02 dekabr 2023 02:57
342

UNESCO-nun qara niyyətli missiyası…

Fransa BMT-nin bu təsisatını necə ələ keçirdi?

Son illərdə dünyada siyasi münasibətlərdə ayrı-seçkiliyin və ikili standartların dərinləşməsi UNESCO-nun da fəaliyyətinə sirayət edib. UNESCO sanki vaxtilə ATƏT-in Minsk qrupu davrandığı kimi davranır, vaxt udmaq naminə oxşar mövqe sərgiləyir. Mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələrə eyni diqqəti göstərməli olduğu halda UNESCO bu gün kimlərinsə maraqlarına uyğun olaraq açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Halbuki UNESCO hökumətlərarası təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməlidir.

Xəbər verildiyi kimi, bir müddət öncə UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. Rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər. Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESCO-nu maraqlandırmır. Beləliklə, UNESCO missiyası Ağdamı görməzdən gələrək Xankəndiyə səfər üçün israr etməklə öz ikili standartlarını növbəti dəfə aydın şəkildə ortaya qoymuş olur. Təşkilatın rəhbərliyi xidməti vəzifələrini və öhdəliklərini yerinə yetirərkən qurumun fəaliyyətinin başlıca prinsiplərini - dürüstlük, müstəqillik və qərəzsizlik tələblərini unudur. Sual olunur. İşğaldan azad edilmiş ərazilərdə dini və mədəniyyət abidələrinin monitorinqini aparmaq bu qədərmi çətindir? Qətiyyən. Ancaq burada başqa məqamlar var, Çünki UNESCO-nun missiyası azad edilmiş ərazilərə səfər edərkən erməni vandalizminin əl izləri olan ağlasığmaz vəhşiliklərin şahidi olacaq. Bax buna görə də, UNESCO azad edilmiş ərazilərə səfər etməyi yubadır. Ancaq işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi UNESCO-nu nədənsə çox narahat edir, Azərbaycan hökumətini erməni “mədəni irsinə” qarşı nəzakətli davranmağa çağırır. Azərbaycanın mədəni irsinin dağıdılması UNESCO-nu maraqlandırmır, ancaq ermənilərin böhtançı iddialarına dərhal reaksiya verirlər.

Rəsmi Bakı dəfələrlə UNESCO-nu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməyə və erməni işğalçılarının Azərbaycanın milli, dini və mədəni bəşəri dəyərlərinə qarşı vandallığın miqyasını dəyərləndirməyə dəvət edib. Son üç il ərzində UNESCO müxtəlif izahlarla öz missiyasını Qarabağa göndərməkdən imtina edib, işğaldan azad edilmiş ərazilərimizdəki vandalizmin miqyasını sənədləşdirməkdən yayınıb. İşğaldan azad etdiyimiz ərazilərdəki bütün şəhərlər, qəsəbələr, kəndlər, mülki infrastruktur, qədim abidələr, məscidlər, qəbiristanlıqlar, ümumilikdə isə azərbaycanlıların bütün bəşəri və mədəni irsi ermənilər tərəfindən tamamilə dağıdılıb. Dünyanın aparıcı KİV-lərinin müxbirləri və xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırırdılar. Dağıntıların miqyasından başqa arealı və strukturu da onu göstərir ki, bunlar döyüşlərin və ya bombardmanların nəticəsi deyil, Azərbaycana və azərbaycanlılara qarşı erməni vandalizminin nifrətinin ifadəsidir.

Qeyd edək ki, son illər UNESCO-nun fransalı Baş direktoru Odri Azulenin maliyyə maxinasiyaları haqqında istər beynəlxalq KİV-lərdə, istərsə də Azərbaycan mediasında kifayət qədər ciddi məlumatların əks olunduğu yazılar yer almaqdadır. Yazıların birində isə Odri Azulenin üzv dövlətlərin İcraiyyə Şurasına seçimlərinə təsir etmək üçün təşkil etdiyi siyasi hiylələr barədə ətraflı məlumatlar var. Baş direktor Odri Azulenin seçiləndən bəri UNESCO-nun nizamnaməsinə, eləcə də mandatına məhəl qoymadan fəaliyyət göstərməsi adi hal alıb. Keçən il məhz O.Azulenin yanlış idarəçiliyi, üzv dövlətlərin ayırdığı vəsaitlərindən şəxsi maraqları üçün sui-istifadəsi, nizamnamə qaydalarına hörmətsizliyi, Fransanın milli hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi səbəbindən onun kənarlaşdırılması üçün mövcud mexanizmlərin işə salınması cəhdləri həyata keçirildi. Nəticədə isə Baş direktora gələcəkdə UNESCO-nu Fransanın alt təşkilatı kimi idarə edəcəyi halda ciddi intizam cəzasına məruz qalacağı ilə bağlı xəbərdarlıq edildi. Ümumiyyətlə, Fransanın öz nümayəndələrini yerləşdirməklə BMT təsisatlarını ələ keçirməsi təcrübəsinin tarixi qədimdir. Nümunə üçün qeyd edək ki, hələ bu haqda 2000-ci illərdə “The Guardian” faktoloji araşdırma paylaşmışdı. Nəşrin əldə etdiyi özəl sənədlər göstərir ki, iki fransız nazir UNESCO-nun katibliyinə birbaşa müdaxilə edərək keçmiş prezidentin köməkçilərinə Parisdə yerləşən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatında rahat şəkildə yüksək vəzifələr verilməsini təmin ediblər. “The Guardian”ın dərc etdiyi sənədlərdə göstərilir ki, bütün bunlar adı səmərəsizlik, dostluq və korrupsiya ilə sinonimləşən UNESCO-nun üzvlüyündən vaxtilə Birləşmiş Ştatların və Böyük Britaniyanın çıxmasına səbəb olmuşdu.

Göründüyü kimi, UNESCO-dakı idarəedici orqanlar müstəqil şəkildə idarə edilmək əvəzinə uzun illərdir Fransanın təsiri altındadır. Bu vəziyyət son günlərdə daha da pisləşib. Belə ki, O.Azule heç bir səlahiyyəti olmadan suveren üzv dövlətlərin UNESCO-da nümayəndə təkliflərinə və seçkilərinə veto hüququ tətbiq edir. Bu, əslində ciddi narahatlıq doğuran məsələdir. Çünki xanım Odri Azulenin mövcud qaydalara və təcrübələrə əməl etməməsi qurumun etikasını təhlükə altına alır. Bu da Azulenin mandatı altında ədalətli və demokratik seçki prosesinin bütövlüyünə üzv dövlətlərin inamını sarsıdır.

Sevinc Azadi, “İki sahil”