04 dekabr 2023 17:52
129

Qərbin əsl siması: ABŞ və Fransada rasizm, miqrantlara nifrət, islamofobiya adi hal alıb

Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatları və onun Avropadan olan müttəfiqləri ilə SSRİ və onun müttəfiqləri arasında ikiqütblü dünya yaranmışdı. Lakin Berlin divarının yıxılması, kommunizmin dağılması və liberalizmin qələbəsinin elan edilməsi ilə milli dövlətlərin sayı artdı. Dövlətlər qloballaşmanın gətirdiyi yeniliklərə tabe olmalı idi. ABŞ-ın ticarətə təsiri yeni iqtisadi nizamda daha çox hiss olunmağa başladı. Bjezinskinin sözü ilə desək, ABŞ və Avropa ölkələrinə bu nizamı qoruyub saxlaması üçün qlobal siyasi və hərbi güc lazım idi. Bunun üçün də dağılmış kommunizmin yerinə yeni düşmən lazım idi. Belə ki, Amerikanın bəzi beyin mərkəzləri və media qurumları özünə yeni düşmən axtararkən, dağılmış kommunist bloku əvəzinə İslamı və müsəlmanları Qərb sivilizasiyasına qarşı düşmən kimi göstərməyə başladı. Bu fikirlərdən ən çox müzakirə olunanı amerikalı politoloq Samuel Hantinqtonun Qərb və İslam sivilizasiyalarını bir-birinə qarşı qoyan “Sivilizasiyaların toqquşması” tezisi oldu.

1990-cı illərdən başlayaraq Qərb ölkələrində yaşayan müsəlmanlara qarşı ayrı-seçkilik, təcrid və fiziki hücumlar tədricən artıb. Xüsusilə 11 sentyabr terror aktından sonra ABŞ-da artmağa başlayan anti-müsəlman əhval-ruhiyyəsi daha sonra Almaniya, Avstriya, Hollandiya, Fransa kimi Qərb ölkələrində getdikcə yayıldı. Avropa ölkələrində aparılan sorğular göstərir ki, islamofobiya kəskin artıb. Odur ki, bu gün Avropada bir xəstəlik halını alan islamofobiyanın yaranması və yüksəlişini şərtləndirən amilləri düzgün müəyyən etmək böyük əhəmiyyət kəsb edir.

Günümüzdə texnologiyanın inkişafı və qloballaşma prosesi ilə müxtəlif dinə, dilə və irqə mənsub insanlar asanlıqla ünsiyyət qura bilirlər. Buna baxmayaraq, İslamofobiyanın baş alıb getdiyi, millətçi Avropa ölkələrindəki anti-İslam yönümlü hərəkətlər olduqca narahatedici bir hal alıb. Ən maraqlısı isə odur ki, tez-tez gündəmə gətirilən “Sivilizasiyaların toqquşması” nəzəriyyəsi ciddi qəbul edilir və tərəfdarlarının sayı da artır. Hantinqton bu nəzəriyyədə artıq yeni dünya düzənində mədəni fərqliliklərin siyasi və ideoloji fərqliliklərdən daha önəmli və həlledici olduğunu vurğulayırdı. Əgər Avropadakı islamofobiya probleminə bu nəzəriyyədən yanaşsaq xristian Qərbi ilə islam dünyası arasında müxtəlif sosial-mədəni ziddiyyətlərin olduğunu deyə bilərik. Avropa ölkələrində getdikcə artan islamofobiya ilə dünya sanki 2 tərəfi olan bir müharibənin içində kimi görünür.

Bu günlərdə biz bu “müharibənin” ən əsas cəbhələrindən biri kimi Fransanı görürük. Fransa şərq mədəniyyətlərinə qarşı öz anti-tolerant mövqeyini qətiyyən gizlətmir və İslam dininin nəinki sadəcə Fransada eləcə də Avropada yayılmaması üçün əlindən gələni edir. Gəldiyimiz son nöqtədə görünür ki, Fransada miqrantlar, xüsusilə də müsəlman miqrantlar fransızlar üçün bir növ təhlükə kimi göstərilir. Bu ideyalar kütləvi informasiya vasitələri ilə yayılır və cəmiyyətdə İslam əleyhinə əhval-ruhiyyənin artmasına hesablanır. Xüsusilə müsəlmanlardan siyasi vasitə kimi istifadə edən mühafizəkar, millətçi və ifrat sağ yönümlü siyasi partiyalar tərəfindən tez-tez dilə gətirilən anti-İslam və anti-müsəlman şüarlar getdikcə artır və vəziyyəti daha da gərginləşdirir. Çünki iqtisadi böhran, artan işsizlik və təhlükəsizlik problemlərindən müsəlman immiqrantları məsul tutan bu siyasi qüvvələr davamlı olaraq İslam əleyhinə və müsəlmanlara qarşı düşmənçilikdən bir qalxan kimi istifadə edir və bu yolla öz bacarıqsızlıqlarını gizlədirlər. Bu siyasi dairələr təkcə öz əhalisinə yox, həm də Avropa Birliyinə təbliğat apararaq islamofobik fikirlər yayırlar. Son illərdə Avropa Birliyi ölkələrində keçirilən seçkilərə nəzər saldıqda görürük ki, Avropada ifrat sağ, millətçi və anti-müsəlmançı partiyalar səslərini əhəmiyyətli dərəcədə artıraraq siyasi həyatda önəmli aktora çevriliblər. Görünür, Avropadakı bəzi ölkələrin siyasi kimliyi dəyişməsə bu zehniyyət hələ uzun bir müddət də davam edəcək.

Elməddin Nəzərli,
Nəsib Quliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası