06 fevral 2024 01:57
362

Doğma torpaqlarımızda həyat qaynayır - Böyük Qayıdış

Bu gün bütün dünya Azərbaycanın işğaldan azad etdiyi ərazilərə Böyük Qayıdış prosesini izləyir. Müharibədən keçən 3 ildən artıq müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinə şahidlik edirik.

Məlumdur ki, Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biridir. Qeyd edilən hədəf müddətində keçmiş məcburi köçkünlərin doğma torpaqlarında layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərdə iqtisadi inkişaf layihələri icra olunacaq, insanların sahibkarlıq və kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olması, digər irimiqyaslı sərmayə proqramlarının həyata keçirilməsi, bölgənin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində ardıcıl addımlar atılacaqdır.

İndi doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri reallaşdırılır. İşğaldan azad edilmiş torpaqlarımızda elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura bürünür. Belə ərazilərdən biri də işğal dövründə düçmənin xarabazara çevirdiyi Füzuli şəhəridir. Ötən il avqustun 18-də Füzuli şəhərinə ilk köç başladı və 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıtdı. İlk olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Həmin vaxt püşkatmada 144 ailə (509 nəfər) iştirak etdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, o vaxtdan etibarən püşkatmada Qarabağın dilbər guşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Artıq bu şəhərdə 527 ailənin, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması onların öz kökləri, mədəniyyətləri və kimlikləri ilə yenidən əlaqə qurması, doğma hisslərin yenidən canlanması deməkdir. Ata-baba yurdlarına qayıtmış soydaşlarımız nostalji, qürur və sevinc duyğularının harmoniyasını yaşayırlar.

Ümumiyyətlə, bərpa olunan ərazilərimizdə yaşayış üçün ən gözəl şərait yaradılıb. 2026-cı ilin sonunadək bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Hazırda işğaldan azad olunan ərazilərdə bölgəyə köçən sakinlərin məşğulluğu üzərində iş aparılır. Böyük Qayıdış Proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur. Lakin onların arasında əməkqabiliyyəti olmayanlar və uşaq yaşında olanlar da var.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib ki, əmək qabiliyyəti indiyədək Qarabağa və Şərqi Zəngəzura köçən əməkqabiliyyətli insanlardan 1300 nəfəri daimi işlə təmin olunub. Böyük Qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək, həm kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, həm də peşə hazırlığı məsələlərində onlara dəstək verməyə çalışırıq. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il öz doğma torpağına dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq.

2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirildiyini, stimullaşdırıcı paketlərin təsdiq edildiyini vurğulayan nazir deyib: “İşğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əməkhaqqına əlavə olaraq 20 faiz əlavə, 600 manat məbləğində birdəfəlik müavinət ödənilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əməkhaqqı güzəştləri var. Eyni zamanda dövlətin təqdim etdiyi müxtəlif imkanlar çərçivəsində onların məşğulluğu həyata keçiriləcək. Hər kəsə aydındır ki, dayanıqlı məskunlaşma üçün məşğulluq məsələsinin həlli çox vacibdir”.

Nigar Orucova, “İki sahil”