05 dekabr 2023 00:47
365

Hayların siyasi manipulyasiyaları

Nə vaxtadək?...

44 günlük İkinci Qarabağ müharibəsi təkcə Ermənistanın kapitulyasiyası ilə nəticələnmədi, həm də təcavüzkar ölkənin iqtisadiyyatının çökməsinə, əhalinin sosial rifahının pisləşməsinə də təsir etdi. Hazırda sözügedən ölkədə  gənclərin 44 faizi işsizdir. Xarici ölkələrə gedənlərin sayı bir milyonu ötüb. Halbuki, Azərbaycanla münasibətləri normal hala gətirməklə bütün bu problemləri çözmək mümkün idi.    

Amma rəsmi İrəvan hələ də müxtəlif bəhanələrlə sülh danışıqlarından qaçmaqdadır. ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopye şəhərində keçirilən iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki,  guya onun ölkəsi  Azərbaycanla danışıqlar aparmaq və Cənubi Qafqazda təhlükəsizliyi yaxşılaşdırmaq məqsədi ilə  əməli addımlar atmağa hazırdır, amma rəsmi Bakı regionda sabitliyin yaradılmasına mane olur. Üstəlik erməni nazir vurğulayıb ki, ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina ilə bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını göstərir. O, həmçinin bildirib ki, müsbət irəliləyiş əldə etmək üçün regionun bütün dövlətlərinin sülh gündəliyinin həyata keçirilməsində bərabər dərəcədə səmimi iştirak etməsi vacibdir. Bu isə o deməkdir ki,  rəsmi İrəvan sülh danışıqlarının baş tutmamasında rəsmi Bakını ittiham etməkdə davam edir.

Halbuki, Fransanın sayəsində gündən-günə hərbi potensialını gücləndirən, yeni müharibə eyforiyasına qapılan, Qərblə sövdələşmələr aparan, müxtəlif beynəlxalq platformalardan ölkəmizə qarşı böhtan xarakterli ritorikanı davam etdirən elə təcavüzkar Ermənistandır. Ararat Mirzoyanın çıxışını diqqətlə analiz edəndə açıq-aydın görünür ki, Ermənistan öz xislətinə uyğun olaraq həm sülh prosesini, həm də düşmənçilik siyasətini paralel şəkildə aparır. Bu yerdə  eyni vaxtda bir-biri ilə uyuşmayan iki işi görməyə can atmaq ifadəsini özündə ehtiva edən “bir əldə iki qarpız tutmaq tutmaq” məsələni  yada salmamaq mümkün deyil. Budurmu, atılan əməli addımlar? Budurmu səmimiyyət? Ermənistanın İkinci Qarabağ savaşından əvvəl də  sülhdən  imitasiya xətrinə danışdığı  hər kəsə yaxşı məlumdur. Bu gün də təcavüzkar ölkə  sülhə, sülh  danışıqlarına eyni məqsədlə yanaşır. O ki qaldı… ABŞ və Aİ tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina məsələsinə… Yəqin Ararat Mirzoyan Prezident İlham Əliyevin nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bildiyini unudur. Unutmasaydı, bu şəkildə sərsəmləməzdi.

Bu ritorika digər Ermənistan rəsmilərinin çıxışlarında da özünü göstərir. Bu mənada Ermənistan parlamentinin spikeri Alen Simonyan bu günlərdə necə deyərlər lap “gül” vurub.  Bildirib ki, əgər Azərbaycan şərtlərimizi qəbul etsə və yaxud Ermənistanın gündəliyi ilə razılaşsa, sülh müqaviləsini yaxın günlərdə  imzalamaq mümkün olacaq. Görəsən, nə vaxtdan məğlub ölkə qalib ölkəyə qarşı şərtlər irəli sürür? Bəlkə var, biz bilmirik. Halbuki, Simonyan bilməmiş deyil ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Yəni, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan  Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir. Bütün bunlar isə Azərbaycanın Hayastana təqdim etdiyi 5 bənddən ibarət sülh təklifində öz əksini tapıb. Həmin şərtlər elə Ermənistanın özünə də sərfəlidir. Ermənistan sülh müqaviləsinin bağlanması üçün Azərbaycanı günahlandırmaqdan çəkinməli və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Amma Azərbaycanla birbaşa danışıqlardan qaçan Ermənistan “yeni şərtlər daxilində” danışıqlar aparmağa cəhd göstərir. Həmçinin sürətlə silahlanmağa davam edərək, danışıqlarda müəyyən üstünlük yaradacaq yeni sərhəd toqquşmasına  hazırlaşır. Ermənistanın sülh prosesi ilə bağlı qeyri-səmimi mövqeyi bir daha nümayiş etdirir ki, bu ölkənin normal siyasi baxışları belə mövcud deyil. 

Rəsmi İrəvanın havadarlarının təhriki ilə sərgilədiyi bu mövqe onun hələ  sülh danışıqları üzərində siyasi manipulyasiyadan əl çəkmədiyini göstərir. Elə bu kimi səbəblərdən gah Brüsselə, gah  Vaşinqtona, gah da Parisə üz tutur. Bununla  Ermənistan birbaşa və regional dialoqlardan yayınır. Aydın məsələdir ki, rəsmi İrəvanın məqsədi Qərbin aparıcı dövlətlərinin Azərbaycanla normal əməkdaşlığını pozmaq, ikitərəfli münasibətləri gərginləşdirməkdir. Halbuki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan dövlətinin iradəsinə təsir göstərə bilməz. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir: “Lakin onlar üçün bu, sıfır nəticə verəcək”.  Bəli, bu cəhdlər Hayastana heç də yaxşı şeylər vəd etmir. Belə ki, ermənilər əbədi olaraq problemlər və çətinliklərlə yaşamağa məhkum olacaqlar.

Bütün bunlara rəğmən bölgədə sülhün bərqərar olması labüddür. Bu, artıq zamanın, yaranmış yeni reallıqların tələbidir. Prezident İlham Əliyevin çıxışlarının birində demişdir: “Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”