02 dekabr 2023 08:06
443

Qərbin həsəd apardığı əməkdaşlıq

Dünyaya inteqrasiya edən Azərbaycanın hazırda bəzi dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Onlardan biri də ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan Macarıstandır.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə təmsil olunduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir və ədalətli qərarların qəbul olunmasına töhfə verir. İki dost ölkənin Macarıstanın müşahidəçi statusunda təmsil olunduğu Türk Dövlətləri Təşkilatında (TDT) uğurlu əməkdaşlığı isə getdikcə münasibətləri daha da dərinləşdirir. Yeri gəlmişkən qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban çıxışlarının birində bildirmişdir ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır.

İqtisadi əməkdaşlığa gəldikdə  isə… Macarıstan Azərbaycan ilə enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı rolu həmişə təqdir edir. Təkcə bir faktı xatırladaq ki, Macarıstanın “MVM CEEnergy” və Azərbaycanın SOCAR şirkətləri ara­sında imzalanan müqaviləyə əsasən, respublikamız 2023-cü ilin sonunadək dost ölkəyə 100 milyon kubmetr qaz tədarük etməyi nəzərdə tutur. Bütöv­lükdə Macarıstan Azərbaycandan ildə 1 milyard kubmetr qaz idxal etməyi plan­laşdırır. Bu məqamla bağlı xatır­ladaq ki, dost dövlət Cənub Qaz Dəhlizi  təşəbbüsünü dəstəkləyir və bu layihəyə qoşulmaqla bağlı marağını daim diqqətə çatdırır. Macarıstanın Azərbayanın “yaşıl enerji” sahəsinə investisiya qoymaq niyyəti də var.

Əlavə edək ki, 2022-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 47,4 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.  2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Macarıstanla xarici ticarət dövriyyəsinin  həcmi 42 milyon 76,91 min ABŞ dolları olub. Bu göstərici 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,4 faiz çoxdur. Şübhəsiz, iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin  əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. Məlumat üçün bildirək ki, Azərbaycanda 20-dən çox Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir. Sözügedən ölkə Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. Yatırımların həcminə diqqət etdikdə açıq-aydın görünür ki, Macarıstan ölkəmizə daha çox sərmayə qoymaqda, iqtisadiyyatımızın inkişafına töhfə verməkdə maraqlıdır.

Qardaş ölkə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində də fərqlənir. Belə ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib. Cəbrayıl rayonunun Soltanlı kəndinin inşası da macar şirkətlərinin iştirakı ilə həyata keçiriləcək. Noyabrın 24-də bu kəndin təməlqoyma mərasimində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iştirak edib. O bildirib ki,  Azərbaycanla Macarıstan hökumətləri arasında əldə olunan razılaşmaya görə, Macarıstan şirkətləri Soltanlı kəndində aparılacaq yenidənqurma işlərinə öz töhfələrini verəcəklər. Şübhəsiz, Macarıstanın Qarabağda tikinti-quruculuq işlərinə belə dəstək verməsi əsl dostluğun göstəricisidir.  Bütün bunlardan əlavə, bu il yanvar ayının 23-də iki ölkə arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” da imzalanıb.

Noyabrın 23-də Prezident İlham Əliyevin SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak etmək üçün Bakıya gəlmiş Macarıstanın Baş naziri Viktor Orban ilə  görüşü, müzakirə edilən məsələlər bir daha göstərir ki, iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.  Bütün bunlardan belə qənaətə gəlmək olar ki, müxtəlif sahələr üzrə əməkdaşlıq hər iki ölkənin xarici siyasətinin əsas istiqamətlərindəndir. Uğur, inkişaf, qələbə də belə dostluqda, belə əməkdaşlıqdadır. Dünyada çox az sayda ölkə var ki, aralarında belə münasibətlər olsun. Elə bu kimi səbəblərdən bəzi Qərb dövlətləri bu iki dövlət arasındakı münasibətlərə qısqanclıqla yanaşırlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”