06 fevral 2024 00:57
295

Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır

İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial bunu deməyə əsas verir

Hər bir ölkənin inkişafında iqtisadiyyat əsas faktordur. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinlikdən uğurla çıxmağı şərtləndirir. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı, həmçinin 2019-cu ilin sonlarından koronavirus infeksiyası ilə mübarizə tədbirləri hər bir ölkənin malik olduğu imkanların təqdimatında öz sözünü dedi. Dünya dövlətləri iqtisadi və maliyyə böhranını yaşadığı halda, Azərbaycan iqtisadi artımı ilə diqqətdə oldu. Koronavirus infeksiyası ilə mübarizə tədbirləri də bu məqamlara işıq saldı. Azərbaycan ilk gündən insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi islahatların dərinləşdirilməsinin, heç bir sosial layihənin təxirə salınmamasının vacibliyini bildirdi. Həmin dövrdə sahibkarlara dövlətin diqqət və qayğısı diqqətdən kənarda qalmadı. Əsas hədəf iqtisadi inkişafı qorumaq, insanların rifah halını yaxşılaşdırmaq idi.

Bu gün Azərbaycanın şaxələndirmə siyasətini uğurla həyata keçirən, rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınmasında neft-qaz sektounda qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. İllər keçdikcə ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək məqsədilə həyata keçirdiyi enerji layihələrinin uğurlu icrası nəticəsində qaz ixracatçısı kimi də tanınmağa başladı. Neft-qaz resurslarından əldə edilən gəlirin düzgün istiqamətləndirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı baxımından dünyanın diqqətindədir. Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar vəsait yatırılıb ki, bununda 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycanın  2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Azərbaycan bu gün xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.

2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Xatırladaq ki, bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar» və «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji zonası» üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji zonası» konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı ABŞ-ın iqtisadiyyat və geosiyasət eksperti, Dünya İqtisadi Forumunun nümayəndəsi Kayl İnan Azərbaycanın bərpaolunan enerji mənbələrinin olduğunu önə çəkərək günəş, külək və su enerjisi sahəsində təşəbbüslər nümayiş etdirdiyini bildirir. Bu çağırış da xüsusi qeyd edilir ki, ölkəmiz qlobal “yaşıl gündəm”ə töhfəsini artırmaq üçün “yaşıl texnologiya”lara investisiya qoymağa davam etməli, bütün sənayelərdə davamlı təcrübələri təşviq etməli və tədqiqat təşəbbüsləri vasitəsilə innovasiyaları stimullaşdırmalıdır. Xəzər dənizindəki külək elektrik stansiyalarının yaşıl enerjisini Avropaya ötürmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi perspektivli layihədir. Bu, təkcə Azərbaycanın yaşıl enerji ambisiyalarını dəstəkləmir, həm də bərpaolunan enerjinin transsərhəd ötürülməsinin genişləndirilməsində daha geniş beynəlxalq maraqlara uyğun gəlir. Amerikalı ekspert onu da qeyd edir ki, Azərbaycan Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında əsas rol oynayır.

Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün «açıq qapı» siyasətinə sadiqdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.

Azərbaycanın tarixi Zəfərindən sonra bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin daha da aktuallaşması diqqətdən kənarda qalmır. Bu, bir daha hər dövrün öz tələbi, çağırışı olduğunu nümayiş etdirir. Diqqət çəkən məqamlardan biri də budur ki, bu il ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunun iclasında da Azərbaycanın malik olduğu «yaşıl enerji» potensialı geniş müzakirə edildi. Azərbaycan Davosdan "yaşıl enerji" təchizatçısına çevrilmək üçün hədəflərini açıqladı.

Zəngin resurslarımız Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır. Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.

Azərbaycanın tarixi Zəfərindən sonra dayanıqlı iqtisadi inkişafını təmin etməsi üçün daha geniş imkanlar yaranır. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmi nəzərə alınmaqla, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfə verəcək. O da məlumdur ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazilərdədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Yeni avtomobil yolları çəkilir, Beynəlxalq Hava limanları tikilib istifadəyə verilir. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının bu ilin sonu gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. Onu da qeyd edək ki, Ağdam şəhəri ilk «ağıllı şəhər» olacaq. Zəngilanın Ağalı kəndi isə artıq ilk “ağıllı kənd”dir.

Ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Təbii ki, sabitlik olmayan ölkələrə sərmayə qoyuluşu tərəddüdlərlə müşayiət olunur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələri şərtləndirən əsas amillərdən biri ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Təsdiqlənən Dövlət proqramları, İnkişaf strategiyaları, Milli Prioritetlər, ən əsası iqtisadi rayonların bölgüsünün yenidən aparılması yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə, onların uğurlu sonluqla başa çatdırılaraq yeni istəklərin, məqsədlərin ortaya qoyulmasına istiqamətlənib. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarının icrası bölgələrin malik olduqları potensialdan səmərəli istifadəni təmin edir. Artıq 4-cü Dövlət Proqramının icrası başa çatdı. Bu Dövlət Proqramlarının icrası nəticəsində 2 milyondan artıq yeni iş yerinin yaradılması özlüyündə işsizlik probleminin həlli deməkdir. Hazırda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Özünüməşğulluq proqramları uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi üçün ABAD mərkəzlərinin coğrafiyası genişlənir. Bu mərkəzlərin dəstəyi əsasında rəqabət gücləndirilib, hər bir ailə öz məhsulu ilə bazarlara çıxmağa səy göstərir. Sağlam rəqabət bazarlara çıxarılan məhsulların kəmiyyəti ilə yanaşı, keyfiyyətlərinə də öz müsbət təsirini göstərir. Bu gün iri marketlərdə ABAD-ın məhsullarına geniş şəkildə rast gəlmək mümkündür. Bu dəstək sayəsində ailə təsərrüfatları fəaliyyətlərini genişləndirməklə yanaşı, sosial durumlarını da yaxşılaşdırırlar. Bu faktlar bir daha onu göstərir ki, sosial müdafiənin gücləndirilməsi prioritetdir. Dövlət hər bir vətəndaşının yanında olaraq ona dəstəyini bu və ya digər formada ifadə edir.

Qeyd etdiyimiz kimi, hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır. COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani formada görəcəklər.

COP29-a ev sahibliyi edəcək Bakı iki həftə dünyanın ekoloji mərkəzi olacaq. Bu mötəbər tədbirdə iştirak etmək üçün 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq. Bu statistik rəqəmləri də qeyd edək ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncamın imzalanmasında məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz, enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün həmin ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır. Atılan hər bir addım Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə xidmət edir. Ölkəmizin zəngin enerji potensialı hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.

Yeganə Əliyeva, “İki sahil”