02 dekabr 2023 01:16
356

Fransanın qarmaqla dəryada balıq tutmaq sevdası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Sən tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Türkiyə xalqına və Türkiyəyə qarşı durmağa çalışma. Makronun mənimlə bağlı hələ çox problemi olacaq» sözlərini həmkarları arasında siyasi kloun kimi tanınan Emmanuel qulağında sırğa etsin

Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaza meyillənməsinin bir çox səbəbləri olsa da, əsas məsələ onun siyasi savadsızlığı, hegemonluq etmək istədiyi ölkələrin tarixini, milli-mənəvi dəyərlərini bilməməsidir. Əgər azacıq da məlumatı olsaydı başa düşərdi ki, bu bölgənin qüdrətli ölkəsi, çoxəsrlik tarixə malik, qəhrəmanlar diyarı Azərbaycanla üz-üzə gəlmək onun kimi cılız siyasətçinin öhdəsindən gələ biləcəyi iş deyil. Ümumiyyətlə türk dünyasının dəyərlərindən xəbərsiz Makronun İslam dini ilə bağlı yanlış təsəvvürü də onun səviyyəsizliyindən xəbər verir. Dünya siyasətçiləri arasında dövlətçilik təcrübəsi, hərtərəfli hazırlığı ilə ön sıralarda dayanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Emmanuel Makronu avamlıqda ittiham edərək ona layiq olduğu qiyməti vermişdi: «Sən tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Türkiyə xalqına və Türkiyəyə qarşı durmağa çalışma. Makronun mənimlə bağlı hələ çox problemi olacaq.»

Bu gün Ermənistana siyasi, hərbi dəstək göstərməklə guya nəyəsə nail olacağını düşünən Makron dövlət başçıları arasında yerini bu meyara əsasən təyin etsin. Onu da bilsin ki, Azərbaycana qarşı təxribatları özünə və təzə forpostu Ermənistana zərər verəcək.

ATƏT-in artıq təqaüdə göndərilmiş keçmiş Minsk qrupunun həmsədr dövləti olan, əsrlərdən bəri Afrika ölkələrində apardığı müstəmləkəçilik siyasətini bu gün də eybəcər formada davam etdirən, beynəlxalq hüquq normalarını, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmaq ənənələrini Cənubi Qafqazda da yeritməyə çalışan Makron Fransası ünvanı səhv saldığını anlasa da onu gözləyən fəlakətləri hələ tam mənası ilə dərk etmir. Çünki qlobal dünya siyasətindən baş çıxarmaq qabiliyyəti Makron üçün əlçatmazdır Azərbaycanla bağlı böhtan və qərəzli kampaniyaları, Senatda qəbul etdikləri bədnam qərarları ilə özünü nüfuzdan salan rəsmi Paris hökuməti erməni lobbisinin təsirindən çıxa bilmir. Təmsil etdiyi dövlətin maraqlarından qat-qat artıq Ermənistana canıyanarlıq edən, anti-Azərbaycan fəaliyyətini genişləndirən bu ölkənin xarici işlər naziri Ketrin Kolonna Makronun ideoloji ruporu kimi dünya ictimaiyyətinə ölkəmizlə bağlı dezinformasiyalar yaymaqdan da yorulmur. Fransa Senatında toplantı keçirərək növbəti dəfə çirkin və qərəz dolu açıqlamaları ilə özünü gülünc vəziyyətinə salan xanım Kolonna Qarabağda «etnik təmizləmə” dərdindən» danışarkən yalanlarını əsaslandırmaq, istinad üçün bir fakt gətirə bilməyib. Müstəmləkə təfəkkürlü, milyonlarla insanı qətlə yetirib soyqırımlar törədən Fransanın çirkin planlarını həyata keçirmək üçün Ermənistandan vasitə kimi istifadə etməsi bəllidir. Artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin mövcud olduğu müddətdə Ermənistana hər cür yardım göstərən Fransa 2020-ci ildən sonra da, bu günədək qeyri-konstruktiv və təxribatçı əməllərini davam etdirir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq öz torpaqlarını işğaldan azad edən, lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazisində separatizmin kökünü kəsən, humanitar siyasəti dünyada dəstəklənən Azərbaycanla müqayisədə milyonlarla afrikalını qətlə yetirə Fransanın Ermənistanla münasibətinin açıqlaması «Dostunu göstər, sənin kim olduğunu deyim» müdrik kəlamıdır.

