Azərbaycanın qazanığı Zəfərdən keçən 3 ildən artıq müddətdə qərəzli məramlarının baş tutmadığını görən ermənipərəst dairələr «miatsum»u, gorbagor olmuş ATƏT-in Minsk qrupunu diriltmək istəyirlər. Mənfur niyyətlərini illərdən bəri Minsk qrupunun «turist gəzintiləri»nin kölgəsində gizlədən ermənipərəstlər regionda sülhün yaranmasına deyil, münaqişənin əbədiliyinə xidmət etmişlər. Ermənistanın 2020-ci ilin 10 noyabr tarixində imzaladığı və üzərinə öhdəlik olaraq götürdüyü Bəyanatın şərtlərinə riayət etməməsi də «dayı»larına arxayınlıqdan yaranan mənəm-mənəmlikdir. Separatçı rejimi tərksilah edib ölkəmizin ərazisindən çıxarmaq əvəzinə, Azərbaycana qarşı müxtəlif istiqamətlərdən «cəbhə açan», əsassız bəyanatları, qətnamələri ilə keçi suyu bulandıranlar Ermənistanı silahlandırmaqla da mənfur niyyətlərindən əl çəkmirlər. 2023-cü ilin sentyabrın 19-da 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın siyasi, hərbi qüdrətini görsə belə Ermənistanı yeni müharibəhyə təhrik edən Fransa, ABŞ, Avropa İttifaqı regionu yenidən müharibə ocağına çevirməyə çalışırlar.

Ötən il Gürcüstana səfəri zamanı regional məsələlərin bölgədə yerləşən üç ölkənin iştirakı ilə həllinin vacibliyini diqqətə çatdıran, Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanması üçün daha münasib ərazini «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələyə xarici müdaxilələri yolverilməz adlandırmışdı.

Bu sözlərdən təşvişə düşən qərəzli qüvvələr qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında birgə iştirak edən Azərbaycan-Gürcüstan-Türkiyə birliyində soyuqluq yaratmaq üçün daha məkrli planlara əl atırlar. BTC və BTƏ neft- qaz kəmərlərinin birgə işlənməsi və reallaşmasından sonra BTQ dəmir yolunun, Cənub Qaz Dəhlizinin, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən hiddətlənən Fransa və digər ermənipərəst dairələr bu layihələrdən kənarda qalan Ermənistana havadarlıq edirlər.

Cənubi Qafqazı münaqişə ocağı kimi görmək istəyənlər, Azərbaycana qarşı məkrli niyyətlərində «gürcü kartı»ndan istifadə edən ssenari müəllifləri bu günlərdə yenidən canlanıblar. Rəsmi Tbilisini Avropa İttifaqına, NATO-ya üzvlüyə qəbul vədi ilə şirnikləndirən, bölgədə Azərbaycanı təklədiklərini zənn edən Fransanın, ABŞ-ın, Aİ-nın məqsədi isə minillik dostluq və qardaşlıq tarixinə malik Azərbaycan –Gürcüstan əməkdaşlığına xələl gətirmək, qlobal layihələrdə əsas tərəfdaş olan bu ölkələr arasındakı münasibətlərə kölgə salmaqdır. Əvvəllər mənfur niyyətlərini maliyyələşdirdikləri «Amnesty İnternational»”, «Transparency İnternational»”, «Human Rights Watch”», «Sərhədsiz reportyorlar»” kimi təşkilatlardan istifadə etməklə beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə fikir formalaşdırmaqla ölkələrimiz arasında soyuqluq yaratmağa səy göstərən «üçlük» indi təxribatlarını «yüksək səviyyədə» birbaşa həyata keçirməyə çalışırlar. Elə o vaxtlarda da sual yaranırdı ki, belə kampaniyaların pərdə arxasında gürcü ekspertlərin dayanması, daha doğrusu, bu rolun gürcülərə həvalə edilməsi təsadüfdürmü? Daim ölkəmizə qarşı qərəzli mövqedə dayanan beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı təhlillər göstərdi ki, gürcü kartı”ndan istifadə məqsədyönlü xarakter daşıyır və Azərbaycan –Türkiyə- Gürcüstanın birləşdiyi üçlüyə qarşı hesablanıb.

Hədəf, məqsəd isə Azərbaycan haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaq, gürcü ekspertlərdən istifadə yolu ilə regionda siyasi sabitliyi pozmaq, kifayət qədər ciddi siyasi, iqtisadi əlaqələrə söykənən və gerçəkləşdirilən bir sıra qlobal enerji layihələrinin reallaşmasında əsas tərəfdaşlar olan Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmaqdır. Amma unudurlar ki, Azərbaycan –Gürcüstan birliyi illərin sınağından çıxaraq bərkimiş, sarsılmaz dostluğa çevrilmişdir. Azərbaycan-Türkiyə-Gürcüstan rəsmiləri arasında regional məsələlərin həlli ilə bağlı keçirilən üçtərəfli görüşlərdə, hərbi təlimlərdə Ermənistanın kənarda qalması qərəzli qüvvələrin narahatlığına səbəb olurdu . Ermənistana canıyanatlıq bu birliyin sarsılmazlığına qısqanclıqdan yaranırdı.

Tərəflər arasında sülh sazişinin imzalanmasına daha bir bəhanə Ermənistan konstitusiyasına dəyişikliklərin aktullaşmasıdır. Əsası olmasa da Ermənistanın Müstəqillik Bəyannaməsində, Konstitusiyasında daşnak ideologiyasından qaynaqlanan Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi kimi sərsəm xülyaları fransızsayaq «yenilənir».

Ermənistanın digər hüquqi sənədlərində , rəsmi İrəvanın qoşulduğu bir çox konvensiyalarda da işğalçı dövlətin Azərbaycana qarşı ərazi iddiaları var. Bu sərsəmləmələr isə sülh sazişinin qarşısındakı «qırmızı xətt»dir. Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə qeyd edib ki, Ermənistan konstitusiyasına və digər hüquqi sənədlərə dəyişikliklər edilərsə, sülh əldə oluna bilər.

İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran, Hayastanı kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan bu Qələbəsi ilə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının da qarşısını aldı. Bütün dünya ictimaiyyətinə bəyan edildi ki, Qarabağ Azərbaycanın tarixi, əbədi və əzəli ərazisidir. Ermənistanın baş naziri Nikol Paşinyan bir çox məqamlarda, eyni zamanda Qrenada görüşündə Azərbaycanın 86.606 kvadratkilometr ərazisini tanıdığını bildirib. Qarabağ da daxil olmaqla Azərbaycan suverenliyini bərpa edib. Xankəndidə üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu reallıqlar əsasında Ermənistanın milli konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirmək oyunu xarici dairələr tərəfindən planlaşdırılan siyasi şoudur. Haylara qalsa onlar da Azərbaycanın ədalətli Qələbəsi ilə barışarlar. Amma hayların şüurlarını yenidən «miatsum» xəstəliyi ilə zəhərləyən Fransa, ABŞ kimi yadellilər qul kimi başqalarının qarşısında əyilməkdən bezən erməni xalqına öz taleləri barədə fikirləşməsinə imkan vermirlər. Çünki Cənubi Qafqazda daim gərginliyin olması onlara hava, su kimi lazımdır. Prezident İlham Əliyevin bölgədə sabitliyin yaranması naminə apardığı siyasətin haqqa, ədalətə əsaslandığını bilsələr də hələ də hayları «müharibənin bitmədiyi» yalanlarına inandırırlar.

Bəllidir ki, ikitərəfli sülhün bərpası təkcə Azərbaycanın istəyi ilə mümkün deyil. Ermənistanın da sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atması zəruridir. Ermənistanın konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana və digər dövlətlərə qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların mövcudluğu sülh razılaşmasına ən böyük əngəldir.

Rəsmi İrəvan beynəlxalq sənədlərdə Qarabağ üzərində Azərbaycanın suveren hakimiyyətini tanımadıqları barədəki şərtlərinin əsassız olduğunu rəsmən təsdiqləməlidir. Ermənistan ona dəstək adı ilə dövlət müstəqilliyinə kölgə salan Fransa kimi digər havadarlarının da manipulyasiyalarının, «yenidən silahlanma» kimi təhlükəli çağırışların qarşısını almalıdır. Ermənistanda konstitusiya və Müstəqillik Bəyannaməsində , eləcə də digər normativ sənədlərdə dəyişikliklərin aparılması barədə müzakirələrdə bu reallıqlar nəzərə alınmalıdır. ABŞ və Fransanın 30 ildə Cənubi Qafqazda hegemonluq kimi dəyişməyən siyasətinin mənfur nəticələrini Ermənistan cəmiyyəti düzgün qiymətləndirməlidir. Haylar da, havadarları da bilməlidirlər ki, bölgədə bütün problemlərin açarı qüdrətli Azərbaycanın əlindədir. ABŞ Konqresinin Nümayəndələr Palatasında «Dağlıq Qarabağın gələcəyi»” mövzusunda keçirilən dinləmələrin gələcəyinin olmadığını Ağ Evdəki rəsmilər də bilirlər. Artıq onların terror yuvasına, narkoplantasiyalar məkanına çevirdikləri Qarabağ yoxdur. Cənubi Qafqazda güclü Azərbaycan görmək istəməyən Fransa, ABŞ Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında aparılan quruculuq işlərinə pərdə arxasından deyil, açıq gözlə baxmalıdırlar . Gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində qurmağa çalışan marionet Ermənistan isə «dəmir yumruğ»u unutmamalıdır. Heç bir beynəlxalq təzyiq Azərbaycan siyasətinə, iradəsinə təsir göstərə bilməz. Qüdrətli ölkəmiz ədalətli, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə hazırdır.

Xuraman İsmayılqızı, «İki sahil»