04 dekabr 2023 23:57
277

Rəngini dəyişib, bəs xasiyyəti?

Cənubi azərbaycanlı soydaşlarımıza zülm edən İran rejimi ermənilərlə qardaşlaşmağa davam edir

Ərazilərimiz otuz ilə yaxın işğal altında qalanda, məscidlərimiz ermənilər tərəfindən dağıdılanda, təhqir ediləndə İranın fars-molla rejiminin rəhbərliyi ədalət naminə, müqəddəs dinimizin buyurduğu kimi Azərbaycan haqq işinə dəstək vermək, heç olmasa neytrallığını qoruyub saxlamaq əvəzinə açıq-aşkar Ermənistana hər cür yardım göstərirdi. Biz etiraz edəndə isə ya susurdular, ya da inkar edirdilər. Azərbaycan təkcə Ermənistan ordusu ilə deyil, dünyanın bütün ermənipərəst qüvvələri ilə savaşaraq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən xeyli sonra nəhayət hansısa İran rəsmisindən “Qarabağ Azərbaycanın suveren ərazisidir” etirafını, candərdi təbriklərini eşitdik. Bu gün Ermənistan Qərbə meyillənməklə, hətta öz ərazisində ABŞ-ın, Avropa İttifaqının hərbi mövcudluğuna şərait yaratmaqla İranın öz təbirlərincə desək, “qırmızı xətt”ini sağdan-sola, soldan-sağa tapdağa çevirib. Bəs niyə bu “ağa”lardan biri çıxıb vaxtilə bizə qarşı səsləndirdikləri əsassız ittihamlardan indi Ermənistanın ünvanına yağdırmır? Molla rejimində bu erməni sevgisi haradan qaynaqlanır görəsən?

Artıq birdəfəlik həll edilmiş Qarabağ münaqişəsi dövründə İranın Ermənistana hərtərəfli köməyi faktlar və hər iki tərəf rəsmiləri tərəfindən dəfələrlə səsləndirilmiş bəyanatlarla da təsdiqini tapıb. Yəni, bu, sadəcə ehtimal deyil. Elə indi də ermənilər öz fars qardaşlarının əvəzsiz köməklərini, dəstəklərini hərdən yada salır, təşəkkür edirlər. Məsələn, bugünlərdə Ermənistanın Avropa Universitetinin rektoru Heqine Bişaryan İranın “Pəyam-e Nur” Universitetinin rektoru İbrahim Tağızadə ilə görüşündə iki ölkə xalqları arasında mehriban dostluq münasibətlərindən danışaraq İranı qonşuları içərisində “ən böyük və ən əziz dost” adlandırıb. İranın “Tələbə” xəbər agentliyinin məlumata görə, Bişaryan deyib ki, bizim 4 qonşumuz var və İran bizim ən böyük və əziz dostumuzdur, amma digər qonşular haqqında bunu əminliklə deyə bilmərəm. Fars hökumətinin Qarabağ münaqişəsi dövründə Ermənistana “dostcasına” dəstəyini yüksək qiymətləndirən Bişariyan bunun üçün İran xalqına və dövlətinə təşəkkür etməyi də unutmayıb.

Göründüyü kimi, ermənilər fars-molla rejiminin Ermənistana “dostcasına” köməyini əsirgəmədiyini bilirlər və etiraf edirlər.

Doğrudur, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar bəzi region dövlətləri kimi, İranın da xarici siyasətində müəyyən korrektələr etməsinə səbəb olub. Ancaq bu dəyişiklik qeyd etdiyimiz kimi, sadəcə korrektə səviyyəsindədir, redaktə deyil. Yəni, “aysberqin görünməyən üzündə” İranın Ermənistanla siyasi, iqtisadi, mədəni əməkdaşlığı əvvəlkindən də sürətlə davam edir.

Belə ki, özü daxili problemlər burulğanında boğulan, xalqı üzləşdiyi yoxsulluqdan, işsizlikdən, zülm və istibdaddan əziyyət çəkən Cənub qonşumuz Ermənistanla əməkdaşlığı genişləndirməyə, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində İslam abidələrini təhqir etmiş bir ölkənin iqtisadiyyatının dirçəlməsinə nail olmağa çalışır. Faktlar da bunu göstərir. Belə ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 714 milyon dollar olub. Ancaq bu ilin birinci yarısında bu göstəricinin ötən illə müqayisədə13% artdığı bildirilir. İndi Ermənistan mallarının İran vasitəsilə regionun ərəb ölkələrinə və Hindistana ixracına da töhfə verməyə çalışır.

