01 dekabr 2023 23:42
270

Qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımızın əhatə dairəsi genişlənir

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb  Əmirliklərinə  səfəri, Dünya İqlim Fəaliyyəti Sammitində iştirakı münasibətlərimizin bugününün və gələcəyinin aydın mənzərəsini təqdim edir

Azərbaycanın xarici siyasət uğurları istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yeni prioritetlər üzrə inkişafında özünü nümayiş etdirir. Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlər üçün ideal məkan seçilməklə yanaşı,  digər ölkələrdə də təşkil edilən tədbirlərin iştirakçısı olur,  təcrübəni paylaşır, müəyyənləşdirilən hədəflərə zamanında nail olmaq üçün təşəbbüslərini irəli sürür. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. Dekabrın 1-də sözügedən Sammitin açılış mərasimi keçirildi. Azərbaycan  Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi.

Öncə bu mühüm məqamı qeyd edək ki, Prezident İlham Əliyevin cari ildə ilk xarici  səfəri də  məhz  Birləşmiş Ərəb Əmirlikləri ilə başlamışdı.  Cənab  İlham Əliyevin həmin səfəri Əbu-Dabi Dayanıqlılıq Həftəsi adlı mötəbər tədbirdə iştirak etmək üçün baş tutmuşdu. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər hazırda ən yüksək səviyyədədir və uğurla inkişaf edir. Bu səfər bir daha Azərbaycanın multikultural dəyərlərə və tolerantlığa önəm verdiyini,  Avropa,  Asiya ilə yanaşı, ərəb və İslam dünyası ilə də sıx əlaqədə maraqlı olduğundan xəbər verdi.

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Müstəqillik Günü ilə bağlı  təbrik məktubunda da  qeyd olunduğu kimi, dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində  böyük əməyiniz vardır.

O da qeyd edilir ki, biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür. Təbrik məktubunda bu əminlik də ifadə edilir ki,  möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri kimi dünyada enerji layihələrinin və iqtisadi proseslərin reallaşması prosesində önəmli rola malik olan ölkə ilə  münasibətlərimiz təkcə siyasi   deyil, eyni zamanda, iqtisadi baxımdan Azərbaycan üçün önəm kəsb edir. İşğaldan azad etdiyimiz ərazilər də daxil olmaqla, bütün ölkəmizdə hazırda yaşıl enerjinin, bərpa olunan enerji mənbələrinin istehsalı və mübadiləsi sahəsində həm regionda, həm də  Avropa və Asiya qitələrində ölkəmizin rolu artmaqdadır. Hazırda formalaşmaqda olan yeni dünyada siyasi, iqtisadi və enerji düzəninin formalaşmasında Azərbaycanın rolu aydın şəkildə görünür. Azərbaycan artıq qeyri-neft sektorunun müxtəlif istiqamətlərini, o cümlədən də alternativ bərpa olunan enerji resurslarımızın istehsalı və ixracı sahəsini inkişaf etdirməklə bağlı qətiyyətli və prinsipial mövqe ortaya qoyub.

Özünün daxili enerji tələbatını ödəyən Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyətli rol oynayır. Ölkəmizin  enerji siyasəti, yeni dövrün tələbi olan alternativ enerjidən istifadə ilə bağlı gördüyü işlər, eləcə də hədəfləri dünyanın diqqətindədir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim diqqət mərkəzində olmasını şərtləndirən əsas amillər olub. Digər mühüm məqam isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin fonunda bu imkanlardan səmərəli istifadə etmək, ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etmək, reallaşdırılan layihələrlə nəinki iştirakçı, eyni zamanda,  dünya dövlətlərinin dayanıqlı inkişafına dəstək olmaqdır. Azərbaycanın 1994-cü ildən bəri iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regional inkişafa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. İllər keçdikdən sonra əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət duyuldu. Çoxtərəfli əməkdaşlağın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin 2014-cü ildə təməli qoyuldu və nəzərdə tutulduğu vaxtda- 2018-ci ildə rəsmi açılışı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabrın 31-də isə digər seqmenti TAP istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan irəli sürdüyü hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və səylərin birəşlirilməsi fonunda  buna nail olur.

Bu ilin enerji sektorunda qazanılan uğurlarından olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında  dövlət başçısı İlham Əliyev   bildirmişdir ki,  Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 ildə çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana yatırılan  ümumi investisiyalar 300 milyard dollardan çox olub və bunun təqribən 200 milyard  dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.

Son üç ildə günümüzün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Artıq Azərbaycan tarixi Zəfərinin  yaratdığı reallıqları yaşayır. 2021-ci ildə  istər «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair  Milli Prioritetlər»in təsdiqlənməsi, istər iqtisadi rayonların yeni bölgüsünün aparılması ilə bağlı Fərmanın imzalanması iqtisadi inkişafda yeni bir mərhələnin başlanğıcı oldu.  İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Yol-nəqliyyat infrastrukturunun    yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji  zonası elan edilib.  Azad olunmuş  ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və  2000 meqavat külək enerjisi təşkil edir.

Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında  belə bir əminliyi də ifadə etmişdir ki,  bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün  nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir.  Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edən cənab İlham Əliyev onu da əlavə etmişdir ki,  Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin bu mərasimdə iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsidir. Planlar genişdir. Mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləmək  planlaşdırılır.  Bu, regionun enerji inkişafında tam bir inqilab olacaq. Azərbaycan  yaşıl gündəliyə doğru irəliləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, məqsədli seçimdir. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Statistik rəqəmlərə diqqət yetirək. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.  Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bərpa olunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur.

Göründüyü kimi, Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmiz etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bugünümüzün reallıqları qarşıdakı dövrün aydın mənzərəsini yaradır.

Yeganə Əliyeva, «İki sahil»