06 fevral 2024 01:36
317

Uç yüz illik həsrət bitdi!..

Kərküklü qardaşlarımızla birbaşa hava əlaqəsinin yaranması hicranın yerini vüsala verməsinin əyani təzahürüdür

Hicranlı-vüsallı bu günlərimiz,

Vaxt gələr taleyin əlində sönər.

O zaman bu günlər bir xatirəyə,

Bir əziz sehirli nağıla dönər-

deyib şair. Bəli, həmin vaxt gəldi. Hicranlı günlərimiz vüsalla əvəz olundu. Cənub soydaşlarımıza qovuşanda daddıq bu şirinliyi, amma təəssüf ki, doyunca yox, yaralarımızın qaysağı qopmuşdu, əllərimiz uzanılı qalmışdı. Bu da daha bir addım...

 Bu günlərdə İraqın Kərkük şəhərindən ilk dəfə Bakıya aviareys həyata keçirilib. Bu xəbər o qədər gözlənilməz və xoş idi ki, eşidən hər kəsin kövrək hisslərini oyadır, ruhunu oxşayır, əhval-ruhiyyəsi dərhal yüksəlirdi. Bəs necə, əsrlərlə ayrı düşdüyümüz qardaşlarımızla birbaşa hava əlaqəsi yaranıb... Artıq biz soydaşlarımıza qovuşmaq üçün heç bir qadağa ilə rastlaşmayacağıq, sərbəst gedib-gələ biləcəyik. Bəs indiyə qədər bizlərə mane olan nə idi, niyə bir-birimizə həsrət qalmışdıq? Bu suala bir kəlmə ilə cavab vermək mümkün deyil. Məlumdur ki, Kərkük türkmanləri adlandırılanlar əslində XVIII əsrdə Azərbaycandan oraya köçürülmüş qardaş-bacılarımızdır. Bu köçkünlüyün acı və keşməkeşli tarixi var...

Görkəmli şərqşünas, akademik Ziya Bünyadovun «Azərbaycan Atabəylər dövləti» kitabında «türkman» etnonimi ilə bağlı bir çox bilgilər vardır. Kitabda göstərilir ki, hakimiyyət davasında III Toğrul dayısı Qızıl Arslana qarşı çıxır. Qızıl Arslan III Toğrulun və İzzəddin Həsənin türkmanlardan ibarət ordusunu darmadağın edir. Onlar döyüş meydanından qaçır, İzzəddin Həsənin dəstəsi Kərkük yaxınlığındakı Kərxın qalasına gəlir. Bundan sonra azərbaycanlıların daha böyük dəstələri buraya gəlirlər. Kərküklü alim Hidayət Kamal Bayatlı da bu məsələyə öz münasibətini bildirir: « Əslən Azərbaycan türklərindən olan İraq türkmanlərinin bir qismi də miladi 1505-1524 tarixlərində Şah İsmayıl  tərəfindən İraqa yerləşdirilmişdir».

Şah İsmayıldan təxminən iki yüz il sonra Nadir Şah Əfşar Bağdadı ələ keçirmək üçün İraqa hücum edir. Lakin müvəffəqiyyət qazana bilmir. O, azərbaycanlıların burada say üstünlüyünə nail olmağı düşünsə də ancaq İraqda çox qala bilmir və geri çəkilir. Şah İsmayılın da, Nadir Şahın da əsas məqsədləri öz imperiyalarının hüdudlarını möhkəmləndirmək, burada canlı müdafiə yaratmaq idi. Ona görə də Azərbaycanın orta ərazilərində yaşayan əhalini İraqa köçürürdülər. Lakin sonralar qürbətdə qalan köçkünlər geri qayıda bilməyərək orada yaşamağa məcbur qaldılar.

