05 dekabr 2023 01:57
308

Azərbaycanın beynəlxalq nüfüzunun daha bir nümunəsi

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək

Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genimiqyaslı bərpa-quruculuq işlərinin fonunda təkmil şəhərsalma təcrübəsini dünyaya təqdim edir. İşğaldan azad edilmiş bütün şəhərlərimiz Baş plan əsasında yenidən bərpa edilir. Azərbaycan yenə də yenilikləri ilə dünyanın diqqətindədir. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində qurulan kənd və şəhərlər müasir dövrün bütün yeniliklərini özündə əks etdirir.  Ağdam və Zəngilanda keçirilən  Milli Şəhərsalma Forumları bütün bu məqamlara aydınlıq gətirdi. Bunlardan öncə cənab İlham Əliyev ötən il Polşanın Katovitse şəhərində keçirilən  Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasına videoformatda qatıldı. Dövlət başçısı sessiyadakı çıxışında bu mühüm məqama xüsusi diqqət yönəltdi ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı  şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Bakı hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması  ilə göz oxşayıb.  Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxışlaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu.  Yaradılan möhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmillşəməyə marağı atılan hər addımında  öz təsdiqini tapdı. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşdı.  Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi ilə liderliyini qoruyur. Belə ki,  dünyanın “Ən yaşamalı şəhərlərinin” reytinq cədvəl və hesabatında yer alan ölkələr arasında Bakının  adının çəkilməsi Azərbaycanda aparılan sosial, iqtisadi inkişafın məntiqi nəticəsidir. Prezident İlham Əliyevin “Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir” sözləri bu gün real həyatda  əksini tapır. Hesbatlarda bu fikirlər də xüsusi qeyd edilir ki,  Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, həm də yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlərlə də dünyanın diqqətini cəlb edir. Ən mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi uğur qazanan Azərbaycan haqqında söylənilən “Baxın indi Azərbaycana. Belə möcüzəli iqtisadi  inkişaf kimin ağlına gələrdi” fikirləri  artıq heç kimi təəccübləndirmir. Dünyada tanınan elm, mədəniyyət elitasının iştirak etdiyi forumlarda, dialoqlarda, simpoziumlarda iştirak edən qonaqların qitələri birləşdirən Azərbaycanı sivilizasiyalararası dialoq mərkəzi adlandırmaları Avropa mədəniyyətini Şərq dəyərləri ilə sintez edən, AŞPA və İƏT-in üzvü olan ölkəmiz haqqında belə təsəvvür yaradır: Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Azərbaycan Asiya ölkəsi kimi təqdim olunur. Asiya tərəfindən Azərbaycana baxdıqda Avropa ölkəsi kimi təqdim edilir. Neft kapitalının insan amilinə çevrilməsi çağırışına uyğun inkişafda olan Azərbaycan daim yeniləşən, müasirləşən ölkədir.  Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. “Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır” söyləyən cənab İlham Əliyevin imzaladığı Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası nəticəsində paytaxtımızın memarlıq abidələri Şərq üslubu saxlanılmaqla bərpa edilir, müasirliklə qədimliyi tamamlayan yeni binalar tikilir.

Beynəlxalq səviyyəli möhtəşəm tədbirlərə ev sahibliyi baxımından Azərbaycan xoşbəxt ölkə adlandırılır. “Şərqin Parisi”, “Qoca Şərqin estetik təcəssümü” adlandırılan Bakının yeni simvolları və rəmzləri olan, adı dünya memarlıq inciləri ilə bir sırada çəkilən  Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, “Ağ şəhər”, “Bakı Kristal Sarayı”, salınan yeni istirahət mərkəzləri, beşulduzlu otellər, prospektlər... Azərbaycanın inkişaf dinamikasını göstərir. İnkişaf strategiyamızın təzahürü kimi dünya şəhərlər xəritəsində Bakının adı ilk sıralarda çəkilir. Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Böyük Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Sarayının, Bakı Su İdman Sarayının, Bakı Atıcılıq Mərkəzi kimi obyektlərin açılması paytaxtımıza əlavə gözəllik bəxş etməklə ölkə gənclərinin idmana maraq və həvəsinin artırılmasında da əvəzsiz rol oynamışdır.

Bakı və Bakıətrafı ərazilərin inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində siması dəyişən, modernləşən, qədim, tarixi memarlıq nümunələri müasir siması ilə uzlaşan paytaxtımız turizmin inkişafı baxımından da cəlbedicidir. Bu inamı şərtləndirən amillər saysızdır.  Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Dənizkənarı Milli Parkımızda yaradılan şəraitə heyran qalan qonaqlar dünyanın heç bir ölkəsində belə möhtəşəm bulvara rəst gəlmədiklərini etiraf edirlər. Son illərdə paytaxt sakinlərinə töhfə olan “Qış parkı”nın davamı, şəhərin  Baş Planın icrasına əsasən tənzimlənən yol-nəqliyyat infrastrukturu həm də hərəkətin təhlükəsizliyinin təminatında, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynamaqla Bakının müasirləşdirilməsini təmin edir. Dövdət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri ilə paytaxt Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim etmişdir.

Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasından da bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib»  kimi reallıqları diqqətə çatdıraraq yaşananların fonunda Azərbaycan xalqının  heç zaman ruhdan düşmədiyini. daim quruculuqla məşğul olduğunu diqqətə çatdırıb. Bu gün də dünya xalqımızın necə qurucu, yenilikçi xalq olduğunun şahididir.

Əvvəldə də qeyd etdiyimiz kimi, bütün işğaldan azad edilmiş şəhər və kəndəlrimiz Baş plan əsasında, «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpa edilir. Ölkə Prezidentinin vurğuladığı kimi,   Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür. Dövlət başçısı sessiyada bu istəyimizi də ifadə etdi ki,  Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»

Qeyd edək ki, Azərbaycanın bu istəyi də  reallığa çevrilir. Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Belə ki, BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun  2026-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar elan edilib BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanı əldə edəcəklər. Qeyd etdiyimiz kimi, Ümumdünya Şəhərsalma Forumu keçən il "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində  17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum  2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

Bu önəmli tədbirin 2026-cı ildə paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir.

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biri budur ki, nəinki paytaxt Bakımız, həmçinin bütün bölgələrimiz, o cümlədən 28 ildən sonra sahibinə  qovuşmuş torpaqlarımız müair dövrün tələbləri əsasında yenidən qurulması ilə  dünyanın diqqətindədir. Azad Qarbağımızın, Şərqi Zəngəzurumuzun  beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması ölkəmizin  iqtisadi qüdrətinin, həmçinin sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirməsinin nəticəsidir. 53 ölkədən 200-ə qədər xarici qonağın, ümumilikdə 400 iştirakçının qatıldığı Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə qeyd etdi ki, bu gün  bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir: «Böyük Qayıdış Proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil - burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.» Ölkə Prezidenti onu da əlavə etdi ki, Böyük Qayıdış Proqramı və onun icrası artıq  keçmiş məcburi köçkünlərin Laçın, Füzuli şəhərlərinə,  Ağalı, Talış və Zabux  kəndlərinə qayıdışına geniş imkanlar yaradır. Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Bu hədəf də açıqlanır ki, qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək. Bu, Böyük Qayıdış  Proqramının tərkib hissəsidir.

Göründüyü kimi, müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Forumun keçirilməsi olducqca vacibdir. Belə forumlar iştirakçı ölkələrin müzakirə olunan sahələr üzrə malik olduqları təcrübənin bölüşməsində əhəmiyyətli rol oynayır.

Yeganə Əliyeva, «İki sahil»