Bir müddət əvvəl İrəvanda keçirilən Ermənistan və İran arasında ikitərəfli ticarətin genişləndirilməsinə həsr edilmiş sərgidə hər iki ölkənin şirkətləri tərəfindən kənd təsərrüfatı, sənaye və turizm sektorlarında müxtəlif məhsullar təqdim olunub. Sərgidə İranın “Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaların Ali Şurası”nın katibi və İran prezidentinin müşaviri Höccətullah Əbdülməlekinin də iştirakı molla rejiminin öz erməni qardaşlarına nə qədər dəyər verdiyini göstərir.

Daha bir fakt. “Azad İran” “İRİB News”ə istinadən xəbər verir ki, İranın İrəvandakı səfirliyinin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed “Cənubi Qafqaz və təhlükəsizlik çağırışları” konfransı çərçivəsində ölkəsinin Ermənistanla mədəni əlaqələri inkişaf etdirməyə çalışdığını bildirib. Diplomat əlavə edib ki, İran və Ermənistan xalqları arasında siyasi və iqtisadi münasibətlər yaxşı, mədəni əlaqələr isə ən yüksək səviyyədədir. Onun sözlərinə görə, İranın Ermənistandakı Mədəniyyət Mərkəzi iki xalqı bir-birinin mədəniyyəti və sivilizasiyası ilə daha yaxından tanış etmək üçün professor və tələbələrin mübadiləsi, fars dilində kitabların erməni dilinə və əksinə tərcüməsi, mədəniyyət və incəsənət qruplarının qarşılıqlı səfərləri kimi müxtəlif sahələrdə mədəni əlaqələri inkişaf etdirməyə çalışır.

Xub, əlaqələri inkişaf etdirsinlər, buna kimsənin, o cümlədən bizim sözümüz yoxdur. Ancaq necə olur ki, bu gün faktiki olaraq ona xəyanət yolunu seçmiş Ermənistanla qardaşlıq bağlarını qoparmaq istəməyən İran öz ölkəsində yaşayan bir ovuc erməniyə öz dillərində təhsil imkanı yaradır, Təbriz Universitetində “ermənişünaslıq” fakültəsi açmağı planlaşdırır, otuz milyondan artıq azərbaycanlının isə nəinki öz dilində yazmaq, oxumaq, hətta uşaqlarına türk kökənli ad qoymaq azadlığı yoxdur? Bu haqqı, azadlığı tələb edən Cənubi azərbaycanlı qardaşlarımız təqib olunur, zindanlara atılır, min cür işgəncələrə məruz qalır, edam edilirlər.

Yeri gəlmişkən, İran İnsan Haqları Təşkilatı (HENGAW) xəbər verir ki, ötən ay İranda ən azı 122 məhbus edam edilib və bir ay öncə ilə müqayisədə bu prosesdə 50%-dən çox artım olub. İlin əvvəlindən isə bu rəqəmin 600-dən artıq olduğu bildirilir. Bir müddət öncə 17 yaşlı yeniyetmə Həmidrza Azərinin və ötən il kütləvi etirazlar zamanı həbs edilən Milad Zöhrəvəndin edam faktına münasibət bildirən Avropa İttifaqı edamların hazırkı sürətini “qorxulu və dəhşətli” adlandıraraq İran hökumətindən qəddar və insanlığa sığışmayan bu prosesə son qoyulmasını tələb edib.

Beləliklə, Cənubi azərbaycanlı qardaşlarımıza zülm edən İran ermənilərlə yenə də qardaşlaşmaqdadır. Bu prizmadan baxanda təbii ki, fars-molla rejimi rəhbərliyinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi o qədər də səmimi görünmür. Belə məlum olur ki, dəyişən təkcə İranın rəngidir, xasiyyəti deyil...

Mahir Rəsuloğlu, “İki sahil”