Prezident İlham Əliyevin «Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”» sözləri bölgədə sabitliyin pozulmasına, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olan Makronun avropalı həmkarları tərəfindən belə tənqid olunan siyasətinə verilən həqiqi qiymətdir. Siyasi kloun kimi yeri gəldi-gəlmədi özünü ortaya atan, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi ilə heç cür barışa bilməyən Fransa Prezidentinin Azərbaycanı sanksiyalarla hədələməsi də gülüncdür. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu etiraf etsə də Makronun hələ də arxivlərə atılmış «Dağlıq Qarabağa müstəqillik verilməlidir» vay- şüvən qoparması «qaşığın aşdan isti olması» məsəlidir. Afrikadan biabırcasına qovulan, Cənubi Qafqazda kök salamaq istəyən rəsmi Paris müstəmləkəçilik siyasətini davam etdirməyə çalışsa da bu kimi səylər baş tutan deyil. Bu gün Fransanın hərbi paltarlar geyinmiş «müsyö jordanlar»ının Azərbaycanda «ot toplamaq» imkanları da tükənib. Çünki can-ciyərləri, 30 ildə Azərbaycana qarşı ekoloji terrorlar törədən ermənilərin vəhşiliyi sahəsində fauna və florası dağıdılan ölkəmizin o bölgələrində Makronu ağıllandıracaq ot-ələf qalmayıb.

Hazırda əvvəlki ağası Rusiya ilə körpüləri yandıran, ABŞ-ın, Fransanın yağlı vədlərinə güvənən Ermənistan tələyə düşüb. Ölkəyə giriş-çıxış yolları bağlanan , günədlik həyat üçün daha çox ehtiyac duyulan imkanlardan məhrum edilən Hayastanda yenə də at izi, it izinə qarışıb. Ağız deyəni qulaq eşitmir. İrəvanın küçələrini bürüyən aksiyalarda irəli sürülən «istefa» tələbindən xoflanan Ermənistanın baş naziri Nikol Paşinyanı xilas etmək ABŞ-ın və Fransanın imkan xaricindədir. «Ay aman, işim qaldadı, mərəkə, fısqırıq daldadı» söyləyən, çıxış yolu axtaran Paşinyanın son əlacı Azərbaycanla, Türkiyə ilə razılığa gəlməsi, sülh sazişini imzalamaq üçün ikitərəfli masada əyləşməsidir.

Baş nazir Nikol Paşinyan anlamalıdır ki, Fransanın vədləri həlledici deyil. Ölkəsində sabitliyi pozan «sarı jiletlmilər»lə bacara bilməyən Makronun rəsmi İrəvanı silahlandırıb Azərbaycana qarşı növbəti müharibəyə sövq etməsi avantüradan başqa bir şey deyil. Azərbaycana təsir etmək iqtidarında olmayan Ermənistanın bir çıxış yolu vardır: Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq. Hazırda bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə öz dəstəklərini göstərməyə çalışırlar.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanılması ilə bölgədə yeni siyasi vəziyyətin yaranacağını bildirən Prezident İlham Əliyev Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda əməkdaşlığı üçün yaranan şansı daha etibarlı hesab edir.

Son hadisələr də göstərir ki, ən qəbuledilməz variant Cənubi Qafqazda gərginliyi artırmaq üçün ikiüzlü siyasətlərini davam etdirən ABŞ və Fransanın saxta «fəallığıdır.» Düzgün, optimal seçimi «Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi» sözləri ilə bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu məsələdə mümkün vasitəçilik imkanlarının üç dövlət arasında baş tutması regiondan çox uzaqlarda yerləşən ölkələrin qərəzli «təşəbbüslərindən» daha məqbuldur. Ermənilərin təəssübkeşi Makrona məsləhət budur ki, Fransada haylar üçün ayrıca muxtar respublika yaratsın ki, daha əziyyət çəkib xain nəfəsi ilə Cənubi Qafqazın sabitliyini korlamasın.

Xuraman İsmayılqızı, «İki sahil»