Yuxarıda adları çəkilən tədqiqatçıların «türkman» adı altında azərbaycanlıları və İraq türkmanlanın nəzərdə tutduqları şübhə doğurmur. Təsadüfi deyildir ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev «Qardaşlıq» dərgisinə verdiyi müsahibədə bu məsələ ilə bağlı demişdir: «Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır». Burada diqqəti cəlb edən bir məsələni xüsusi qeyd etmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, bəzi tədqiqatçılar «türkman», bəziləri isə «türkmən» etnonimini işlətmişlər. Görkəmli İraq türkman tədqiqatçılarından Əta Tərzibaşı, Şakir Sabir Zabit, İbrahim Daquqi, Rza Dəmirçi, Sinan Səid, Mövlud Taha Qayaçı və bir çox başqaları da «türkman» etnonimini işlətdiyi halda, Əbdüllətif Bəndəroğlu son vaxtlar «türkmən» etnoniminə üstünlük vermişdir. Onun redaktoru olduğu «Yurd» qəzeti və rəhbərlik etdiyi «Türkmən  mədəniyyət müdirliyi» xətti ilə buraxılan kitablarda da bu söz «türkmən» şəklində yazılır. Əvvəllər hətta «İraq-türkman ədəbiyyatı yolunda bir addım» və «Türkmanlar inqilabi İraqda» kitablarının adında belə «türkman» etnonimini işlədən tədqiqatçi «Iraq-türkman folkloru»  adlı əsərini redaktə edərkən bildirirdi ki, ərəblərin də bu sözü «türkman» kimi ışlətdiklərinə görə fərqlənmək naminə son vaxtlar «turkmən» etnoniminə üstünlük vermişdir. Həqiqətən də ərəblərin də bu sözü «türkman» şəklində yazdığını qeyd olunur.

Böyük türkman əhalisinin və mədəniyyət mərkəzlərinin olduğu şəhərlər Tel Əfar, Mosul, Ərbil və Kərkükdür. Bundan əlavə, türkmanlar daha kiçik yaşayış məntəqələri olan Altın Körpü, Səncər, Daquq (Tavuq) və Tuz Kurmatu qəsəbələrində məskunlaşıblar. Türkmanlar, həmçinin Bayat, Kifri, Qara Təpə, Qızlarbat, Xanəgin, Şəhriban, əl-Mənsuriyyə, Dəli Abbas və Qazaniyyə, habelə Diyalə-İran sərhədi boyunca Məndəli və Bədrə məntəqələrində də yaşayırlar. Müasir dövrdə bu barədə ətraflı məlumatları biz professr Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabından almışıq.

Görkəmli şərqşünas, dilçi alim, professor Qəzənfər Paşayevin adı çəkiləndə istər-istəməz keşməkeşli tarixi olan, indiyə kimi də çalxalanıb durulan İraq yada düşür. Bu da onunla bağlıdır ki, Qəzənfər Paşayev 1960-70-ci illərdə Yaxın Şərqin ən qədim dövləti olan İraqda 6 il tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində Dəclə və Fərat sahillərində yaşayan xalqların, ictimai həyatını, tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyat və incəsənətini mükəmməl şəkildə qələmə alaraq yığcam şəkildə qiymətli elmi-bədii-sosioloji salnamə yarada bilmişdir.

Bu kitab bu gün də sevilə-sevilə oxunaqlıdır. Ən azından İraqın dünəni və bu gününü müqayisə etmək baxımından əsər çox dəyərlidir. Bundan başqa, soyumuz-kökümüz bir olan türkmanların maddi-mənəvi mənəvi varidatını öyrənmək, o dövrün türkman yazarlarının yaradıcılığı ilə tanış olmaq üçün burada kifayət qədər məlumat əldə etmək olar.

Azərbaycan 70 il müddətində bolşevik hakimiyyətinin tərkibində olarkən müstəqilliyi əlindən alındı, öz qardaşlarından ayrı salındı. Çox cüzi mədəni əlaqələri nəzərə almasaq, demək olar ki, onun qapıları qürbətdəki soydaşlarının üzünə möhkəm bağlandı. Lakin tale elə gətirdi ki...

Gözəl səsə malik olan Bağdad radiosunun diktoru Sinan Səid 1934-cü ildə İraq ərazisindəki Kərkük şəhərində anadan olub. Onun aid olduğu nəsil ziyalılığına, şeirə, musiqiyə sevgisinə görə fərqlənib. Sinan Səid iyirmi beş yaşında olarkən Bakıya dəvət edilir.  1959-cu ildə Beynəlxalq radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan Azərbaycana gəlir. 1970-ci ilə qədər Azərbaycan Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışır.

