30 noyabr 2023 18:48
191

Siyasi sabitlik amili

Noyabr ayının 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir.

Dövlətimizin Başçısı çıxışında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə SPECA-ya Azərbaycanın sədrlik etdiyini, ölkələrimiz arasında hərtərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. İlk dəfə baş tutan SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirdi. Cənab Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu göstərərək Onun dəvətilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaqlar qismində iştirak etdiyini bildirdi.

Cənab Prezident İlham Əliyev çıxışında söylədi ki, SPECA yaranarkən üzv ölkələrin dövlət müstəqilliklərini yeni qazanmışdılar. İlk dövrlərdə bir çox problemlər yaşansa da, artıq bu dövlətlərin suverenliyinin möhkəmləndirdiyini, iqtisadi cəhətdən sürətlə inkişafını və siyasi sabitliyin təmin edildiyini vurğuladı. Dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin vüsət aldığı dövrdə sülhün, sabitliyin, əmin-amanlığın hökm sürməsini, quruculuq proseslərinın uğurlu inkişafını “dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğuru” kimi qiymətləndirdi.

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələrin bağladığını xatırladan Dövlətimizin başçısı Azərbaycanın və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan “vahid tarixi-mədəni və geosiyasi məkan” kimi dəyərləndirdi.

Cənab Prezident çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətindən danışarkən müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizinın Ermənistan tərəfindən işğal edildiyini, nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğunu xatırlatdı. Otuz ilə yaxın aparılan danışıqların 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması ilə nəticə verməyəcəyi göstərdi. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özü təmin etdi.

Dövlətimizin Başçısı bu ilin sentyabrın 19-20-də Qarabağda baş tutmuş antiterror tədbirlərinə toxunaraq bizləri buna Ermənistanın hər zaman öz öhdəçiliyini yerinə yetirmədiyini, Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingentini saxlaması vadar etdiyini bildirdi.  Cəmi bir gün ərzində Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyuldu.  

Qarabağda aparılan quruculuq işlərindən bəhs edərkən cənab Prezident İlham Əliyev şəhər və kəndlərin sıfırdan inşa edildiyini, “Böyük Qayıdış” Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaqlarını bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu işdə ölkəmizə dəstəyə görə Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbə və  gələn il Füzulidə açılacaq Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzinə görə dövlətl başçıları Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə təşəkkürünü bildirdi.  

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri