06 fevral 2024 02:58
364

Ermənistan konstitusiyasından revanşist maddələr çıxarılmalıdır

Yalnız daha çox təcavüzkarlığı təşviq edən, qonşu dövlətlərə ərazi iddiası irəli sürülən Haystanın əsas qanunda və digər normativ-hüquqi aktlarda dəyişikliklər edildiyi halda iki dövlət arasında sülhə nail oluna bilər

44 günlük savaşdan sonra Ermənistanın baş naziri Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq bildirib. Səmimi görünmək üçün hətta konkret rəqəm dilə gətirib - 86.6 min kv km. Amma di gəl, o, öz ölkəsinin hazırkı konstitusiyasından Qarabağla bağlı mürtəce müddəanın çıxarılması üçün hələ ki real addım atmayıb. Həmin konstitusiyasının preambulasında “Əsas Qanun”un Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədlərdən irəli gəldiyi qeyd olunur. Müstəqillik Bəyannaməsinin preambulasında isə “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında" birgə qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik keçmiş DQMV-ni öz tərkib hissəsi sayır. Bundan başqa sənəddə 1915-ci ildə Osmanlı dövlətində “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanıb. Azərbaycan və Ermənistanda eyni gündə - 1918-ci il mayın 28-də müstəqillik elan olunub. 1991-ci ildə Azərbaycan müstəqillik haqqında konstitusiya aktı ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Amma rəsmi İrəvan 1918-ci ildə Azərbaycan torpaqları üzərində qurulan Ermənistan dövlətinin varisi olduğundan bəhs etmir. Çünki bu, indiki Ermənistanın ərazisini, sərhədlərini müəyyənedici, təyinedici başlıca faktordur. Ancaq iki ölkə arasında münasibətlərin normallaşmasının əsas hüququ bazası o dövrdən başlayır. Sovetlərin dövründən çəkilmiş xəritələr də işğala haqq qazandırmaqdır. Onu da bildirək ki, bu sənədi 1990-cı il avqustun 23-də o zaman ölkənin Ali Sovetinin sədri vəzifəsini tutmuş Levon Ter-Petrosyan imzalayıb. Yeri gəlmişkən, sonralar prezident olmuş bu şəxsin dövründə anti-Azərbaycan addımlarının əsası qoyulub. Ermənistan üçün ali qanun Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. 2005-ci il noyabrın 27-də dəyişiklik olunub. 2015-ci il iyulun 15-də isə Konstitusiya islahatı üzrə Ermənistan prezidenti yanında xüsusi komissiya 20 il öncə qəbul olunmuş sənədə əlavə və dəyişikliklər edib. Ancaq heç birində Ermənistanın regionda pozuculuq fəaliyyətinə əsas verən məsələlərə diqqət yetirilməyib. 

Müstəqillik Bəyannaməsi İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesində ən ciddi maneədir. Deməli, Ermənistan konstitusiyası redaktə olunmayana, Müstəqillik Bəyannaməsinə istinad oradan çıxarılmayana qədər İrəvanın Azərbaycana qarşı ərazi iddialarının olmaması barədə danışmaq yanlışdır. Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də Ermənistanın əsas qanununun dəyişməsi məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, İrəvanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və onun ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyada öz əksini tapıb. Həmçinin qeyd olunub ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Məlumat üçün bildirək ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Lakin Paşinyanın bu fikri ölkəsində heç də birmənalı qarşılanmadı. Erməni türkşünas, tarix elmləri namizədi Varujan Geğamyan iddia etdi ki, Paşinyan konstitusiyanı Türkiyənin tələbi ilə dəyişir: “Paşinyan konstitusiyanı Türkiyənin tələbi ilə dəyişir, məqsəd Qarabağı, Ağrını, kilsəni, “soyqırımı”nın (qondarma-red.) “tanınması”nı silməkdir, bu gün Zəngəzur gündəmdədir, sabah Gümrü gündəmdə olacaq”.

Türkiyəli general Yücel Karauz mətbuata açıqlamasında məsələni şərh edərkən qeyd etmişdir ki, Ermənistan konstitusiyasındakı revanşits maddələr mütləq çıxarılmalıdır: “Nikol Paşinyan tərəfindən Ermənistan konstitusiyasının dəyişdirilməsini gündəmə gətirib. Bunun həm Türkiyə-Azərbaycnla bağlı əlaqəsi var. Həmçinin də Ermənistanın daxili məsələləri ilə bağlıdır. Təbii ki konstitusiyaya edilən dəyişikliklərlə ana qanundan Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş saldırıcı, təhqiredici, revanşizmi ehtiva edən maddələr çıxarılmalıdır. Əks halda münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sülh müqaviləsi imzalansa belə, Türkiyə ilə sərhədlərin açılması kimi məsələlər real deyil. “Dostluq istəyirəm, sülh istəyirəm, normallaşma istəyirəm” deyən bir dövlətin başqa ölkənin torpaqlarında dövlət qurmasını konstitusiyasında qeyd etməsi doğru hərəkət deyil. Ümid edirik ki, konstitusiyaya ediləcək dəyişikliklə həm Ermənistanın daxili siyasətinə aid məsələlər, həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələrə, o cümlədən beynəlxalq hüquqa zidd olan maddələr çıxarılacaq. Əks halda sona qədər qarşılıqlı anlayış, fədakarlıq, əl uzatmaq olmayacaq”.

Fevralın 1-də N.Paşinyan İctimai Televiziyaya müsahibəsində əsas qanunun yarıtmazlığını bir daha bəyan edib. O bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: “Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq”. O, qonşularla münasibətləri inkişaf etdirmək, yaxşılaşdırmaq üçün ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha vurğulayıb. Görünür N.Paşinyan artıq dərk edir ki, reallığı əks etdirən qanun olmadan bütün cəhdlər nəticəsizi qala bilər. Mövcud sənədin yenidən yazılması tərəflər arasında etimad mühitinin yaranmasına da təkan verər.

Ermənistanın sabiq ombudsmanı, qatı millətçi və təxribatçı mövqeyi ilə seçilən Arman Tatoyan isə deyib: “Bu məsələ ilə bağlı biz Azərbaycanın ictimai-siyasi sferasını araşdırdıq: Orada Ermənistan Respublikası hökumətinin yeni konstitusiya məsələsində irəli sürdüyü eyni tezislər və əsaslandırmalar var. Bu gün Azərbaycan Prezidenti Ermənistan Respublikası hökumətinin təşəbbüsü ilə aparılan bu müzakirələri şəxsən yüksək qiymətləndirib. Bu gündəmlə Ermənistan Respublikası hökuməti Ermənistanın legitimliyini şübhə altına alır. Dövlətimizi Azərbaycan hakimiyyətinin əsirinə çevirir”.

Göründüyü kimi, məsələnin mahiyyəti, bu konstitusiyanın Ermənistanın varlığına yaratdığı gerçək təhlükələr bir tərəfə atılır və önə “Paşinyan bunu kimin göstərişi ilə edir” məsələsi çıxarılır. Bunun davamı olaraq isə radikal müxalif qüvvələr konstitusiya dəyişikliyini isterika ilə qarşılayırlar və ermənilərə bunu böyük faciə kimi təlqin edirlər. Hansı ki, sülh müqaviləsinə Azərbaycandan qat-qat daha çox ehtiyacı olan Ermənistanın yeganə çıxış yolu normal, qonşularla heç bir ərazi problemi və onlara qarşı iddiası olmayan, öz çapına uyğun xarici siyasət yürüdə bilən bir dövlət qurmaqdır. Bunu üçün isə konstitusiyanın dəyişdirilməsi vacib şərtdir və qaçılmazdır. Ancaq seçim yenə də erməni xalqınındır. Əgər Azərbaycanın tam haqlı tələbi qəbul olunarsa və konstitusiya normal hala salınarsa, Azərbaycana qarşı iddialar aradan götürülərsə, bundan bizdən də çox ermənilər qazanmış olacaqlar. Əks halda, dalana dirənmiş, başı qapazlı və gözüqıpıq halları davam edəcək...

Sevinc Azadi, “İki sahil”