Kərkükdən Bakıya gələrkən, onun ali təhsii yox idi. Amma Bakıda yaşadığı illərdə  ali təhsil ala bilir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika şöbəsini bitirir, 1969-cu ildə Bakıda “İraq-türkman mətbuatı və ədəbi məsələlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edir.

Bakıya orta təhsilli şəxs kimi gələn Sinan Səid 1970-ci ildə öz işinə xitam verib İraqa qayıdanda artıq filolologiya elmlər namizədi idi. O, 1970-ci ildən Bağdad Universitetinin jurnalistika fakültəsində dərs deyir, 1975-1980-ci illərdə fakültənin dekanı olur. Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcüməsi sahəsində xidməti böyükdür. Görkəmli yazıçı Süleyman Rəhimovun “Ata və oğullar” hekayələr toplusunu, “Dost əlləri” şeirlər toplusunu “Molla Pənah Vaqif”, “Mirzə Ələkbər Sabir”, “Cəlil Məmmədquluzadə” monoqrafiyalarını ərəb dilinə çevirib.

O, Azərbaycan şairlərinin şeirlərini tərcümə edərək geniş müqəddimə ilə “Ərəb ellərinə Azərbaycan nəğmələri” (Bağdad, 1971) kitabını çap edib.

Sinan Səid 1990-cı ildə vəfat edib.

Mahir diktor, gözəl səsə malik Sinan Səidin istedadlı müğənnimiz Nərminə Məmmədova ilə birlikdə oxuduğu Kərkük mahnıları və bayatıları dinləyicilər tərəfindən də böyük rəğbətlə qarşılanırdı. Həmin musiqilərdə Vətən yanğısı, yurd həsrəti, bitməz ayrılıq o qədər gözəl səslənirdi ki, hər kəsi kövrəldirdi. Çünki eyni xalqın dərdi də, həsrəti də eyni olur…

Evlərinin önü yonca,

Yonca qalxmış dam boyunca,

Boyu bəstə, beli incə,

Ninnə yarım, ninnə,

Əsmər yarım, ninnə…

Lirik müsiqi bəstələnmiş bu mahnı o zaman o qədər sevilirdi ki, onu bilməyən, sevməyən, zümzümə etməyən tapılmazdı. 50 ildən artıq müddət keçsə də bu unudulmaz şərqi bu gün də dinləyicilərdə bənzərsiz nostalji hisslər oyadır.

Kərkük diyarında mahnılar döndərmə ilə - yəni, nəqaratla oxunur. Bu isə mahnını daha da oynaq edir. Bu diyarda da, Azərbaycanda da eyni olan bir çox mahnılar vardır. "O yana döndər məni", "Yar bizə qonaq gələcək", "Pəri", "Ay qara xal yar", "Ay qız heyranın ollam", "Niyə gəlməz oldu", "Dam üstədir damımız" və s. Dastanlarımız da eynidir. "Koroğlu", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Əsli və Kərəm." Maraqlıdır ki, yalnız "Əsli və Kərəm" bu dastanların arasında sazla çalınıb-oxunan dastandır.

Onu da deyək ki, kərküklülər Azərbaycan şair və yazıçılarının əsərlərini həvəslə mütaliə edirlər. Aşıq Ələsgərin, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Süleyman Rəhimovun, Şəhriyarın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin yaradıcılığını yüksək qiymətləndirirlər. Səməd Vurğunun şeirlərini əzbər bilənlər isə daha çoxdur. Onlar ölməz şairə öz məhəbbətlərini belə bildiblər:

Bu sular durğun-durğun,

Mən səni gördüm yorğun.

Kərkükdən salam olsun,

Tək şair Səməd Vurğun.

 Sonda daha bir sevindirici xəbər də gəldi: Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov qeyd edib ki, yaxın gələcəkdə Bəsrə-Bakı və Ərbil-Bakı istiqamətlərində də təyyarə uçuşları həyata yetiriləcək. Nəhayət, hava yolu ilə olsa da, öz qardaş-bacılarımıza qovuşacaq, görüşlərimiz, birgə tədbirlərimiz olacaq, bayramlarımızı bölüşəcək, üç yüz illik acı  hicran yerini şirin vüsala verəcəkdir...

Vəli İlyasov, “İki sahil”