02 dekabr 2023 00:18
295

Əli Kərimli AXCP-dəki istefaları ört-basdır etmək üçün ictimai rəyi azdırmağa çalışır

Qaragüruhçu “cəbhəçilər”in məbədi olan AXCP-də istefa dağlası getdikcə böyüyür. İstefaların əsas səbəbi təşkilatın sədri Əli Kərimlinin avtroritar idarəçiliyi və partiyadakı hərc-mərclik və qarşıdurmanın pik nöqtəsinə çatmasıdır. Bu günlərdə AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə, AXCP fəalı Pərvin Hüseynli və digərləri sosial şəbəkələrdə Əli Kərimlinin diktoruluğuna etiraz edərək partiyadan ayrıldıqlarını bildiriblər. Onlar bildirirlər ki, partiyada azad sözə və fərqli fikrə yer yoxdur. Bu gənclərin partiyadan istefa vermələri və Ə.Kərimlinin ünvanına ağır ittihahmlar səsləndirmələri qurumda onsuz da mövcud olan gərginliyi və parçalanmanı daha da artırıb. Partiyadan sızdırılan məlumatlara görə, bir çox “cəbhəçi” S.Əhmədzadə, P.Hüseynli və digərlərinin təşkilatdan uzaqlaşmalarına etiraz etsələr də, hələlik susmağa üstünlük verirlər. Digər bir qism isə Ə.Kərimlinin tapşırığı ilə istefa verən şəxsləri sosial şəbəkələrdə tənqid atəşinə tuturlar. S. Əhmədzadə və P.Hüseynlinin sosial şəbəkə hesablarındakı statuslara yazılmış rəylərdə “Günay Babayeva” adlı hesab xüsusi cənfəşanlıq göstərərək, hətta əndazəni aşaraq bu gəncləri təhqir etməkdən və onlara böhtan atmaqdan belə çəkinmir.

Təbii ki, AXCP-də hökm sürən avtoritar idarəçiliyə və diktaturaya etiraz edərək, “Artıq Əli Kərimlinin girovluğunda qalmaq istəmirik” deyərək təşkilatdan ayrılan bu gənclərin davamlı olaraq ağır ifadələrlə təhqir edilməsi təsadüfi deyil. Vaxtilə AXCP-nin fəallarndan olmuş Afa Cəfərova sosial şəbəkələrdəki statuslarında bildirir ki, S. Əhmədzadə, P.Hüseynli və digərlərinə qarşı aparılan böhtan kampaniyasının başında  qurumun Rəyasət Heyətinin üzvü Məmməd İbrahim dayanır. Şübhəsiz, M.İbrahim özbaşına təşkilatdan istefa verən gənclərə qarşı qarayaxma, şər-böhtan kampaniyası apara bilməz. Görünən odur ki, o bu çirkin antitəbliğat tapşırığını sevimli şefi Ə.Kərimlidən alıb.

Son günlər AXCP-də baş verənlər onu deməyə əsas verir ki, Ə.Kərimlinin avtoritar idarəçiliyi, siyasi ehtirasları, öz korporativ maraqları və şəxsi ambisiyaları naminə saf, təmiz qəlbli gənclərdən ancaq “icraçı” kimi istifadə cəhdləri təşkilatdakı etiraz dalğasını daha da gücləndirəcək. Nəticədə təşkilatdan qopmalar davamlı xarakter alacaq.

Bütün bunları-partiyada baş verən istefaları və partiyadaxili qarşıdurmaları, davamlı uğursuzluqları ört-basdır etməyə, bununla da izi azdırmağa çalışan Əli Kərimli və onun müavinləri Fuad Qəhrəmanlı, Seymur Həzi, Ayaz Məhərrəmli və digərləri son günlər sosial şəbəkələrdə dövlətçiliyə, milli maraq və mənafelərə qarşı çıxışlarının miqyasını daha da artıraraq ictimai rəyi azdırmağa çalışırlar.

Bütün bunlar ictimaiyyətimizdə siyasi avantürist kimi tanınan, müxalifətçiliyi dövlətə, dövlətçiliyə qarşı mübarizə kimi dərk edən, məhz buna görə də nəinki cəmiyyətimiz, həm də “cəbhəçilər” tərəfindən etirazla qarşılanan  Ə.Kərimli və onun əqidədaşları barədə uzun illər bundan əvvəl ABŞ Milli Demokratiya İnstitutunun ölkəmizdəki səfiri xanım Myuşa Severin mətbuata açıqlamalarını bir daha bizə xatırlatdı. Səfir xanım deyirdi: “Mən 2002-ci ilin noyabrından bu vaxta qədər Azərbaycanın müxtəlif partiyaları ilə tanış olmaq imkanı qazandım. Müşahidələrimə əsasən deyə bilərəm ki, müxalifət hazırkı hakimiyyətə qarşı həddindən artıq radikaldır. Bu radikallıq müxalifətə hakimiyyət orqanlarının işinə real tənqidi nöqteyi-nəzərdən yanaşmağa imkan vermir. Müxalifət cəmiyyəti düzgün qiymətləndirməyi bacarmır”.

Təbii ki, xanım Myuşa Sever müxalifət funksionerləri arasında keçirdikləri politoloji testdən sonra belə bir qənaətə gəlmişdi: “Onlara tapşırıq verdik ki, hər biri cəmisi bir sətirdə ifadə olunmaqla hökumətin 10 mənfi xüsusiyyətini yazsın. Onlar həmin xüsusiyyətləri o qədər qarışıq və qeyri-konstruktiv ifadə etdilər ki, düzü, bu nəticə bizi narahat etməyə bilməzdi. Bundan sonra belə qənaətə gəldik ki, müxalifətin hətta rəhbərliyində olan şəxslər belə hökumətin çatışmayan cəhətləri barədə aydın təsəvvürə malik deyillər. Onlar ayrı-ayrı müxalifət nümayəndələrinin müxtəlif vaxtlarda mətbuatda və kuluar söhbətlərdə söylədikləri hakimiyyətin tənqidinə yönəlmiş fikirləri sistemsiz şəkildə ifadə etdilər...”

Göründüyü kimi, bir “siyasətçi” kimi hər addımda savadsızlığını və naşılığını büruzə verən, rasional düşünmək qabiliyyətini itirən, nə qədər gülməli olsa da, bu gün yalnız sosial şəbəkələrdə trolbaşılığı gündəlik fəaliyyətə çevirən, radikallığı, pozuculuğu və inkarçılığı ilə marginallaşaraq özünü cəmiyyətdən təcrid edən, rəhbəri olduğu bir partiyanı belə idarə edə bilməyən Ə.Kərimlinin bacarıq və imkanları ilə tərs mütənasib olan başından böyük  absurd siyasi iddiaları  gülünc olduğu qədər,  həm də  çox ikrahdoğurucudur. Şübhəsiz, bütün bunlar Ə.Kərimlinin və onun rəhbəri olduğu partiyanın və təmsil olunduğu dağıdıcı düşərgənin iflasının təsdiqidir.

Zahid Rza, “İki sahil”